• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Xaricdəki azərbaycanlıların danışıq dili araşdırılacaq

Xaricdəki azərbaycanlıların danışıq dili araşdırılacaq

Gələn il xarici ölkələrdə yaşayan azərbaycanlıların danışıq dili ilə bağlı araşdırmalara başlamaq nəzərdə tutulur.

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun Sosiolinqvistika və dil siyasəti şöbəsinin müdiri Mayıl Əskərov deyib.

Onun sözlərinə görə, indiyədək xaricdə yaşayan azərbaycanlıların danışıq dili xüsusi tədqiqat obyekti olmayıb.

M.Əskərov bildirib ki, institutun Dil tarixi və dialektologiya şöbəsinin “Azərbaycanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədiqiqi”, “Gürcüstanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədqiqi və “Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların dialekt və şivələrinin tədqiqi” adlı xüsusi layihələri var.

Onun sözlərinə görə, adıçəkilən şöbə ilə birlikdə Gürcüstanda və İranda aparılacaq tədqiqatlara qoşulmaq fikrindədirlər. Tədqiqatlar zamanı Azərbaycan dilinə digər dillərin təsiri öyrəniləcək: “Öyrənəcəyik ki, fars və Azərbaycan dilləri arasında əlaqələr özünü hansı səviyyədə göstərir? Azərbaycanda yaşayan azərbaycanlı ilə İranda yaşayan azərbaycanlının danışıq dilində leksik, qrammatik, morfoloji və sintaksis səviyyələrdə nə dərəcədə fərq var? Bu fərqlər dilin orfoepiyasına, orfoqrafiyasına nə dərəcədə təsir edir?”

M.Əskərov deyib ki, eyni cür araşdırmaları Gürcüstanda da aparmağı planlaşdırırlar: “Hesab edirəm ki, İrandakı təsir qədər Gürcüstanda Azərbaycan dilinə dil təsiri olmamalıdır. Amma bəlkə də var. Bu məsələlər elmi səviyyədə hələ araşdırılmayıb”.

Şöbə müdiri qeyd edib ki, yalnız İran və Gürcüstanda deyil, digər ölkələrdə də yaşayan azərbaycanlıların danışıq dilində baş verən dəyişiklikləri, onların Azərbaycan dilinin öyrənilməsi ilə bağlı qarşılaşdığı problemləri araşdırmaq lazımdır. Xarici ölkələrdə yaşayan azərbaycanlıların danışıq dilində hansı itkilərin olması müəyyənləşdirilməli, dildə hansı məsələlərin bərpaya ehtiyacı olduğu öyrənilməlidir. Eyni zamanda, xarici ölkələrdə yaşayan gənc azərbaycanlıların Azərbaycan dilinin öyrənilməsi üçün hansı vəsaitlərlə təmin edilməsi araşdırılmalıdır.

M.Əskərov bildirib ki, bu araşdırmalardan sonra xaricdə yaşayan azərbaycanlılar üçün sadələşdirilmiş xüsusi dərsliklərin hazırlanması nəzərdə tutulur.

İnstitut rəsmisi hesab edir ki, həmin dərsliklər Azərbaycanda tədris edilən dərsliklərdən fərqli olmalıdır. Azərbaycanda istifadə edilən dərsliklər fundamental elmi əsaslar üzərində hazırlansa da, xaricdə yaşayan azərbaycanlılar üçün dərsliklər praktik danışıq kursları səviyyəsində hazırlanmalıdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR