“Ölüm körpüsü”ndə intihar şouları – tikanlı məftil, gücləndirilmiş nəzarət, göydələn...
Bizi izləyin

Qırmızı.az

“Ölüm körpüsü”ndə intihar şouları – tikanlı məftil, gücləndirilmiş nəzarət, göydələn...

Dünən axşam saatlarında yenə də “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpüdə növbəti intihar şousu yaşandı.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının danışıqları nəticəsində bu körpüyə çıxan və özünü atacağını deyən şəxs fikrindən daşındı. Son vaxtlar dəfələrlə təkrarlanmış belə hallar bir daha onu göstərir ki, problemlərlə üzləşmiş bəzi insanlar intihara cəhd üçün məhz buranı ünvan seçirlər. Özü də qəribədir ki, onların yaxınları, ailə üzvləri bu olaydan əvvəldən xəbər tuturlar. Bütün bunlar bəzi intihara cəhd hallarının əvvəldən planlaşdırıldığını göstərir. Lakin problemin mahiyyəti bununla bitmir. Məsələ burasındadır ki, bu cür xoşagəlməz hallara cəhd nəticəsində nəqliyyatın sıx olduğu “Koroğlu” metrostansiyasının yaxınlığındakı ərazidə böyük tıxaclar yaranır. Elə nəqliyyatın dünən axşamkı sıxlığı da növbəti belə hadisə idi.

Bəziləri, o cümlədən Milli Məclisin deputatı Etibar Hüseynov təkliflə çıxış edərək bildirib ki, gediş-gəlişin çox olduğu bu əraziyə giriş məhdudlaşdırılmalıdır. Millət vəkilinin sözlərinə görə, vəziyyətdən də çox sadə çıxış yolu var. Bu da körpünün hər iki tərəfdən tutacaqlarının təxminən 1 metr məsafədə tikanlı məftillərlə sarımaqdan ibarətdir.

Polis intihara cəhdin artması ilə əlaqədar sayıqlığını daha da artırıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovnik-leytenantı Ehsan Zahidov bildirdi ki, polis əməkdaşları “Koroğlu” metrostansiyasının qarşısındakı körpüdə bəzi vətəndaşların intihara cəhd hallarının nəzərə alıb sayıqlıqlarını bir qədər də artırıblar: “Polis əməkdaşları xidməti ərazidə nəzarəti gücləndiriblər. Asayiş keşikçiləri son vaxtlar orada intihara cəhd hallarının artması ilə əlaqədar sayıqlıqlarını daha da artırıblar”.

Həmin ərazidə xidmət aparan asayiş keşikçiləri – post-patrul xidmətinin əməkdaşları intihara cəhd amillərinə də diqqət yetirirlər. Polislər belə halların bir daha baş verməməsi üçün lazımi tədbirləri görürlər.

Körpüyə girişin məhdudlaşdırılması çıxış yolu deyil

Bir çoxları isə hesab edir ki, “Koroğlu” metrostansiyasının qarşısındakı körpüyə nəzarətin gücləndirilməsi və ya həmin əraziyə girişin məhdudlaşdırılması vəziyyətdən çıxış yolu deyil. Məsələn, Milli Məclisin deputatı Fazil Mustafanın fikrincə, “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün intihar etmək istəyən şəxslər üçün məhdudlaşdırılması, ərazinin onların üzünə bağlanması vəziyyətdən çıxış yolu deyil: “Məncə, bu məsələnin səbəblərinin aydınlaşdırılması üzərində çalışmaq lazımdır. “Koroğlu” körpüsünə girişin məhdudlaşdırılması çıxış yolu deyil. Çünki belə olduqda intihar etmək istəyən şəxslər öz məqsədlərini çoxmərtəbəli binaların damına çıxaraq reallaşdıracaqlar. Yəni, belə insanlar çıxış yolunu özlərinə qəsd etməkdə görürlər. Elə etmək lazımdır ki, insanlar müəyyən məsələlərdə ədalətin bərpa olunmasına inamlarını itirməsinlər. Başqa məsələlərdə də eyni qayda üzrə addımlar atılmalıdır. Bu, sosial problemdir. Onun həlli yollarını araşdırmaq lazımdır. Əks təqdirdə, iradəsi zəif, dini inancları yetərincə olmayan insanlar belə addımları atmaqda davam edəcəklər”.

Milli Məclisin deputatının sözlərinə görə, dini inancları zəif olan insanları belə yollarla öz niyyətlərindən daşındırmaq mümkün ola bilər.

Psixoloq Dəyanət Rzayev də “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünün qapanmasını vəziyyətdən çıxış yolu hesab etmir: “Nyu-Yorkda “Bruklin” körpüsü var. Hər gün ordan da bəzi insanlar özlərini atıb intihar edirlər. Bu, əslində hansısa problemin mövcudluğundan xəbər verir. Əslində isə, hər hansı cinayət baş verməzdən əvvəl onun qarşısını almaq, profilaktik tədbirlər görməklə məsələni həll etmək lazımdır. Profilaktika olmadığı təqdirdə, təbii ki, belə olmalıdır. Hesab edirəm ki, həmin insanları dinləyib onların problemləri ilə maraqlanmaq lazımdır. İntiharlar artmağa doğru gedir. Tutaq ki “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünü bu insanların üzünə bağladılar, bəs ailələrin dağılması, insanların özlərinə qəsd etmələri, habelə digər problemli məsələləri kim həll edəcək? Problem niyə var? Səbəb nədir? Bunu aydınlaşdırmaq və önləyici tədbirləri həyata keçirmək lazımdır. İndi intihar etmək istəyən kişilər daha çoxdur. Əvvəlki dövrlə müqayisədə, təəssüf ki, uşaq intiharları da artıb”.

Onun sözlərinə görə, bu baxımdan “Koroğlu” metrostansiyasının yaxınlığındakı körpünü bağlamaq problemin həlli yolu deyil: “Nyu-Yorkdakı “Bruklin” körpüsündə bunun xüsusi xilasedicilər ayrılmışdı ki, insanlar özlərini aşağı atanda onları sudan çıxarıb həyatlarını xilas etsinlər. Başqa sözlə desəm, “Koroğlu” metrostansiyasının yanındakı körpünü bağlasaq, bəziləri gedib özlərini avtomobillərin altına atacaqlar”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm