Parça-parça olan əsgərin cibindəki bulkalar...” - Foto
Bizi izləyin

Qırmızı.az

Parça-parça olan əsgərin cibindəki bulkalar...” - Foto

Axar.az-ın “Cəbhə xətti” layhəsinin bugünkü qonağı Akif Nağıyevdir.

1955-ci il iyul ayının 1-də Ağdamın Baş Qərvənd kəndində anadan olub. Xalq Təsərrüfatı İnstitutunu bitirib. Sovet Ordusu sıralarında xidmət edib. 1985-ci ildə Ağdama qayıdıb, müxtəlif vəzifələrdə çalışıb. 1988-ci ildən Xalq hərəkatına qoşulub. 1990-cı ildən isə torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Ehtiyatda olan zabitdir. Ailəlidir, üç övladı var.

Akif bəylə o günlərə birlikdə səyahət etdik:

İlk milli qəhrəmanlar bizim batalyondan çıxmışdı

- Belə qərara gəldim ki, artıq Qarabağa getmək, düşmənlə vuruşmaq lazımdı. Onsuz da yetərincə siyasətlə məşğul olan vardı. Ona görə də döyüşə yollandım, Xalq Cəbhəsinin batalyonunda qərarlaşdım. Bu batalyon deputat Eldar Bağırovun adı ilə tanınırdı. O rəhmətə getdikdən sonra isə yolunu qardaşı Allahverdi Bağırov davam etdirdi. Batalyonda vuruşanların hamısı könüllülər idi. Burada Azərbaycanın hər yerindən olan cəbhəçiləri görmək mümkün idi. Onlar doğrudan da qəhrəman idilər. Bu, danılmaz faktdır. Balakən, Zaqatala rayonunun ayrıca rotası vardı. Hər iki rayonun icra başçıları hər həftə döyüş yerinə gəlir, döyüşçüləri yoxlayır, ərzaqla təmin edirdilər. Onlar döyüşçülərin ailəsinə də kömək edirdilər. Ən gözəli bu idi ki, döyüşçülərimiz təmənnasız döyüşürdü.

Bilirsiz, o dövrdə vəziyyət başqa cür idi. Hər kəs torpağını, Vətənini qorumağa gəlmişdi. Bu, həqiqətən də, elə idi. Biz qəhrəmancasına döyüşdük. Milli Qəhrəmanımız Allahverdi Bağırov, Nizami həkim, Gültəkin Hacıyeva döyüşlərdə şəhid oldu. İlk milli qəhrəmanlar bizim batalyondan çıxmışdı.

Bir dəfə Biləcəridən 80 nəfər gənci döyüşə apardım. Onların 78 nəfəri fəhlə balası, biri müəllim, biri isə tələbə idi. O vaxt yazmışdım ki, bəs hanı, axı deyirdilər ki, vətən hamı üçündür?

Əsgərlər ac idi

- O vaxt Milli Qəhrəman, rəhmətlik Şirin Mirzəyev batalyona təlim keçirdi. Amma əsgərlərimizin silahı yox idi. General Bərşadlı bir dəfə batalyona gələrək, hamını topladı, bildirdi ki, silah gətirilib, hər kəs silahla təmin ediləcək. Doğurdan da, silah sarıdan çox əziyyət çəkirdik. Hamı bilir ki, ilk batalyon 1992-ci ildə Ağdamda yarandı. Təlimlər öz sözünü deyirdi, sonra bizi silahla da təmin etdilər. Nəhayət, Əsgəran rayonuna, Xocalı camaatına kömək məqsədi ilə bir əməliyyatımız oldu. Biz Əsgərana girdik, döyüşə-döyüşə Pivzavod deyilən yerə kimi getdik. Həmin döyüş zamanı Dadaş Rzayev də gəlmişdi. Bir xeyli irəlilədik. Əsgəranın yarısını almışdıq. Amma arxadan kömək gəlmədi. Əsgərlər də ac idi. Məcbur olduq, hava qaralanda geri çəkildik. Bütün əziyyətimiz boşa çıxdı. Mənim üçün bu, unudulmayacaq ən böyük xatirədir.

3 kəndi düşməndən geri aldıq

Bir xatirə də danışım: Naxçivanik uğrunda güclü döyüşlər oldu. Döyüşə bir batalyonla girdik. Bu mümkünsüzdür ki, bir batalyonla 3 kəndi düşməndən geri alasan. Amma biz bunu bacardıq. Əsgərlərimizin qəhrəmanlığını unutmaq olmaz. Araspur, Naxçıvanik, Pircamal kəndlərini azad etmişdik. Düşmən çoxlu itki verirdi. Sağ qalanları da kəndləri qoyub qaçdılar. Amma bizdən də minaya düşənlər oldu. Allahverdi Bagırov, Nizami həkim, Bəylər məhz bu döyüşdə şəhid oldu. Sonra sentyabr ayının ortalarında mühasirəyə düşərək geri çəkildik.

1993-cü ildə mənə xəbər verdilər ki, Ağdamın Mərzili kəndinə hücum olub. Daha sonra isə çox qısa müddətdə Ağdam rayonu işğal olunub. Mən hələ də düşünürəm ki, bu qədər qısa vaxtda necə oldu bu yerlər əlimizdən getdi?

Çox ağır, vahiməli döyüş idi

Batalyonda ehtiyatda olan bir polkovnik vardı - Barat Quliyev. 62 yaşı vardı. Əsl zabit idi. Batalyonumuzun yaranmasında onun xidmətləri çox idi. Bir dəfə o, bir hücum planı hazırladı. Ermənilər yüksəklikdə, biz isə aşağada idik. Bu vəziyyətdə döyüşmək çox çətin idi. Amma komandir əsgərləri elə şəkildə cərgəyə düzdü ki, hücum zamanı ermənilər elə bildi, biz böyük qüvvəylə hücuma keçmişik. Amma əclaflar o yüksəkliyə tanklar yerləşdirmişdilər. Mövqeni əldən vermək istəmirdilər. Araz adlı komandirimiz vardı, oğlu da onunla birlikdə döyüşürdü. İkisi də çox mərd insanlar idi. Bu, çox təsirli idi - atayla oğulun birlikdə döyüşməsi! Orda öncə komandir Araz, sonra oğlu şəhid oldu. Oğlunun meyitini üç gün sonra tapdıq, ailəsinə təhvil verdik. Düşünün, bu döyüşü filmlərdə belə çəkə bilməzdilər. Çox ağır, vahiməli döyüş idi. Texnikamız yox idi, düşmən isə tankla gəlirdi. Biz pulemyotla tankın qabağına çıxırdıq. Amma nə edək, şəhid olmaq hər kəsə qismət olmur, bu bir şərəfdir.

Daş karxanasından gələn zabit

Daha bir xatirə:

Ağdamın Paprəvənd kəndində “Qlobus” deyilən bir yer var. Bir dəfə Talıb Məmmədov zəng elədi ki, orda vəziyyət yaxşı deyil. Ora Daxili Qoşunların əsgərləri nəzarət edirdi. Onların komandiri də Fəhmin Hacyev idi. 30 nəfər döyüşçü götürüb getdim köməyə. Mən çatanda baxdım ki, əsgərlər tab gətirməyib, geri çəkiliblər. Bizim yanımızda Yura adlı biri vardı. Vaxtilə Sovet ordusunun zabiti olmuşdu. Yaxşı döyüşçü idi. Sonra onu haqsız yerə həbs edib hərbidən uzaqlaşdırmışdılar. Demək, o, Bakıda bir karxanada daş atırdı. Bir dostum dedi ki, maaşını da mən verəcəm, silahları yaxşı bilir, bunu aparın, sizə kömək etsin. Gerçəkdən də bizə döyüşlərdə çox köməyi dəydi. Elə silahlar vardı ki, çox adam ondan necə istifadə etməyi bilmirdi, amma o, əla bilirdi. Nə isə, düşmən artıq bu yüksəkliyi almaq üzrəydi. Mən maşınla Yuranı ora aprdım. Qarşımıza gələn bir tankı və bir “Kamaz” maşınını anında vurdu. Ermənilər təşvişə düşdü, geri qayıtdı. Orada Vəzir adlı bir qəhrəmanımız şəhid oldu. Yuranın sayəsində biz onun da meyitini pulemyotuyla birlikdə oradan götürdük.

Mərzilini qarət ediblər

Bir dəfə də Qarakənd ətrafında dəhşətli döyüşlər gedirdi. Ermənilər tanklarla bizə tərəf gəlirdi, bizim də cəmi iki topumuz vardı. Alçaqlar hər iki topçumuzu elə vurdular ki, onların bir tikəsini belə tapıb ailəsinə verə bilmədik ki, heç olmasa, dəfn etsinlər. Onların cibindəki bulkalar da un ovuğu olmuşdu. Bunu deməklə olmur ey, gərək gözünlə görəsən...

Bir dəfə də güclü atışma oldu, ermənilər Mərzili kəndinə girdi. Amma bir az döyüşdükdən sonra geri çəkildilər. Mən üç əsgər götürüb getdim, Mərziliyə girib baxdıq ki, ermənilər çəkilib, amma bir tank naşılıq edib orda daş körpü deyilən yerdən keçəndə aşıb, iki erməni əsgəri qalıb tankın altında. Biri də ölüb. Əsgərləri isə kəndi qarət edib gediblər.

Biz belə xəyanətləri çox yaşamışıq

Bir dəfə əmr gəldi ki, sabah Ağdama hücum edəcəyik. Əsgərlərimizin bir xüsusiyyəti vardı, səhəri gözləmirdik ki, qırıcılarımız haranısa bombalasın. Erməni gecələr qorxaq olur axı, gizlənir kazarmada. Biz də bundan istifadə edib gecə yatmır, düz erməni səngərinin 20 metr yaxınlığına qədər gedib dirənirdik. Səhər olan kimi hücuma keçirdik. Nə isə, erməni yatıb, biz artıq ermənin səngərindəyik. Anidən əmr gəldi ki, geri çəkilin. İndi düşünün, bir qrup gecədən gedib, səngərdədir. İndi bunlar Ağdamın aran düzündən geriyə necə çəkilsinlər? Artilleriya yox, tank yox, ermənilər bunları qıracaq da. Nə isə, bu əsgərləri də öz gücümüzə ordan çıxardıq. Biz belə xəyanətləri çox yaşamışıq.

Rus zabitləri – erməni kəşfiyyatçısı

Bir dəfə də mənə dörd kəşfiyyatçı rus verdilər ki, bunlar inanılmış ruslardı. Bunlardan da birini tanıyırdım, güvənilən adamdı. Onu Ağdama gedəndə görmüşdüm ki, bizim öz əsgərlərimizə dirənib ki, hara qaçırsız? Vətəni qoyub hara gedirsiz, geri dönün! Bu dərəcədə güvənilən adamdı. Bu da unudulmayacaq hadisə idi - rus olasan, bu qədər sadıq olasan, bu, dogurdan da çox gözəl idi! Müəyyən müddətən sonra bunları kəşfiyyatçı bölüyünə götürdüm. Bir gün bir komandir gəldi, mənə dedi ki, bu üç nəfərdən leytenant olanı özünü əsil kəşfiyyatçı kimi aparır. Həm də samboçudur, bizim bütün əsgərlərin qolunu qatlayır. Nə isə, bir gün bunları göndərdim kəşfiyyata, öz əsgərimizdən də birini qoşdum bunlara. Getdilər, amma geri dönmədilər. Mən də öz-özümə sevinirəm ki, bu rus leytenant güclüdür, yəni düşmənlə əlbəyaxa döyüşdə layiqli cavab verər də. Hardan bilim ki, bu, erməni kəşfiyyatçısıymış? Sonradan məlum oldu ki, onlar əsir düşüblər. Onlardan ikisi erməni kəşfiyyatçısı imiş, iki rusun isə ölüsü-dirisi bilinmədi. Bizim əsgərsə yaralıymış əsir düşəndə.

Erməni gülləsindən də ağır söz

Nəhayət, sonuncu döyüşüm Ağdama hücum ediləndə oldu. Ermənilər bizi artillerya atəşinə tutdular. Elə bilirdim ki, düşmən mənim durduğum yeri bilmir. Biz qazmadaydıq. Ərazilərə baxırdıq ki, bizi orda tankla vurdular. İnan, elə bildim ki, başım bədənimdən ayrılıb. Qışqırdım, köməyimə gələn olmadı. Sürünüb qazmadan çıxdıqdan sonra səsimə gəliblər. Məni hospitala apardılar. Gözlərim tutulmuşdu, nəfəs ala bilmirdim. Ay yarım hospitalda yatdım. Mənə dedilər ki, o vaxtın pulu ilə milyon yarım rüşvət ver, səni salaq əlillik qrupuna. Bu, mənə erməni gülləsindən agır dəydi. Dedim ki, əşşi, mən 3 azyaşlı uşağı evdə qoyub döyüşməyə getmişəm. Məni erməni vurub bura düşmüşəm. İndi sən nakişilik edib rüşvət istəyirsən? Nə isə, təsəvvür edin ki, mən hələ indi təqaüdə çıxmaq üçün sənədlərimi vermişəm. Hal-hazırda arıçılıqla məşgulam, ailəmi dolandırıram. Qaçqın statusum olsa da, 20 ildir kirayələrdə yaşayıram. Heç bir imtiyazdan yararlanmıram. Qaçqınlara verilən bütün yardımlardan da imtina etmişəm.

Nihad Cəbrayıl

Oxumağa davam et
Reklam
Reklam

Gündəm