• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Uğur – insanın öz-özünə verdiyi bir dəyər deyil, cəmiyyətin insanın fəaliyyətinə verdiyi qiymətdir

Uğur – insanın öz-özünə verdiyi bir dəyər deyil, cəmiyyətin insanın fəaliyyətinə verdiyi qiymətdir

“AtaSığorta” ASC Marketinq və Kommunikasiyalar Şöbəsinin müdiri Yusif Ağayevin müsahibəsi

Yusif müəllim, bir müddətdir ki, "AtaSığorta" “İşimibilirəm” adı altında sosial kampaniya keçirir. Maraqlıdır, siz bu kampaniyadan cəmiyyətin bir üzvü olaraq nə nəticə çıxardınız?

Əvvəlcə onu deyim ki, "AtaSığorta" olaraq belə bir kampaniya həyata keçirməkdə məqsəd yaşadığımız cəmiyyətin işə, peşəyə olan bağlılığını öyrənmək və bu məsələni ümumiyyətlə bütün cəmiyyətin fikrində qabartmaq idi. Bu, çox əhəmiyyətlidir. İnsanlar cəmiyyətin üzvü olmaqdan əvvəl, sərbəst fərdlərdir. İnsan fərd olaraq özünə faydalı ola bilirsə, ətrafına, cəmiyyətə də faydalı ola biləcək.

Özümə gəldikdə, mən şəxsən bu kampaniyadan sonra bir daha əmin oldum ki, insanın böyüklüyü heç bir halda onun statusu ilə ölçülə bilməz. İnsanları dəyərli edən onların fikirləridir, düşüncə tərzləridir. İşini tam məsuliyyətlə, dəyərini dərk edərək görürsənsə, nə işlə məşğul olduğun heç önəmli deyil, özündən başqasına da faydalı ola bilmək səni üstün edir.

Bəs sizin fikrinizcə, insanmı öz karyerasını qurur, yoxsa karyeramı insanı formalaşdırır?

(gülür) Bu bir az fəlsəfi sualdır. Əlbəttə, hər bir şəxsin qurmaq istədiyi karyera,onu inkişaf etdirmək istəyi, həmin şəxsin məqsədinə çatması üçün gördüyü işlər ilə düz mütənasibdir. Stiv Cobs deyirdi ki, 12 saat yox, başla işləmək lazımdır. Məncə, çox gözəl fikirdir. Əlbəttə, karyera qurmaq üçün çalışmalısan, amma əhəmiyyətli olan necə çalışmağındır. Bunu da anlamaq lazımdır ki, həyat tək karyeradan ibarət deyil, uğur qazanmaq üçün gərək iş həyatınla birgə sosial həyatda, ailə həyatında, öhdəçiliyinə aid digər işlərdə də uğurlu addımlar atasan. Bunlar hamısı bir yerdə vəhdət təşkil etdikdə artıq verdiyiniz bu sualın əhəmiyyəti qalmır – insan özündə əsl insanı yaratmış olur.

Deyirsiniz ki, insan gərək uğurlu addımlar atmağı bacarsın. Bəs bunun hansısa bir formulu varmı?

Deməzdim. Uğur qazanmağın standart bir formulu yoxdur, ola da bilməz. Onun formulu hər insan üçün ayrıdır, şəxsə görə dəyişməlidir. Ümumiyyətlə, uğur – insanın özü-özünə verdiyi bir dəyər deyil, əksinə, cəmiyyətin həmin insanın fəaliyyətinə verdiyi qiymətdir. Fikrimcə uğur – faydalı olmaqdır. Özündən başqa kiməsə də faydalısansa, sən onun üçün uğurlu insansan. Bu qədər sadə.

Belə bir sualla davam edək: İşdən əlavə sosial həyatın nə kimi rolu var insan həyatında?

Əlbəttə, həyat tək işdən ibarət deyil. Şəxsən mən, sosial həyatımda vaxtımın çox hissəsini ailəmlə keçirirəm. Əslində sosial həyatı aktiv olan insanın iş həyatında da uğur qazanması daha realdır. Çünki ailəmiz, dostlarımız, yaşadığımız mühit bizə, müvəffəqiyyət əldə etməmizə birbaşa təsir göstərir. Bundan əlavə işlədiyin komanda, iş kollektivinin də təsiri böyükdür.

Bəs "AtaSığorta" kollektivi ilə birgə işləmək necə bir hissdir?

Uzun müddətdir "AtaSığorta" komandası ilə birgə işləyirəm. Kollektivdən çox razıyam, burada çalışan insanlar, necə deyərlər, öz işini bilir. Ruh yüksəkliyi, peşakarlıq, motivasiya, bir-birinə dəstək olmaq, savadlı kadrlar, bunların hər birinin komandada olması labüddür. Çalışdığım kollektivdə isə bütün bunlar var və mən burada olmaqdan həqiqətən çox zövq alıram.

Yusif müəllim, çox xoş və düşünürəm ki, çox faydalı müsahibə oldu, təşəkkür edirəm.

Mən də sizə öz minnətdarlığımı bildirirəm, mənim üçün də xoş oldu. Əgər dediyiniz kimi, faydalı ola bildimsə, bunu özüm üçün daha bir uğur hesab edə bilərəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR