Atasından ayrılmayan qızcığaz, rüşvət üstündə tutulan məmur, milyoner məhkum – həbsxanadan REPORTAJ
Bizi izləyin

Qırmızı.az

Atasından ayrılmayan qızcığaz, rüşvət üstündə tutulan məmur, milyoner məhkum – həbsxanadan REPORTAJ

Azadlıq dünyanın ən gözəl nemətidir. Təəssüf ki, bəzilərimiz bunu ancaq azadlığımızı itirib dəmir barmaqlıqlar arxasına düşəndən sonra anlayırıq. Amma onda hər şey çox gec olur. Məsələ yalnız azadlığı əldən verməkdən getmir. Həbsxanadakı çətinliklər, məhrumiyyətlər, özünün və doğmalarının sənə görə itirdikləri zaman, habelə dəmir barmaqlıqlar arxasından xilas olduqdan sonra sənin cəmiyyətə adaptasiyan...

Paytaxtın cəzaçəkmə müəssisələrindən birində olduğum bir neçə saat ərzində apardığım müşahidələrlə, dustaqlardan biri ilə görüş zamanı azadlıqdan məhrum olunmuş bu insanların hansı hissləri yaşamalarının, nələrlə üzləşdiklərinin şahidi oldum.

Ana gileyi: “Hər dəfə gələndə nə qədər pul xərcləməli oluram”

Qanunvericiliyə uyğun olaraq, görüşünə getdiyim məhkumun yanına buraxılmaq üçün əsas sənəd şəxsiyyət vəsiqəsidir. İstifadə müddəti, vaxtı keçmiş sənədlə görüş mümkün deyil. Həbsxananın giriş qapısında bir neçə qadın, var-gəl edən gənclər, yaşlı insanlar vardı. Məhkum həyatı yaşayan doğmaları, dost-tanışları ilə görüşə gələn bu insanlar özləri ilə xeyli ərzaq, meyvə-tərəvəz gətirmişdilər. Sanki əzizlərini onlarla növbəti görüşə gələn günə qədər doyunca yedirtmək istəyirdilər ki, dəmir barmaqlıqlar arasında cəza çəkən yaxınları yemək-içmək sarıdan korluq çəkməsinlər. Görüş üçün buraxılış vərəqəsini alanlar müəssisənin giriş qapısının qarşısında dayanaraq səbirsizliklə öz növbələrinin çatmasını gözləyirdilər.

Dustaqlarla görüşə gələnlər arasında təxminən 65-67 yaşlı ağbirçək qadın və onun yanındakı ortayaşlı qızı xüsusən qayğılı görünürdülər. Onlar cəzaçəkmə müəssisəsinin qarşısındakı kiçik otaqdan buraxılış vərəqəsi almışdılar. Lakin özlərinin dediklərinə görə, bir saata yaxın idi ki, növbə gözləyirdilər. Belə də olmalıydı. Çünki həftəsonu olduğundan məhkumlarla görüşə gələnlər həddən artıq çox idi. Onlar bura uzaq Naxçıvandan gəliblər. Məqsədləri tez də geri qayıtmaq idi. Çünki Naxçıvan aeroportundan hələ bir neçə kilometr də uzağa – Culfa rayonuna getməli idilər. Ananın yanındakı qızın saçlarına vaxtsız dən düşməsi bu qadınların ailənin yükünü öz çiyinlərində daşıdığını göstərirdi.

Ana ilə söhbətimiz zamanı məlum oldu ki, oğlu ilə dördüncü görüşə gəlir: “Çox gəlib getmək olmur, ay bala. Yol uzaqdır, çatdırmaq (yəqin ki, yol xərclərini, ərzağa, meyvə-tərəvəzə verdiyi pulu deyirdi-Anar) olmur. Hər dəfə gələndə nə qədər pul xərcləməli oluram”.

Oğlunun nə üstündə həbsə düşdüyünü deməkdən utanan ana bir neçə dəqiqə gözləyib, oturacağa doğru getdi. Onun ortayaşlı qardaşı ilə ilk dəfə görüşə gələn qızı isə uzun düşüncələrə dalmışdı.

Müəssisənin dəmir zirehli qapısı hər dəfə açıldıqca, nəzarətçilərin əvvəlcə papaqları, daha sonra sifətləri görünür, bu isə görüşə gələnlərdə ümid yaradırdı. Hamı öz növbəsinin çatması ümidiylə yerindən tərpənirdi.

Qapının qarşısına toplaşanlar arasında qəribə davranışları və danışıqları ilə seçilən bir ailə diqqətimi xüsusi olaraq cəlb etdi. Ər və arvadın, onları bura gətirən yeniyetmə oğulun tez-tez var-gəl etmələri ailə üzvlərinin darıxdığını göstərirdi. Bu şəxslərdən bir qədər kənarda həmyaşıd kimi görünən, 42-44 yaşlarında iki kişi isə deyəsən, dostları ilə görüşə ilk dəfə idi gəlirdi. Onlardan biri fasiləsiz olaraq papiros çəkir, digəri isə gözlərini ərzaqla, meyvə-tərəvəzlə dolu çantalara zilləyərək fikrə getmişdi.

Cəzaçəkmə müəssisəsinin giriş qapısından bir qədər kənarda gəzişən 33-35 yaşlı qadın sanki hər kəsin diqqətindən kənarda qalmağa çalışırdı. Yəqin ki, məhkum əri ilə görüşü gözləyən bu qadının yükü də az idi – cəmi iki kiçik bağlama.

“Ata, sən də gəl, gedək evimizə”

Cəzaçəkmə müəssisəsinin zirehli qapısı açıldıqca, nəzarətçilər görüş üçün sənədləri imzalanıb təsdiqlənən şəxslərin adlarını və soyadlarını oxuyur, onları iki-iki, üç-üç içəri çağırırdılar. Növbə mənə çatdıqda nəzarətçi soyadımı çağırıb içəri dəvət etdi. Ərzaqla və meyvə ilə dolu bağlamaları götürdüm. İçəridə, sol tərəfdə iki əsgər və çavuş dayanmışdı. Həbsxana nəzarətçisi “ciblərinizdə dəmir əşya, mobil telefon və digər əşyalar varsa çıxarın”deyib, üst-başımı diqqətlə yoxlamağa başladı. Telefonumu alıb xüsusi rəfə qoydular. Üst-başımı bir daha diqqətlə gözdən keçirdilər. Bundan sonra isə düz gedib qarşıdan sağa dönməyi xahiş etdilər.

Nəzarətçilərin dediyi kimi də etdim. Həyətə daxil olub bağlamalarımı – içində ərzaq, meyvə-tərəvəz olan sellofan torbaları xüsusi yoxlama otağındakı nəzarətçilərə təqdim etdim. Onlar sellofan paketlərdəki bütün əşyaları – toyuq qızartmasını, meyvə-tərəvəzi, digər ərzaqları, alt paltarlarını, hətta təbii meyvə şirələrinin qapaqlarını belə, açıb yoxladılar. Ensiz dəhliz məhkumlarla görüş üçün ümumi zala aparırdı. Əslində bura görüş zalı olmaqla yanaşı, həm də böyük çay evini xatırladırdı. Sırayla düzülmüş stol-stullarda əyləşənlər səbirsizliklə görüşünə gəldikləri əzizlərinin - məhkumların yolunu gözləyirdilər. Onların özlərinə də bununla bağlı xəbər verilmişdi. Bəzi məhkumlar artıq gəlib çıxmışdılar. Lakin bəziləri həyətdə, bəziləri kitabxanada, digərləri isə başqa yerlərdə olduqlarından yubanırdılar.

Əşyalarım yoxlandıqdan sonra sellofan paketlərimi məhkumlara gətirilmiş sovqatların saxlandığı xüsusi otağa yığdıq. Böyük çay evini xatırladan gözləmə zalına keçib masalardan birində əyləşdim. Çox keçmədən əlində çaydan və stəkan dolu padnos olan xidmətçi ortalıqda göründü:

- Bizə də çay verin, zəhmət olmasa.

- Neçə nəfərsiniz?

- İki.

- ...

Əyləşib gözləyərək qonşu masalara nəzər yetirdim. Əşyalarının yoxlanılması bizdən bir-iki saat əvvəl başa çatmış gənc ailə diqqətimi cəlb etdi. İki azyaşlı övladı olan gənc qadın məhkum əri ilə görüşə qayınanasıyla gəlmişdi. Uşaqlardan birinin (oğlanın) təxminən 5-6, digərinin isə (qızın) 3-4 yaşı olardı. Heç nədən xəbəri olmayan qayğısız uşaqlar masanın ətrafında dolaşır, qaçdı-tutdu oynayırdılar. Üz-üzə əyləşmiş ərlə arvadın söhbətinə hərdən ağsaçlı qadın da müdaxilə edirdi. Çaylarını çoxdan içmişdilər, stəkanlar da boş idi. Böyüklər söhbətlərini yekunlaşdırıb ayağa qalxanda bir-birini qovan uşaqlar da dayanıb onlara yaxınlaşdılar. Ata əvvəlcə oğlunu bağrına basdı, astadan ona nəsə dedi, sonra isə qızını qucağına alıb öpdü. Ayrılıq zamanının gəldiyini başa düşən 3-4 yaşlı balaca “Ata, sən də gəl, gedək evimizə, gedək” – deyib ağlamağa başladı. Balaca qızının yanaqlarını, saçlarını öpən məhkum “Gələcəm, sən get evə, mamanı incitmə ha” deyə azyaşlı övladını sakitləşdirməyə başladı. Ailə üzvləri beləcə yavaş-yavaş çıxışa doğru addımlamağa başladı məhkum öz yerinə, balacalar isə nənəsi və anasıyla cəzaçəkmə müəssisəsinin çıxış qapısına doğru.

Qəsdən ya ehtiyatsızlıq üzündən atılmış hansısa addım onları müəyyən zaman müddətinə ayırmışdı.

“Ded” və “molodoylar” yola gedirlər

Görüşünə getdiyim şəxsin yubandığını görüb əşyaların yoxlanılması otağına yaxınlaşdım. Nəzarətçi hər şeyi mən deməmiş, çox yaxşı başa düşdü:

Qardaş ... gəlir, özünə deyiblər, darıxma. Bir az gözlə.

Geri qayıdıb yenidən görüş zalında əyləşdim. Bir neçə dəqiqə sonra görüşünə getdiyim şəxs də gəlib çıxdı. Hal-əhval tutduqdan sonra ümumi məsələlərdən danışdıq. Məlum oldu ki, bu cəzaçəkmə müəssisəsində ilk dəfə həbs edilənlər, habelə yüngül cinayət törədənlər cəza çəkirlər. Lakin buna baxmayaraq, məhkumlar şərti olaraq “ded” və “molodoy” adlandırılan qruplara bölünüblər. “Ded”lərə həm cəzalarının çox hissəsini çəkənlər, həm də ikinci dəfə məhkumluq həyatı yaşayanlar aiddir. “Molodoy”lar isə cəzalarını yenicə çəkməyə başlayanlar, eləcə də ilk dəfə həbs olunanlardır. Məhkumlar bir zamanlar doğulduqları və ya yaşadıqları məkanlar baxımından da şərti olaraq bir neçə qruplara bölünürlər. Mənim görüşünə getdiyim şəxs “Şirvan” qrupuna – “ehil”ə aid idi. Burada bundan əlavə şərti olaraq “Bakı”, “Naxçıvan”, “Gəncə” və digər məkanların adları ilə adlandırılanlar da var. Hər “ehil”i bir rəhbər idarə edir. Bəziləri onu “əfəndi” adlandırırlar. Hər hansı məhkumun “naruşeniya”sı ilə bağlı xəbərdarlıqlar, bildirişlər ona edilir. Həmin məhkumu da o özü danlayır, tənbeh edir.

Məhkumlar arasında müxtəlif xəstəliklərdən əziyyət çəkənlər də var. Bu səbəbdən bəziləri məhkum yoldaşları ilə birlikdə nahar etməkdən imtina ediblər.

Cəzaçəkmə müəssisəsində bəzi mətbu orqanlarla – gündəlik nəşrlərlə tanış olmaq imkanı yaradılıb. Burada o qədər də böyük olmayan kitabxana fəaliyyət göstərir. Lakin həmsöhbət olduğum məhkum bildirdi ki, kitablarla maraqlananlar olduqca azdır.

Məhbuslara qohumlarının gətirdikləri ərzaqlar, meyvə şirələri, meyvə-tərəvəzlər “obşak”a buraxılır. Bu paydan hamı yeməlidir. Paltar istisna olmaqla heç kim “peredaça”nı gizlədə bilməz. Belə hərəkətlər edənləri yazılmamış cəzalar gözləyir. Həmsöhbətim bildirdi ki, burada cəza çəkən elə məhkumlar var ki, son bir ildə onların görüşünə gələn olmayıb. Cəza çəkənlər arasında müəllimdən, sürücüdən tutmuş rüşvət üstündə həbs edilmiş müfəttişə, milyonerə, “sobez” işçisinə qədər hər kəs var.

Məhkumlar əsasən xüsusi işlərlə məşğul olurlar ki, vaxt tez keçsin. Onlardan bəziləri nərd taxtası, təsbehlər, şahmat fiqurları düzəldir, bəziləri boş vaxtlarını şahmat, domino, nərd oynamaqla keçirir.

Cəza çəkənlərlə ailə üzvləri müəyyən olunmuş müddətdə 3 günlük görüşə bilər. Lakin bu müddətdə başqa şəxslərlə görüşlər qadağandır. Habelə görüş müddətində nə isə almaq üçün müəssisənin ərazisindən kənara çıxan şəxsin yenidən həbsxanaya qayıtması, məhkum qohumu ilə görüşməsi mümkün deyil.

Axşam saat 17 radələrində nəzarətçi görüş zalını kəsdirdi:

Yekunlaşdırın, görüş saatı başa çatır. Xahiş olunur yekunlaşdırın.

Bu sözləri eşidərkən sifətlərinin mimikası dəyişilən məhkumların və onlarla görüşə gələnlərin hansı hissləri keçirdiklərini təsəvvür etmək o qədər də çətin deyildi. Çətin olan odur ki, həyatda atdığın hər bir addımı elə ölçüb-biçəsən ki, gəlib bura düşməyəsən. Nəzarətçinin tələblərinə “yenicə başlamışdıq” – deyib, narazılıq edənlər də, yavaş-yavaş ayağa qalxıb gedənlər də var. Bir neçə dəqiqə sonra biz də ayağa qalxıb sağollaşdıq. O, öz yerinə, biz isə həbsxananın çıxışına doğru istiqamət aldıq. Hətta görüş zalında belə ağır hüznü, gərgin ab-havası ilə seçilən cəza evindən ayrılıb küçəyə çıxarkən azadlığın necə gözəl nemət olduğunu bir daha anlayırsan.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm