Baş kardioloq: “Çox yaşamaq istəyirsinizsə, az yeyin”
Bizi izləyin

Qırmızı.az

Baş kardioloq: “Çox yaşamaq istəyirsinizsə, az yeyin”

Ötən il 129970 nəfərə ilk dəfə qan-damar sistemi xəstəlikləri diaqnozu qoyulub. Bu da həmin xəstəliklərin həzm sistemi xəstəliklərindən sonra ikinci yerdə olduğunu göstərir.

2000-ci ildə bu rəqəm 26205 nəfər, 2010-cu ildə isə 32554 nəfər olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından da son vaxtlar ürək xəstəlikləri ilə bağlı müraciətlərin artdığını bildiriblər.

İnsan ömrünü 30 ilə qədər qısaldan, digər orqanların da fəaliyyətini pozulmasına səbəb olan xəstəliyin artma səbəbi nədir? Kimlər risk qrupundadır? Ürək xəstəliyi digər hansı xəstəliklərə səbəb olur?

Suallarımızı Cahangir Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, baş kardioloq Adil Baxşəliyev cavablandırır.

Baş kardioloq bildirib ki, havaların soyuması ilə ürək, qan-damar sistemi xəstələrinin sayı 25-30% artıb. Onun sözlərinə görə, bu kifayət qədər ciddi rəqəmdir.

“Ürək, qan-damar sistemi xəstəliklərinin həm kəskin, həm də xroniki formalarında artım müşahidə edilir. Havanın dəyişməsi, metereoloji faktorlar nəticəsində aritmiyalar, hipertonik krizlərin sayı da artır. Ekoloji və psixoloji amillər də xəstəliyin artımında müəyyən rol oynayır. Ürək xəstəliyi beyində qanın fəaliyyətini poza, qan qatılaşanda beyində insult ola bilər, böyrək, qaraciyər, aşağı ətrafların qan dövranı pozula bilər. Genetik amillərin rolu böyükdür. Ata-anada müəyyən ürək, qan-damar xəstəlikləri varsa, övladların 25-30%-də bu təkrar olunur. Əlavə risk faizi varsa, bu rəqəm 40%-ə qədər yüksələ bilir”.

Ürək xəstəlikləri 15 yaş cavanlaşıb

Həkimin sözlərinə görə, xəstəliyin 10-15 yaş cavanlaşması müşahidə edilir.

“15-20 il əvvəl ürək xəstəlikləri əsasən, 55-60 yaşlarda başlayırdısa, indi bu rəqəm 45 yaşa qədər enib. Cavan insanlarda ürək xəstəlikləri daha tez ölümə səbəb olur. Yaşlı insanlar ikinci infarktı nisbətən yüngül keçirə bilir. Gənc xəstəni isə birinci infarktdan itirə bilirik. Çünki onların orqanizmi bu prosesə hazır olmur. Gənclərdən fərqli olaraq yaşlı insanlarda ürəyi qidalandıran damarlar arasında əlaqələr işləyir. Bu damarların işləməsi üçün insanın müəyyən yaşa çatması lazımdır”.

Yağlı qidalar ürəyin fəaliyyətini pozur

Bir müddət əvvəl ABŞ alimləri belə bir iddia ilə çıxış etmişdilər ki, ürək xəstəliklərinin əsas səbəbi xolesterindir. Digər səbəblər ikinci dərəcəlidir. Bu fikirlə razılaşmaq olar?

A.Baxşəliyev də bildirir ki, bir çox ürək xəstəlikləri, xüsusən ürəyin işemiyasında əsas səbəb onu qidalandıran tac damarlarda xolesterinin artmasıdır.

“Bu zaman da damarlarda keçiricilik azalır, onun divarı qalınlaşır, qan ürək əzələsinə çatmır. Ac ürək qidalana bilmədiyindən funksiyası pozulur. Xolesterinin artmasının səbəbləri müxtəlifdir. Lakin ən başlıcası uzun müddət yağlı qidalar qəbul etməkdir. Azərbaycan mətbəxi yağlı qidalarla zəngindir. Düzdür, yemək yağlı, duzlu olanda daha ləzzətli olur. Lakin bu cür qidalanmaq ürəyin fəaliyyətini pozur. Damarlarda spazmın əmələ gəlməsi də ürəyin qidalanmasına mənfi təsir edir. Bu da əsasən insan əsəbiləşəndə müşahidə edilir. Psixoemosional gərginliyin artması ürək xəstəliklərinə səbəb olur. Bədbinləşmə, ümidsizlik ürəyin fəaliyyətinə təsir edir”.

45 dəqiqədən çox oturmayın

Müsahibim onu da vurğuladı ki, ürəyinin sağlam olmasını istəyənlər oturaq həyat tərzindən qaçmalıdır.

“Bu gün əksər sahələrdə iş kompüter qarşısında oturaraq həyata keçirilir. Kompüter arxasında 45 dəqiqədən çox oturmaq olmaz. Mütləq fasilə vermək, idman hərəkətləri etmək lazımdır. Lakin bu gün demək olar ki, əksər sahələrdə iş oturaq şəraitdədir. Bu gün insanlar səhər durandan axşam yatana qədər kompüter qarşısında olur. Hətta iş üçün olmasa belə, kompüter qarşısından ayrıla bilmirlər. Bu, bir xəstəlikdir və bir sıra xəstəliklərin yaranmasına səbəb olur. Insanlar az hərəkət edir, xüsusən havalar soyuyandan sonra evdən çıxmaq istəmirlər. Bu da insanlar arasında piylənməni artırıb”.

Ən çox yayılan ürək xəstəliyi

Baş kardioloq onu da vurğuladı ki, azərbaycanlılar arasında ən çox ürəyin kəskin işemik xəstəliyi olan meokard infarkt, kəskin kronor sindrom geniş yayılıb.

“Kəskin kronor sindrom sakit steneokardiya ilə meokard infarkt arasında orta mövqedədir. Bu xəstələr hər an meokard infarkt keçirə bilər. Bunun baş verməməsi üçün xəstəliyin vaxtında aşkarlanması mütləqdir. Bu, infarktın qarşısını ala bilər”.

Müsahibimin sözlərinə görə, insanlar digər xəstəliklər kimi ürək ağrılarında da son məqamda həkimə gəlirlər.

“Əhalinin böyük əksəriyyətinin ürək nahiyəsində ağrılar olanda həkimə gec müraciət edir. Yalnız fəsadlar üzə çıxandan sonra kardioloq yanına gedirlər. Ürəyin funksiyası pozulanda qanın normal hərəkətini təmin edə bilmir. Bu da ürək astması, ağciyər ödemi, ürəyin cırılması, ürəkdəki qan durğunluğu nəticəsində tromblaşma əmələ gəlir. Həmçinin ağciyərin əsas damarının tromboliyası ani ölümə səbəb olur. İnsanlar yalnız ürək ağrıları artandan sonra həkimə müraciət edirlər. Bəzən türkəçarələrlə müalicə etməyə çalışırlar. Ya da gözləyib ən son məqamda gəlirlər”.

“Oturduğu yerdə keçindi”, “söhbət etdiyimiz yerdə qəfildən öldü” kimi ifadələri çox eşidirik. Bu da ürək xəstəliyinin göstəricisidir?

“Bəzən işdə və şəxsi həyatdakı uğursuzluqlar insanları daxildən “yeyir”. Mənfi psixoemosional gərginlik və havanın kəskin dəyişməsi qanda toksiki maddələrin ifrazını artırır. Nəticədə, qanda adrenalin artır, qan qatılaşır, damar divarı sıxılır və təzyiq qalxır. Bütün bu proseslər aritmogen effekt verir və ürəyin işemiya xəstəliyini sürətləndirir. Infarktın tez əmələ gəlməsinə səbəb olur. Bəzi hallarda infarkt olmamış xəstəni itirə bilirik. Təsdiqlənmiş faktdır ki, qəfil ölümlərin 95-98%-nin səbəbi ürək mənşəlidir”.

Sinədəki hər ağrı ürək xəstəliyinin xəbərçisidir?

Müsahibimin sözlərinə görə, hər ağrı ürək xəstəliyinin göstəricisi olmasa da, ürək nahiyəsində döyüntü, ağrı varsa, mütləq həkimə müraciət etməlidir:

“Ürək xəstəliyinin əlamətləri kürək nahiyəsində, döş sümüyünün arxasında deşici, göynədici ağrıların olmasıdır. Bu ağrılar həm də sol çiyin, sol qolda hiss edilir. Ürək nahiyəsində 40 səbəbdən ağrılar baş verir. 39-nu istisna edirik, biri ürəklə bağlı olur. Tipik ağrılardırsa, birbaşa diaqnoz qoya bilərik. Adi elektrokardioqram etmək mümkündür.

Əvvəl ürək müayinəsi 50 yaşdan sonra məsləhət görülürdüsə, indi 35 yaşdan sonra ürək nahiyəsində ağrı varsa, həkimə müraciət etsin. Bəzən xəstə müraciət edəndə, təzyiqin yüksək olduğu aşkarlanır. Məlum olur ki, o, illərdir baş ağrısından əziyyət çəkir və hər dəfə ağrıkəsici atmaqla kifayətlənib. Baş ağrıları olsa da, yağlı və duzlu yeyirlər”.

Cinsi hormonlar qadınları qoruyur

Ürək ağrıları kişilər, yoxsa qadınlar arasında geniş yayılıb?

Müsahibimin sözlərinə görə, qadınlar və kişilər arasında xəstəliyin aşkarlanma yaşları kimi növləri də fərqlidir.

“Qadın cinsi hormonları 20-50 yaş arasında ürəyin işemiyası xəstəliyinin əmələ gəlməsinin qarşısını alır. Qanda cinsi hormonların sayı azaldıqda, ürək xəstəlikləri sürətlə artır. 65-70 yaşda qadınların ürək xəstəlikləri kişilərə bərabərləşir, 80 yaşdan sonra daha çox olur. Qadınlarda ürəyin işemiyası daha ağır keçir. Çünki qadınlarda magistral damarlar olmur, çoxlu sayda periferik damarlar olur. Kişilərdə ürəyin işemiyası, meokart infarkta daha çox təsadüf edilir.

“Kişilər ağlamadığına görə, onlarda ürək xəstəliyi daha çox olur” sözləri bədii formada deyilsə də, ürək xəstəlikləri ilə bağlı dəqiq ifadədir. Qadınlar daxildəki hisslər, mənfi emosiyaları göz yaşı ilə xaricə verirlər. Bu da onları xəstəliklərdən müəyyən qədər qoruyur. Ürək xəstəliklərindən asılı olaraq ömür 5 ildən 30 ilə qədər qısala bilər. İnsan cavanlıqda səhhətinin qeydinə qalmalıdır. Qocalığa ehtiyat yığmalıdır”.

Ürək qüsurlu uşaqların sayı artıb

Uşaqlar arasında ürək xəstəliklərinin hansı növləri daha çox aşkarlanır?

A.Baxəliyevin sözlərinə görə, uşaqlar arasında ürək xəstəliklərinə çox rast gəlinmir. Lakin son illər anadangəlmə ürək qüsurlu uşaqların sayı artıb:

“Uşaqlarda ürək xəstəlikləri anadangəlmə və revmatik olur. Anadangəlmə ürək qüsurlarının sayı son dövrlər artıb. Bu həm diaqnostikanın yaxşılaşması, həm də xəstəliyin artmasını göstərir. Uşağın ana bətnində dopler müayinəsindən keçməsi, xəstəliyin vaxtında aşkarlanması və bəzi hallarda aradan qaldırılmasına kömək edir. Qohumlar arasında nikahların sayının çox olması müxtəlif xəstəliklərlə yanaşı, ürək qüsurlu uşaqların sayını artırır.

Uşaqlar arasında həm də revmatik xəstəliklər və mitral klapanın prolapsı (sallanması) müşahidə edilir. Bunun qarşısını almağın əsas yolu vaxtında aşkarlanmadır. Orta və ali məktəblərdə mütəmadi müayinələr keçirilməlidir”.

Bu xəstəlikdən qorxmaq lazım deyil. Sadəcə, vaxtında müraciət etmək lazımdır. Müalicə ilə bir çox ürək xəstəliklərini sağalda bilirik. Təəssüf ki, bizdə əsasən, xəstəliyin fəsadlaşmış dövründə müraciət edilir. Bir çox xəstəliklər kimi ürəyin işemik xəstəliyi də ömürlük müalicə tələb edir. Vaxtında müalicəyə gəlsələr, 20-30 il yaşaya bilərlər. Bununla yanaşı, psixoloji durum da yüksəlməli, sağalmağa inam olmalıdır.

Əməliyyat hansı halda məsləhət görülür?

“Bu gün ölkədə 8 xəstəxanada damarların stendlənməsi və bir sıra əməliyyatlar həyata keçirilir. Bundan sonra da həkim nəzarətində olmaq lazımdır. Xəstəxanalarımızada ürəyin köçürülməsindən başqa, bütün ürək əməliyyatları keçirilir. Dövlət və özəl klinikalarda həm yerli, həm də xarici ölkələrdən gələn həkimlər həmin əməliyyatları həyata keçirir. Donor ürəyi olmadığına görə, ürək köçürülməsi həyata keçirə bilmirik. Bu istiqamətdə hazırlıq görülür, yaxın bir il, il yarıma bu əməliyyatın da keçirilməsi planlaşdırılır”.

Baş kardioloq deyir ki, artıq çəkili insanlar, gərgin və oturaq işdə çalışanlar, işi kompüter qarşısında olanlar, küçədə açıq havada işləyənlərin ürək xəstəliklərinə tutulmaqda riski böyükdür. O, riskdən uzaq olmaq istəyənlər üçün bəzi məsləhətlər də verdi:

Az yeyənlər 15 il çox yaşayır

“Bu xəstəliklərdən qorunmaq üçün sağlam qidalanmaq və fiziki aktiv həyat tərzi sürmək lazımdır. Təsdiqlənmiş məlumatdır ki, az yeyənlər çox yeyənlərdən 10-15 il çox yaşayır. Həmçinin qida rasionumuz meyvələrlə zəngin olmalıdır. Xəzərin sahilində yaşasaq da, balıqla qidalanmaya görə, ən son sıralarda yer alırıq. Balığın tərkibindəki omeqa 3 xolesterinin miqdarının artmasına mane olur. Ağartı məhsullarına üstünlük vermək lazımdır. Hər gün səhər idman etmək lazımdır. Mənfi emosiyalardan uzaq olmaq lazımdır.

Gündə 5 dəfə qidalanmaq lazımdır. Az-az olsa da, tez-tez yemək lazımdır. Axşam yeməyi qatıq və meyvə olmalıdır. Amma bizdə əksinə axşam yağlı qidalar yeyib, yatırlar. Həyat rejiminin düzgün qurulmaması xəstəlikləri artırır. Xarici ölkələrdə insanlar imkan daxilində şənbə-bazar günləri şəhərətrafına gedib istirahət edirlər. Biz işin çoxunu həmin günlərə saxlayırıq. Bu, düzgün deyil. İşlə yanaşı istirahətə vaxt ayırmaq lazımdır ki, orqanizm dincəlsin. Normal yuxu ən vacib şərtdir. Gündə 8-9 saat yatmaq lazımdır”.

Gülxar Şərif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm