Dünya əhalisinin 15 faizi əlildir
Bizi izləyin

Qırmızı.az

Dünya əhalisinin 15 faizi əlildir

Hazırda dünya əhalisinin təxminən 15 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrdə yaşayır. Azərbaycanda isə əhalinin 5,6 faizi, yəni 530 min nəfər əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır.

Publika.az-ın məlumatına görə, əlil insanlara qayğının artırılması, problemlərinin həlli üçün hər il dekabrın 3-ü bütün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən Beynəlxalq Əlillər Günü 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunur.

Ölkəmizdə əlilliyin artmasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin rolu olub. Respublikamızın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar döyüşlərdə 12 minə yaxın vətəndaşımız əlil olub. Ayrı-ayrı xəstəliklərin müalicəsinin düzgün və ya vaxtında aparılmaması onların ağırlaşaraq əlillik vəziyyətinə çevrilməsinə şərait yaradıb. Anadangəlmə və müalicəsi mümkün olmayan xəstəliklər, yol qəzaları və texnogen qəzalar zamanı alınan zədələr, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında və sovet qoşunlarının tərkibində Əfqanıstanda hərbi əməliyyatlarda iştirak etmək əlilliyə gətirib çıxaran səbəblərdir.

Əlillərin həyat şəraitinin yaxşılaşdırılması üçün müəyyən addımlar atılır.

Bu ilin son 9 ayında bir sıra rayonlar üzrə 172 nəfər müharibə əlili və şəhid ailəsi mənzillə təmin edilib. 2014-cü il yanvar ayının 1-dək mənzil növbəsinə dayanmış 5731 nəfər əlil və şəhid ailəsi də 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin ediləcək.

Əlillər üçün paytaxtında və bölgələrində yerləşən 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Bu il həmin müəssisələrdə 5882 nəfərə bərpa-müalicə xidməti göstərilib.

Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı müvafiq proqram hazırlanaraq həyata keçirilib. Proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm