Müdafiə Nazirliyi KİV-lə işini yeni prinsiplərlə qurur
Bizi izləyin

Qırmızı.az

Müdafiə Nazirliyi KİV-lə işini yeni prinsiplərlə qurur

"Jurnalistlərin cəbhəboyu zonada akkreditasiya və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası"nın layihəsi hazırlanıb. Layihə artıq hüquqi ekspertizadan keçirilib və Nazirlər Kabinetinə təqdim olunub.

Trend xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Prezident Administrasiyası, Müdafiə Nazirliyi və Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycanın informasiya təhlükəsizliyinin qorunmasında medianın rolu" mövzusunda keçirilən tədbirdə bildirib.


Onun sözlərinə görə, sənəddə ümumi müddəalar, akkreditasiya üçün müraciətin edilməsi və baxılması, akkreditə olunma (kimlərə və neçə şamil edilir), akkreditə olunmadan imtina və akkreditənin ləğvi, jurnalistlərin cəbhəboyu zonaya xidməti ezamiyyətlərin Müdafiə Nazirliyi ilə razılaşdırılması bəndləri var.


Qeyd edək ki, cari ilin iyul-avqust aylarında cəbhə xəttində baş vermiş gərginlikdən sonra informasiya sahəsindəki mövcud xaotik situasiyanı, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, milli təhlükəsizlik və müdafiə mülahizələri nəzərə alınmaqla Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən sentyabrın 24-də "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncam imzalanıb.


V. Dərgahlı bildirib ki, həmin sənəddə Müdafiə Nazirliyinə aid bir sıra məqamlar da öz əksini tapıb. Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə müdafiə naziri Silahlı Qüvvələrinin fəaliyyəti haqqında informasiynın yayılması, dövlət sirrinin mühafizəsi və informasiya təhlükəsizliyinin təmin olunması sahəsində tədbirlər haqqında müvafiq əmr imzalayıb. Əmrdə sərəncamda nazirliyin müxtəlif qurumlarına qeyd olunan səhələr üzrə müəyyən edilmiş vaxtda müvafiq tapşırıqların icrasının yerinə yetirilməsi göstərilib.


O, qeyd edib ki, müdafiə nazirinin müvafiq qərarı ilə "Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat" hazırlanaraq qoşunlara göndərilib. Sənəddə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər öz əksini tapıb. Bundan əlavə, müdafiə nazirinin əmrinə əsasən, "Dövlət sirrinin mühafizəsi üzrə vacib məlumatlar" toplusu buklet formasında hazırlanaraq Silahlı Qüvvələrin şəxsi heyətinə və əmrdə göstərildiyi kimi Mətbuat Şurasına təqdim olunub.


Bu günlərdə isə "İnformasiya təhlüksəziliyi" və "Fiziki təhlükəsizlik" adlı məlumat topluları da hazırlanaraq şəxsi heyətə çatdırılıb və yaxın günlərdə KİV nümayəndələrinin tanış olması üçün nazirliyin rəsmi internet səhifəsində yerləşdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm