“Aydın yol”un yeni baş redaktoru danışdı: “Kollektivdə dəyişiklik...”- ÖZƏL
Bizi izləyin

Qırmızı.az

“Aydın yol”un yeni baş redaktoru danışdı: “Kollektivdə dəyişiklik...”- ÖZƏL

“Aydın yol” qəzetinə yeni baş redaktor təyin edilib.

Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin rəhbərliyinin qərarı ilə bundan sonra qəzetə Yaşar Əliyev rəhbərlik edəcək.

Qeyd edək ki, qəzetin ilk baş redaktoru olan Fəxri Uğurlu vəzifəsindən öz ərizəsi ilə istefa vermişdi. Yeni təyin olunmuş baş redaktor ilk dəfə Publika.az-a danışıb.

- Təbrik edirik, uğurlarınız bol olsun. Qəzetə yeni baş redaktor təyinatı ilə bağlı ilk xəbəri bizə deyəcəyinizə söz vermişdiniz.

- Mən yeni təyinatım barədə ilk dəfə olaraq elə sizə danışıram. Qəzetə baş redaktorluq mənə həvalə olundu. Yeni say mənim imzamla çıxdı.

- Yeni rəhbərlik hansı yenilikləri nəzərdə tutub?

- Yeniliklər çox olacaq. İlk növbədə biz çalışacağıq ki, “Aydın yol” qəzetini müəllif qəzetinə çevirək. Azərbaycanın tanınmış mədəniyyət, incəsənət, ədəbiyyat adamlarını qəzetimizə cəlb etmək niyyətindəyik. İstər teatr, istər rəssamlıq, kino və digər sahələri əhatə edəcəyik. Bu sahələrin adamları vaxtaşırı qəzetimizdə öz yazıları ilə çıxış edəcəklər. Biz buna geniş imkan yaradacağıq. Bir sözlə, əsas imza sahibləri, peşəkarlar qəzetin simalarına çevriləcəklər.

- Təbii ki, yüksək qonorar da ödəniləcək?

- Sözsüz.

- Keçmiş rəhbərliyin qəzetdən səviyyəni doğrultmadığına görə uzaqlaşdırıldığı deyilirdi…

- Bu barədə artıq danışmaq istəmirəm. Əsas odur ki, biz ortaya iş qoymalıyıq. Bütün diqqətimizi də məhz bu məsələyə yönəltməliyik.

- Sizin qarşınızda rəhbərlik tərəfindən hansısa şərtlər qoyuldumu?

- Bircə onu deyə bilərəm ki, məqsədimiz ortaya səviyyəli iş qoymaqdır. Buna da öz sözünü deyə bilən peşəkarlar vasitəsi ilə nail olacağıq.

- Yaşar müəllim, ən maraqlı məqamlardan biri də yeni kollektivlə bağlı dəyişikliklərin olub-olmamasıdır. Belə dəyişikliklər gözlənilirmi?

- Heç bir dəyişiklik nəzərdə tutulmayıb. Əvvəlki kollektivlə işimizi davam etdirmək fikrindəyik. “Aydın yol” qəzetində sağlam bir mühit formalaşıb.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm