Bakının ən məşhur ölüyuyanı: ““Skvozniyak” olmasın, ölüyə soyuq dəyər...” - MÜSAHİBƏ
Bizi izləyin

Qırmızı.az

Bakının ən məşhur ölüyuyanı: ““Skvozniyak” olmasın, ölüyə soyuq dəyər...” - MÜSAHİBƏ

Müsahibim paytaxtın Həzrəti İmam Əli məscidində yuyucu işləyən Bibixanım xaladır. Əslində burada hamı onu Bibixanım kimi tanısa da, əsl adı başqadır. Heç kimə deməyib, heç bizə də demədi. Müsahibəyə çətinliklə razı saldıq. Amma bir şərtlə razılaşdı ki, şəklini çəkməyək. Belə də etdik. 75 yaşlı Bibixanım xanımın Publika.az-a müsahibəsini təqdim edirik.

- Nə vaxtdan ölü yumaqla məşğul olursunuz?

- Bu işə nə vaxt başladığım heç yadıma da gəlmir. Lap çoxdan olub. Əvvəllər işləyirdim, arada da ölü yumağa çağırırdılar, gedirdim.

- Harada işləyirdiniz, ixtisasınız nədir?

- Tibb bacısıyam, mamaça. Əslində Əhmədli qəsəbəsində yaşayıram. Çox işlərdə işləmişəm. Doğum evində, stasionar xəstəxanada, təcili yardımda tibb bacısı kimi çalışmışam. O vaxt qəsəbədə, demək bir az pis çıxmasın, ölünü yumağa təmiz adam axtarırdılar. Məni də tanıyırdılar, dedilər ki, həm təmiz adamsan, həm də tibb işçisisən. Yəqin ki, meyitdən də qorxmazsan. Elə o vaxt getdim ölüxanaya, mənə də bu işi öyrətdilər. Həmin vaxtdan indiyə kimi, 30 ilə yaxındır ki, ölü yuyuram. Sonra da bir nəfər tanış kişi var idi, onu tək götürmürdülər məscidə. Elə onun sözünə baxdım gəldim məscidə. Düzdür, gəldiyimə peşman oldum, hazır evimdə oturmuşdum, arada çağırırdılar, gedib yuyurdum. Məsciddə ayrıca otaq veriblər, evimdən avara olub burada yaşayıram.

- Bəs necə oldu işinizdən ayrılıb bu peşə ilə məşğul olmağa başladınız?

- Mənim 75 yaşım var. 65 yaşdan yuxarı şəxslərin işləməməsilə bağlı qərar çıxandan sonra məni də işdən çıxardılar. Ondan sonra başladım bu sənətlə mütəmadi məşğul olmağa. Çox yerdə işləmişəm, bu məsciddə isə heç bir il yoxdu işləyirəm. 2014-cü ilin fevralından buradayam.

- Bəs necə oldu meyit yumağa başladınız? Qorxmurdunuz ki?

- Yox heç qorxmamışam. Mənim işim elə idi ki, işdə ölənləri çox görmüşdüm. Elə əksər ölüyuyanlar tibb bacılarıdır da. Onlar praktikada tez-tez meyitlə rastlaşırlar. O qədər əlimizdə ölənlər olurdu ki...Heç qorxmadım.

- Bu işin çətin cəhəti nədir?

- Çətinlik o zaman olur ki, bəzən ölüsünü yumağa gətirənlər müdaxilə edirlər. Kişilər belə olmur, adətən, qadınlar hər işə qarışırlar. Bəzən qadınlar deyirlər ki, ““skvozniyak” olmasın, ölüyə soyuq olar”, “ölü soyuğu sevmir”. Bu adamları başa salmaq olmur ki, ölən adam üçün isti-soyuğun fərqi yoxdur. Bəzən deyirlər ki, meyitin ayaqlarına şalvar geyindir. Bizim məscidin öz qayda-qanunları var. Biz də burada olan qaydalara uyğun meyiti kəfənləyirik. Bu cür bezdirici adamlar düşəndə onları başa salınca bir qədər əziyyət çəkirik.

Bəziləri də dirənir ki, yuma, diridir. Başa sala bilmirəm ki, ay balam, bu diri deyil. Məsələn, bir dəfə bir yaşlı qadın ölmüşdü. Qadının qızı gəlib durub başımın üstündə ki, anam diridi. Soruşuram ki, “bəs həkim gəlib baxmayıb?”, deyir ki, “baxıb”. Daha deyə bilmirəm ki, diridi, niyə gətirmisən? Bir xeyli saxlamışıq, axırda nəvəsi gəlib çıxdı və anasını birtəhər razı saldı.

- Qadın, kişi yuyucu ayrı olmalıdır?

- Bəli, qadını qadın, kişini kişi yuyucu yumalıdır.

- Sizə kimsə kömək edirmi yuyanda?

- Yox mən tək yuyuram. Kömək edən yoxdur. Elan vermişik, gələn yoxdur. Olsa yaxşı olar.

- Meyiti yumaq üçün xüsusi qaydalar varmı?

- Əlbəttə, bu peşənin də öz qayda-qanunları var. Ölünü yuyarkən bədən daşın üzərində olmalıdır. Bədəni təmizləmək üçün sabundan istifadə edirik. Axırda da qusul veririk və kəfənləyirik. Kəfən fitə, köynək, ləçək və gövdədən ibarətdir. Pambıq da qoyulur. Mənim yuduğum adamların əksəriyyəti yataq yaraları ilə gəlir. Bunlar, adətən, qoca və xəstə adamlar olur.

- Qəzaya düşən yaralı da ola bilir. Bunları yumaq çətindir?

- Kəfənə qan çıxmamalıdır. Ona görə də yaralı yerlərə sellofan, pambıq qoyub bağlayırıq. Kəfənə bükəndən sonra dörd yerdən düyün vurulur: başından, ayağından və iki dənə orta hissədən düyünlənir. Düyünün başqa heç bir mənası yoxdur. Meyit qəbrə sağ çiyni üstündə qoyulur və düyünləri açılır. Bəzən olur ki, gələn meyit tamamilə yanır, heç ələ gəlmir. Biz onları torpaqla təyəmmüm edirik.

- Nə qədər zəhmət haqqı alırsınız?

- Maaş kimi bizə pul vermirlər. Yuduğumuz adamın yaxınları məscidin pulunu keçirirlər. Ondan sonra bizə əlmuzdu olaraq nə qədər istəsələr, o qədər verirlər. Elə adam var 10 manat verir, elə olur 20-30 manat verir. Biz ona qiymət demirik. Heç məscid də qiymət demir.

- Bəs bu pulla necə dolanırsınız?

- Mən pensiya alıram, ona görə də bu pula çox da ümid olmuram. Məsələn, iki aydır ki, ölü yoxdur.

- Heç pulsuz yuduğunuz ölü olub?

- Çox olub. Adam var ki, pulu yoxdur, ona nə deyə bilərəm ki? Hətta olub ki, özümdən mələfə də qoymuşam. Olub ki, bükməyə xalçası olmayıb özümdən adyal vermişəm. Belə də olub.

- Kimsəsiz ölülər də olurmu?

- Yox. Evdə tək yaşayan qadınların evinə görə, heç olmasa, bir adamı olur. Lap küçədə yaşayan da olur, onları “uçaskovı” gətirir. Belələrini Allah rizası üçün pulsuz yuyuruq. Adətən, bunlar qadın olmur, daha çox kişilər olurlar. Yuyandan sonra polis dəfn edir.

- Övladlarınız var?

- Hə, var.

- İstəyərdiz onlar da bu peşəni seçsinlər?

-Yox, nə danışırsız!? Onlar hamısı oxuyublar, öz işləri var.

- Bəzən bu peşəyə yuxarıdan aşağı baxırlar. Bu, sizi incitmir ki?

- Çox incidir. Əslində mən alın təriylə halal çörək qazanıram. Belələrinin elə özüm cavabını verirəm. Deyirəm, “gedib camaatın arvadının kişiləriylə gəzisiniz e, ondan pis deyil ki?!” Hirslənirəm də. Bəzən rişxənd edirlər ki, “buna bax, ölüyuyan...” Mən anadangəlmə ölüyuyan olmamışam ki, sonradan gəlmişəm də bu peşəyə. Fikirləşmir ki, özü də öləcək. Hamımız öləcəyik, bizi də kimsə yuyacaq da. O yumasın, bu yumasın, bəs kim yusun?

- Gün ərzində ən çox neçə ölü yuyursuz?

- Burada çox olmur. Əhmədli qəsəbəsindəki ölüxanada çox olurdu. Orada demək olar, hər gün növbə olurdu. Burada olur ki, aylarla ölü olmur. İki aydır ki, heç ölü yoxdur. Mən başqa yerlərdə də işləmişəm. Nədənsə, kişilər qadınlara nisbətən daha çox ölür.

- Bəlkə, qadınları daha çox evdə ailə üzvləri yuyur?

- Ola bilər. Amma hər yerdə ölünü yumaq olmur axı. Bu ərazidə həyət evləri çoxdur, ona görə yumaq olur. Bina evində yumaq olmur. Elə ölü olur ki, ona bir ton su gedir. Ümumiyyətlə, mənə elə gəlir ki, evdə ölünü təmiz yumurlar. Biz daha təmiz yuyuruq.

- İndiyə qədər nə qədər ölü yumusunuz?

- Çox, 300-dən çox olar. Heç sayını-hesabını bilmirəm.

- Əlinizdə dirilən olmayıb?

- Yox. Amma bir dəfə Keşlədə işləyərkən bir hadisə olmuşdu. Deməli, qadını qızı, iki oğlu və kürəkəni gətirdi yumağa. Baxdım ki, arvad isti, od kimidi. Soruşdum ki, “qızım, bu bəlkə ölməyib? Həkim gəlib baxıb?” Dedi “yox həkim baxıb, yorğana bükmüşük ona görə istidir”. Qəsdən onu soyuq su ilə yudum ki, bəlkə, soyuya, amma heç soyumadı. İndiyə qədər o, mənim yadımdan çıxmır. Qızı da heç ağlamırdı. Ondan nəsə şübhəli qalmışam. Bilmirəm, bəlkə də, heç o qadının uşaqları olmayıblar. Pulla hər şey eləmək olur axı...

- Ölüyə nə qədər kəfən lazım olur?

- 10 metr standart ölçüdür. Biz ən qalın ağ parçanı alırıq. Yuyanda da sidr və kafirdən istifadə edirik. Bunlar şəriətə aiddir. Sidr ağacından hazırlanmış məhlulu və hamımızın tanıdığı kamfora bitkisinin tozunu suya qarışdırıb ayrı-ayrılıqda ölünü yaxalayırıq. Bunun nə üçün olduğunu neçə molladan soruşmuşam, bilən olmayıb. Amma görünür,nəyə görəsə lazımdır.

- Ölünü əlcəklə yuyursuz?

- Hə, mütləq. Əlcək, önlük, rezin çəkmə, ayrıca xalat, üzümüzdə də maska olur. Əlimiz meyitə dəyərsə, mütləq qusul almaq lazımdır. Əl dəysə, o deməkdir ki, sən ruhlusan. Mən hər dəfə ölünü yuyandan sonra yuyunuram, qüsul alıram, hətta əlim dəyməsə də, qüsul alıram.

- Bəs əl dəyəndə nə olur?

- Heç nə. Mən bununla bağlı bir molladan soruşmuşam. O dedi ki, əgər məcazın götürüsə, heç nə olmaz. Amma pak olmaq daha yaxşıdır. Ürəyimdə qalmasın deyə bunu edirəm.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm