Saç tökülməsi bir sıra ciddi xəstəliklərin xəbərçisi ola bilər
Bizi izləyin

Qırmızı.az

Saç tökülməsi bir sıra ciddi xəstəliklərin xəbərçisi ola bilər

Hər gün yastığınızda 5-dən çox saç teli görürsüz? Saçlarınız günü-gündən nazikləşir?

Demək? siz dünyada hər 5 qadından birinin əziyyət çəkdiyi saç tökülməsi xəstəliyindən əziyyət çəkirsiniz. Bu yalnız qadınların deyil, kişilərin də əsas problemidir. Aparılan araşdırmalara görə, xarici faktorlar səbəbi ilə kişilərin 50%, qadınların 40%-i saç tökülməsindən əziyyət çəkir.

Lakin saçlarının tökülməsi hər kəsi narahat etsə də, çoxları bunun qarşısını almaq barədə tənbəllik edir. Ancaq həkimlər xəbərdarlıq edir ki, saç tökülməsi bir sıra ciddi xəstəliklərin xəbərçisi ola bilər. Bu əlamətləri hiss edən kimi həkimə müraciət etmək mütləqdir.

Dermatoloq Azər Abdullayev Publika.az-a açıqlamasında son vaxtlar bu problemin cavanlaşdığını bildirib. 10 il əvvəl 35-40 yaşdan sonra bu problemlə bağlı müraciətlər olurdusa, indi müraciət edənlərin əksəriyyəti 20-25 yaşlı cavanlardır.

Həkim hesab edir ki, gün ərzində 100 saç teli tökülürsə, yerinə yenisi çıxırsa, bu, təhlükəli deyil. Bu vizual görünüşə təsir etmir. Yeni çıxan saçların sayı töküləndən dəfələrlə az olursa, bu zaman mütəxəssisə müraciət etmək lazımdır.

“Saç tökülməsində ekozogen və endogen faktorların rolu var. Genetik faktorlar və maddələr mübadiləsinin pozulması nəticəsində də saç tökülməsi müşahidə edilir. Kənar faktorlar sırasına uzun müddət kompüter qarşısında işləmək, kondinsionerli otaqda oturmağı qeyd edə bilərik.

Həmçinin istifadə etdiyimiz şampunların da saç tökülməsində təsiri böyükdür. Bu gün ölkədə satılan şampunların əksəriyyəti keyfiyyətsizdir. Bir çox halda onların üzərində qeyd olunanlarla tərkibindəki maddələr üst-üstə düşmür. Bundan başqa, hər saçın xüsusiyyətinə uyğun şampun seçmək lazımdır. Istehsalçının markasına da diqqət edilməlidir. Bitki tərkibli şampunlardan da istifadə etmək olar. Lakin bu zaman həmin şampunları istehsal edən firma barədə məlumatlı olmaq lazımdır. Bu gün ölkədə istehsal edilən bir çox şampunlar, xarici ölkələrdən idxal edilənlərdən daha keyfiyyətli olur. Həmçinin yerli məhsulların istehsal tarixi yeni olur. Diqqət edilməsi vacib məqamlardan biri də bədəndə vitamin balansını bərpa etməkdir”.

Dermatoloqun sözlərinə görə, saçların yuyulma qaydası da tökülmənin əsas səbəblərindən biridir.

“Bəzi insanlar hər gün, bəzən gündə iki dəfə saçlarını yuyurlar. Həftədə 3-4 dəfədən artıq saç yuyulmamasını tövsiyə edirik. Çünki saç nə qədər çox su ilə təmasda olursa, o qədər də çox tökülür. Həmçinin saçları qurutmaq üçün fenlərdən istifadəni də azaltmaq lazımdır. Ümumiyyətlə, yalnız xüsusi hallarda bu vasitələrdən istifadə edilə bilər. Çünki fen yalnız saç tellərini deyil, kökünü də qurudur”.

Dermatoloq bildirib ki, saç tökülməsinin qarşısını almaq üçün mütləq mütəxəssisə müraciət edilməlidir:

“Müalicəyə başlamadan əvvəl səbəb müəyyən edilir. Müvafiq həkimlərə yönləndirmələr olur. Saç tökülməsinin qarşısının alınması xəstənin tətbiq edilən müalicəyə nə qədər əməl etməsindən asılıdır. Müalicə nəticəsində 80% müsbət nəticə alırıq”.

Həkimin sözlərinə görə, saç əkilməsi tökülmənin qarşısını tam almır. Çünki praktik tökülmənin bərpasına 100% zəmanət vermək olmaz.

“Bəzi klinikalarda əkilən saçın tökülməyəcəyinə zəmanət verirlər, lakin bu real görünmür. İnsanlar özləri də buna nəzarət edə bilərlər. Saç tökülməsinin səbəbi vitamin çatışmazlığıdırsa, saç əkmək yetərli olmayacaq”.

Sinir sistemi pozuntusu səbəbdir

Dəri xəstəliklərinin əksəriyyətində sinir sistemi pozuntularının olması təsdiqlənmiş faktdır. Həkimlər də təsdiq edir ki, dəri xəstəlikləri ilə bağlı müraciət edənlərin 90%-də əsəb sisteminin xəstəlikləri müəyyən edilir.

Nevropatoloq Yusif İsmizadənin sözlərinə görə, metobolizmin pozulmasının əsas səbəbi əsəb sistemi xəstəlikləridir:

“Həmçinin saç tökülməsində də əsəb sistemi xəstəlikləri təsiredici faktorlardan biridir. Buna görə də dermatoloqlar saç tökülməsi ilə bağlı müraciət edən xəstələri nevropatoloqların yanına göndərirlər. İlk növbədə onların əsəb sistemi müalicə edilir. Lakin əsəb sisteminin müalicə edilməsi yetərli deyil. Çünki nevroloji prosesi aradan götürməklə saç tökülməsinin qarşısını almaq olmaz, həm də metobolizm bərpa edilməlidir”.

Saç tökülməsi ilə qarşılaşan insanlar həkimlərdən daha çox kosmetoloqa müraciət edir. Həkim-kosmetoloq Aliyə Abdullayeva da bu faktı təsdiq edir.

“Gün ərzində saçların tökülməsi normaldır, xüsusən, fəsil dəyişikliyində. Lakin hər gün yastığınızda qalan saç tellərinin sayı 6-7-dən çoxdursa, narahat olmaq lazımdır. Saç tökülməsi ilə bağlı müraciətlər çox olur. Səbəblər sırasında düzgün şampundan istifadə etmədən tutmuş, müxtəlif nevroloji problemlərə qədər sadalamaq olar. Müraciət edən insanlarla söhbət əsasında əsas səbəb müəyyən edilir. Səbəb nevroloji, dermatoloji olarsa, həmin sahə üzrə həkimə yönləndiririk. Son vaxtlar da müraciət edənlər əsasən, gənclərdir, onların da əsas problemi əsəblə bağlı olur.

Yanlış edilmiş maskalar da saç tökülməsini artırır. Müraciət edənlər arasında təsadüfən eşitdikləri maskalardan istifadə edənlər olub. Bu da tökülməni daha da artırıb”.

Kosmetoloq deyir ki, bəzi insanlar saç tökülməsinə qarşı məsuliyyətsiz yanaşır. Bəziləri də kiminsə məsləhəti ilə müxtəlif vasitələrdən istifadə edir. Satışda olan hazır məhsullardan istifadə etmirik. Saç tökülməsinə qarşı maskalar fərdi olaraq hazırlanmalıdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm