Avam Novruzəlilər
Bizi izləyin

Qırmızı.az

Avam Novruzəlilər

Mirzə Cəlil “Poçt qutusu” adlı kiçik hekayəsi ilə böyük bir problemi ön plana çəkir.

Əsərin baş qəhrəmanı olan Novruzəli xeyirxah bir kəndlidir. Bundan əlavə, o, savadı olmayan, xanın qulluğunda çalışan bir insandır. Novruzəli xanın ona verdiyi məktubu alandan sonra ağasının “poçtxanaya getməlisən” sözü qarşısında donub qalır. Çünki Novruzəli poçtxananı tanımır. Amma buna baxmayaraq, xana sadiqdir. Məhz buna görə də, məktubu götürüb birbaş poçtxanaya gedir. Qutuya məktubu salandan sonra nə edəcəyini bilmir və orda daşın üstündə oturub gözləyir. Bir-iki nəfər gəlib, məktublarını Novruzəlinin yanında dayandığı qutuya atıb gedirlər. Sonra bir rus gəlir və poçt qutusunu boşaldıb getmək istəyəndə Novruzəli xanın məktubunu oğurladığını zənn edərək onu əzişdirir. Novruzəlinin qolundan tutub həbsxanaya salırlar və xanın bütün cəhdlərinə baxmayaraq, ona adam döydüyünə görə üç ay iş kəsirlər.

Yazıçı Novruzəlinin avamlığını onun savadsızlığında görür və onun simasında Azərbaycandakı cəhaləti ifşa edir. Ancaq Novruzəlinin savadsızlığından daha ağır məqam var. O, öz savadsızlığının heç fərqində belə deyil. Onun üçün ağasına sadiq olmaq, onun bir sözünü iki etməmək əsasdır. Ona görə də, Novruzəli başına gələn hadisənin mahiyyətini anlamaqdan uzaqdır.

Cəlil Məmmədquluzadə bu hekayəsi ilə Novruzəlinin timsalında yüzlərlə, minlərlə novruzəliləri tənqid edir, onların savadsızlıqlarını acı gülüş hədəfinə çevirir. Öz dövründə Azərbaycan və müsəlman aləmində savadsızlığın belə vüsət alması yazıçını düşündürür və sonrakı əsərlərində də o, dönə-dönə bu problemə qayıdır.

“Poçt qutusu”nda belə bir yer var: xan Novruzəlidən soruşur ki: “Poçtxananı tanıyırsan?”. Novruzəli isə oranı tanımadığını söyləyir. Xan bir daha soruşur: “Çox əcəb, nəçəlnik divanxanasını tanıyırsan?” Novruzəli də deyir: “Bəli, xan, başına dönüm tanıyıram, niyə tanımıram? Keçən həftə mən elə gəlmişdim nəçəlniyin yanına şikayətə... Xan, and olsun sənin başına, bizi kəndxuda çox incidir...”

Hekayədə olan bu hissədə yazıçı ustalıqla öz narazılığını dilə gətirir. Günah novruzəlilərdədir, ya onları bu günə qoyan bu cür xanlarda? Çünki xalqa istiqamət verən onun öncülləri, başçılarıdır. Əsərdən də görünür ki, xan kəndlilərini yox, ailəsini düşünür. Belə ki, Novruzəli kimi savadsız cahillər yüksək mənsəbdə işləyənləri tanımırlar, amma onların pis əməllərini çox yaxşı bilirlər. Sonradan onların yanına şikayətə gedəndə də aldanıb yola salınırlar. Bu da onların böyük fəlakətlərinin yaranmasına şərait yaradır.

“Poçt qutusu” hekayəsi həmişə oxunaqlıdı. Mirzə Cəlil bu hekayədə ustalıqla savadsız təbəqənin yüksək mənsəbdə işləyənlərə sərf etməsi, bundan onların heç bir narahatlıq duymaması, novruzəliləri aldadıb öz istədiklərini yerinə yetirmələri, geridə qalan savadlıları isə saymamaları əsərdən çıxan nəticədir. Düşünürəm ki, “Poçt qutusu” hekayəsini oxumaqla insanlar savadsızlığın necə fəlakətlər törətdiyini gözləri önünə gətirəcəklər. Çünki hələ də ətrafımızda Novruzəlinin davamçıları var...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm