• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Anam da, 3 yaşlı qızım da gözlərini mənə dikiblər”- BİR ƏLİLİN FƏRYADI - FOTOLAR

“Anam da, 3 yaşlı qızım da gözlərini mənə dikiblər”- BİR ƏLİLİN FƏRYADI - FOTOLAR

Bu hadisə Britaniyada baş vermişdi. İngiltərə parlamentinin binasına doluşan əlillər deputatlardan bir sıra məsələlərin tezliklə həllini tələb etmiş, qanunverici orqanın binasında səs-küy yaratmışdılar. Əlillər parlamentarilərdən onların arabalarına oturmağı, özlərini bir neçə saatlıq gəzmə qabiliyyətini itirmiş şəxslər kimi aparmaqla bu qəbildən olan insanların nələr çəkdiklərini hiss etmələrini istəmişdilər. Həmin gündən indiyə kimi Britaniya parlamenti əlillərlə bağlı qanunları onların iştirakı olmadan qəbul etmir.

Qeyd edək ki, bu gün Beynəlxalq Əlillər Günüdür. Dünyanın bütün dövlətləri 3 dekabrı fiziki cəhətdən qüsurlu şəxslərin günü kimi qeyd edir. Beynəlxalq təşkilatların hesablamalarına görə, indi dünyada hər 10 insandan birinin fiziki çatışmazlığı var. Əlilliyi olan insanların 20 faizinin dünyanın inkişaf etməkdə olan dövlətlərdə yaşadıqları bildirilir.

Şübhəsiz ki, cəmiyyətin diqqətə və qayğıya, köməyə və yardıma ehtiyacı olan insanları ölkəmizdə də yüzlərlə, minlərlədir. Hər il dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, görüləsi işlər hələ də çoxdur.

Yeganə arzum budur ki...

Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində yaşayan Alı Hüsüyev də diqqətə və qayğıya ehtiyacı olan vətəndaşlarımızdan biridir. O, hər gün bir neçə saat “Əhmədli” metrostansiyasının qarşısında dayanaraq, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərdən yardım, kömək umur. O, səhər saat 8-də öz arabası ilə bura gəlir. Metrostansiyanın giriş hissəsində dayanaraq yeraltı keçiddən keçib-gedən insanları baxışları ilə yola salır. Arabanın üstündəki kiçik sellofan kisə onun maddi sıxıntı içində yaşamasına işarədir. Yanından ötüb-keçənlər qəpik-quruşları, bəziləri isə manatlıqları bu kiçik kisənin içinə atırlar. Çətinliklə danışan Alı isə onlara öz təşəkkürünü başını tərpətməklə bildirir.

Dünən onunla söhbət edərək qayğıya ehtiyacı olan bu insanın problemləri ilə maraqlandıq. Alı bildirdi ki, hər gün yağışlı, soyuq havalarda “Əhmədli” metrostansiyasının qarşısında saatlarla dayanmasının əsas səbəbi insanlardan diqqət və qayğı görməkdir: “37 yaşım var. Uzun illərdir burada dayanıram. Təxminən 20 ildən çoxdur. Adamlar sağ olsun, kömək edirlər. İşə gedən, işdən gələnlər hörmət edirlər. Bəziləri 20, 30, 50 qəpik verir, 1 manat verənlər də olur”.

Söhbətimizin bu yerində metrostansiyanın keçidinə düşməyə hazırlaşan sərnişinlərdən biri Alıya 5 manat uzatdı. Lakin onun əllərini çətinliklə idarə etdiyini görüb manatlığı kisəyə qoydu. Səhər saat 9 radələri olmasına baxmayaraq o, artıq bir qədər pul yığa bilib. Alı sol əlini uzadaraq manatlıqları döş cibinə qoydu. “Belə soyuq havada üşümürsənmi?” sualımıza əyninə qalın paltar geydiyini bildirməklə cavab verdi. Əlavə etdi ki, ailəli olub: “Əvvəllər evlənmişdim. İndi üç yaşlı qızım var”. Barmağını sevgiylə telefonunun ekranındakı körpə uşağın şəklinə uzadır.”Əvvəllər niyə?” – sualımıza cavabında çətinliklə də olsa bildirdi ki, həyat yoldaşı onu atıb gedib: “Qızıma anam baxır. Atam yoxdur, vəfat edib. Bacım da evdədir. Ailə qurmayıb. Bacımın 36 yaşı var”.

Məlum oldu ki, ailədə heç kim işləmir. Yeganə “işləyən” Alı özüdür. Anası da, 3 yaşlı qızı da, 36 yaşlı bacısı da hər gün səhər evdən çıxıb bir neçə saat sonra geri qayıdan Alının əlinə göz dikiblər. Həmsöhbətim bildirdi ki, əvvəllər daha çox maddi sıxıntı yaşayırdı: “4-5 ay bundan əvvəl əlilliyə görə cəmi 60 manat pul alırdım. 3-4 aydır 120 manat alıram. Sağ olsunlar qonşularım, onlar da bizə kömək edirlər. Evdə heç kim işləmir. Hər gün, şükür ki, az da olsa pul qazana bilirəm. Allaha şükür edirəm”.

Yerimə qabiliyyətini itirmiş, çətinliklə danışan müsahibim bu məhrumiyyətlərə baxmayaraq, yenə də Allahdan çox razıdır: “Anadangəlmə əliləm. Yeganə arzum budur ki, balaca köşküm olsun. Çox istərdim, kiçik bir köşk versinlər mənə. Dövlətdən ancaq bunu istəyirəm. Heç olmasa, az da olsa çörək pulu qazanım”.

Onun gündəlik həyatı olduqca məşəqqətlidir. Hər gün burdan mənzilinə özü gedir: “Doqquzmərtəbəli binanın birinci mərtəbəsində yaşayıram. Hər gün evə özüm gedirəm. Binanın pilləkənlərini tutacaqlardan tutub özüm qalxıram”.

Həyatın bir sıra çətinliklərini yaşayan bu insanla qısa söhbətimizdə onun gündəlik hansı məhrumiyyətlərlə, çətinliklərlə üzləşdiyini qiyabi də olsa təsəvvürümüzdə canlandırdıq.

Əlillər Cəmiyytətinin rəsmisi: “Təəssüf ki, bəzən əlilliyi olan insanlar nəzərə alınmır”

Azərbaycan Əlillər Cəmiyyətinin Yasamal Rayon Əlillər Təşkilatının sədri, “Duyğu” Sosial Reabilitasiya İctimai Birliyinin rəhbəri Təranə Şövkət bildirdi ki, ölkəmizdə gəzmə, yerimə, eşitmə qabiliyyətini itirmiş on minlərlə insan var: “Onların sayı təxminən 530 minə yaxındır. Bu insanların problemləri hər sahəyə görə müxtəlifdir. Yəni sosial, təhsil və digər sahələr üzrə çətinliklər yaşayırlar. Şəhərimizdə yeni binalar inşa olunur, tikililər istifadəyə verilir. Təəssüf ki, bunların bir çoxunda, o cümlədən yeraltı, yerüstü keçidlərin inşasında əlilliyi olan insanlar nəzərə alınmayıb. Quraşdırılan avadanlıqların bir çoxu isə standartlara uyğun deyil. Buna görə də əlillərin keçidlərə düşmələri, yaxud qalxmaları mümkün deyil”.

Əlillərlə bağlı problemlər bununla yekunlaşmır. Əfsuslar olsun ki, bu gün bəzilərimiz bu qəbildən olan insanları kar, kor və başqa xoşagəlməz adlarla çağırırdıq: “Təəssüf ki, onlar barəsində karlar, korlar, fiziki qüsuru olan insanlar kimi ifadələr səsləndirirlər. Ölkəmiz bir neçə il əvvəl BMT-nin əlillərlə bağlı konvensiyasına qoşulub. Konvensiyanın əsas tələblərindən biri etik qaydalara və normalara riayət edilməsindən ibarətdir. Kor sözünü işlətmək təhqirdir. Yaxşı olar ki, belə insanlara görməsində problem olan şəxslər deyilsin. Yaxud lal, kar ifadələri də təhqir hesab olunur. "Əlilsən" sözünü demək özü də yolverilməzdir. Əlilliyi olan şəxs sözündən istifadə edilməsi müəyyənləşdirilmiş qaydalardan biridir. Onlar bizdən qayğı, diqqət tələb edirlər. Bu qəbildən olan insanlar cəmiyyətin ən həssas nümayəndələridir. İnfrastruktur, habelə digər məsələlərdə qanunlarımız mövcud şəraitə uyğunlaşdırılmalıdır”.

Əlillərin sosial problemlərinin həlli ilə bağlı bir sıra təkliflər Milli Məclisə, Prezident Administrasiyasına və digər dövlət orqanlarına göndərilib.

Anar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR