Baş Polis İdarəsi yol polisinin həbsini təkzib edir
Bizi izləyin

Qırmızı.az

Baş Polis İdarəsi yol polisinin həbsini təkzib edir

Bakı şəhər Baş Polis İdarəsi Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşının rüşvət üstündə həbs olunması barədə xəbəri təkzib edib. İdarədən Avtosfer.az saytına verilən məlumata görə, DYPŞ-nin inspektoru Rəşad Quliyev vəzifə səlahiyyətlərini aşaraq rüşvət alarkən «iş başında» yaxalanması xəbəri yalandır: «Belə bir fakt qeydə alınmayıb. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin məsələ ilə bağlı araşdırma aparıldı və qeyd olunan şəxsin həbsinə dair informasiya təsdiqini tapmadı. Nəsimi DYPŞ-də Rəşad Quliyev adli işçi yoxdur».

Qeyd edək ki, Avtosfer.az saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Rəşadən Quliyevin Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində həbs olunduğu barədə məlumat yayımışdı. Bildirilir ki, Rəşad Quliyev avtoxuliqanlıq əməlinə görə Nəsimi rayon DYPŞ-nin rəisi Taləddin Axundov tərəfindən saxlanılan sürücüdən 500 manat rüşvət istəyib. Sürücü bu barədə hüquq-mühafizə orqanlarına məlumat verib və əməliyyat planı hazırlanıb. Əməliyyat nəticəsində R.Quliyev həmin sürücüdən rüşvət alarkən iş otağında həbs olunub.

Məlumata görə, Rəşad Quliyev uzun illərdir Nəsimi rayon DYPŞ-də çalışır və şöbə rəisi Taləddin Axundovun yaxın adamı kimi tanınır. Bu yaxınlarda çavuş rütbəsindən leytenant rütbəsinə yüksələn Rəşad Quliyevin karyerası elə leytenant olaraq bitdi. Hazırda faktla bağlı araşdırma aparılır. Bildirilir ki, Rəşad Quliyev Nəsimi DYPŞ-də "Beko" ləqəbi ilə tanınır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm