• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qız üstündə 20 ilin dostları düşmən oldu – Bir cinayətin tarixçəsi

Qız üstündə 20 ilin dostları düşmən oldu – Bir cinayətin tarixçəsi

Gəncə şəhərində qız üstündə mübahisə qanlı cinayətlə nəticələnib. Hadisə şəhərin İ.Qayıbov küçəsində baş verib. 20 ilin uşaqlıq dostları bir qızın üstündə bıçaq davasına çıxıblar. Onlardan biri yaralanıb, digəri isə həbsə düşüb.

Publika.az-ın məlumatına görə, hadisə 2014-cü il aprelin 23-də, saat 15 radələrində baş verib. Gəncə tibb texnikumunun yaxınlığında Yusif Məmmədov dostu Murad Sadıxovun sevgilisi Aysel Quliyevaya söz atıb.

Uşaqlıq dostları arasında qanlı olay

Yusif Məmmədovun hərəkətlərini kənardan keçən Murad Sadıxov görüb. Uşaqlıq dostunun hərəkətləri Muradı hövsələdən çıxarıb. O, sevdiyi qıza söz atan dostunu cəzalandırmaq qərarına gəlib.

Bu məqsədini həyata keçirmək istəyən Murad ona Gəncə çayının kənarına getməyi təklif edib. Yusif etiraz etməyib. Onlar birlikdə Gəncə çayının kənarına gediblər.

Yolda Yusif Məmmədov etdiyi hərəkətlərə görə Muraddan üzrxahlıq edib. O, Muradın həmin qızı sevdiyini bilmədiyini deyib. Amma sevgilisinə söz atılmasına dözməyən Murad uşaqlıq dostunun üzrxahlığını qulaqardına vurub və Yusif Məmmədovdan qisas almağı qarşısına məqsəd qoyub.

Üzrxahlıq etdi, amma bağışlanmadı

Yusif Məmmədov Muradın onu eşitməməsinə əsəbiləşib və dostu ilə mübahisə edib. Mübahisə zamanı Murad özündə olan bıçaqla Yusif Məmmədova bir neçə zərbə vurub və daha sonra hadisə yerindən qaçıb.

Yusif Məmmədov hadisə şahidlərinin köməkliyi ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Stansiyasına çatdırılıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Murad Sadıxov həbs edilib.

Gəncin iki maddəli cinayət işi

Həmyaşıdını öldürməyə cəhd edən 1993-cü il təvəllüdlü Murad Sadıxovun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə sağlamlığa ağır xəsarət yetirmə) və 228.4-cü (qanunsuz silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə təqsirli bilinib. Murad Sadıxovun barəsində olan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

“Sevdiyim qıza söz atdığını gördüm”

Murad Sadıxov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Yusif Məmmədovu səbəbsiz yerə vurmayıb: “Yusifin sevdiyim qıza yaxınlaşdığını, ona söz atdığını gördüm. Bundan əsəbiləşdim. Buna görə də bıçaqla onu vurdum”.

Peşmanam”

Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra Yusif Məmmədova kömək etmək istəyib. Amma edə bilməyib: “Yusifi vurandan sonra peşman oldum. Ona kömək etmək, xəstəxanaya aparmaq istədim. Amma Yusif yaralı vəziyyətdə oradan qaçdı. Bu səbəbdən də, ona kömək edə bilmədim. Törətdiym əmələ görə bağışlanmağımı istəyirəm”.

Zərərçəkmiş: “Şikayətim yoxdur”

Zərərçəkmiş Yusif Məmmədov hadisənin təsadüf nəticəsində baş verdiyini deyib. O bildirib ki, bilmədən Murad Sadıxovun sevdiyi qıza söz atıb: “Bu səbəbdən, Muraddan üzr istədim. Amma o, məni bıçaqla vurdu. Buna baxmayaraq, Muradı bağışlayıram. Ondan şikayətçi deyiləm”.

6 il 6 ay cəza

Məhkəmə şahid ifadələrini dinlədikdən sonra hökmü elan edib. Məhkəmənin hökmü ilə Murad Sadıxov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edilib.

Hökmdən Murad Sadıxovun vəkili Tünzalə Vəliyeva narazı qalıb. O, Gəncə Ağır Cinayələr Məhkəməsinin hökmünün ləğv edilməsi üçün apelyasiya şikayəti yazıb. Vəkil şikayətində qeyd edib ki, Murad Sadıxovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilməli, ona şərti cəza verilməlidir.

Vəkilin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılıb. Prosesdə çıxış edən vəkil Tünzalə Vəliyeva apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, müdafiə etdiyi şəxsin barəsində şərti cəzanın təyin edilməsini xahiş edib.

Daha sonra çıxış edən Murad Sadıxov vəkili ilə razı olduğunu və apelyasiya şikayətinin təmin edilməsini istəyib. O, barəsində heç kimin şikayətçi olmadığını və gənc olmasını hakimlərdən nəzərə alınmasını xahiş edib. Zərərçəkmiş Yusif Məmmədov da apelyasiya şikayətinə etiraz etməyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərarı açıqlayıb. Qərara görə, Murad Sadıxovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov

Xəbər lenti

DAHA ÇOX XƏBƏR