Orta məktəbdə lüğət qalmaqalı - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Orta məktəbdə lüğət qalmaqalı - FOTOLAR

“Əziz Əfəndizadənin müəllifi olduğu “Orfoqrafiya-orfoepiya lüğəti” kitabının təkmilləşdirilmiş nəşrində bir sıra sözlər yerində deyil. Həmin kitabı təkrar nəşr edən “AM 965” MMC-nin mətbəəsi bir sıra səhvlərə yol verib. Təəssüf ki, həmin kitabı yenidən nəşr edən mətbəə öz ünvanını da gizlədib”.

Bu barədə Publika.az-a danışan 272 saylı orta məktəbin ibtidai sinif müəlliməsi Sevil Qulubəyova bildirib ki, hazırda satışda olan həmin lüğət bir sıra səhvlərlə doludur: “Çox işlənən sözlərə alışsınlar deyə şagirdlərə bu kitabı almalarını tövsiyə etdim. Çünki hələ kiril əlifbasından istifadə etdiyimiz dövrlərdən indiyə kimi Əziz Əfəndizadənin müəllifi olduğu əvvəlki lüğətlər şagirdlər və müəllimlər üçün faydalı idi. Səid sözünün necə yazılışı ilə bağlı dəqiqləşdirmə aparmaq istədikdə gözlərimə inanmadım. Guya təkmilləşdirildiyi iddia olunan həmin lüğətdə sözlər yerində deyil. Sinif üçün ümumi 25 kitab almışıq. Əvvəllər köhnə əlifba ilə nəşr olunan kitabı sadəcə hərflərin formasını dəyişməklə yenidən nəşr ediblər. Ardıcıllıq isə olduğu kimi qalıb. Ona görə də sözü tapmaq mümkün deyil. 8-10 hərfdən ibarət sözü tapmaq üçün kitabı bir neçə dəfə vərəqləmək lazımdır. Bu isə şagirdlərə vaxt itkisi hesabına başa gəlir”.

Sevil Qulubəyova həmin kitabları aldığı satış mağazası ilə əlaqə saxlamağı məqsədəuyğun sayıb: “28 May metrostansiyasının yaxınlığındakı kitab satışı mağazasına getdim. Xahiş etdim ki, məni kitabı təkrar nəşr etmiş mətbəə ilə calaşdırsınlar. Çünki “Orfoqrafiya-orfoepiya lüğəti”ndə həmin mətbəənin ünvanları yoxdur. Düz beş dəfə həmin mağazaya baş çəkdim. Amma mətbəənin ünvanını və əlaqə telefonlarını mənə verməkdən imtina etdilər. Kitab mağazasının rəhbərliyinə “Əziz Əfəndizadənin müəllifi olduğu “Orfoqrafiya-orfoepiya lüğəti” kitabının təkmilləşdirilmiş nəşrində xeyli səhvin olduğunu dedim. Lakin şagirdlərdən bəzilərinin kitabların içinə öz ad və soyadlarının yazılması səbəbindən rəhbərlik həmin nəşrləri geri qaytarmaqdan imtina etdi. Bildirdi ki, biz həmin kitabları daha sata bilməyəcəyik. Əslində həmin kitablar satışdan yığışdırılmalıdır. Xahiş etdim ki, məni ünvanları kitabda yazılmayan həmin mətbəə ilə əlaqələndirsinlər. Lakin əlaqələndirməkdən də imtina etdilər. Kitab mağazası vasitəsilə mətbəənin rəhbərliyi ilə görüş təyin etdik. Lakin iki dəfə həmin yerdə olsam da, mətbəənin rəhbərliyi görüşə gəlməkdən imtina etdi”.

Kitabın redaktoru Arif Kazımov, texniki redaktoru isə Nuranə İsmayılovadır. Lüğətə filologiya elmləri doktoru, professor Yusif Seyidov və Buludxan Xəlilov rəy veriblər. 2011-ci ildə təkmilləşdirilmiş lüğətdə təxminən 9 min söz əhatə olunub. Vəsait orta və yuxarı sinif şagirdləri, tələbələr, nəşriyyat və radio-televiziya işçiləri, aktyorlar, özfəaliyyət dərnəkləri üçün nəzərdə tutulub: “Təəssüf ki, kitab hələ də satışdadır. Mən öz sinfimdən bu kitabları yığışdırmışam. Lakin təəssüf ki, bəzi siniflərdə hələ də bu lüğət tədris olunur. Əziz Əfəndizadə respublikamızda tanınmış filologiya mütəxəssislərindən biri idi. Bu kitabın belə nəşri onun ruhuna da sayğısızlıqdır. Heç redaktorun da bundan xəbəri yoxdur. Axı 6 ay əlifba keçən şagird bu lüğətdən necə istifadə edə bilər? Təhsil Nazirliyinin Dərsliklər və Nəşriyyat Şöbəsinin müdiri Faiq Şahbazlı bildirdi ki, həmin lüğət nazirliyin icazəsi olmadan nəşr olunub. Belə isə, bu cür kitablar məktəblərə necə yol açmalıdır? Həmin lüğət satışdan çıxarılmalıdır. Əgər bununla bağlı tədbir görülməsə, məhkəməyə müraciət edəcəyəm”.

Kitabın redaktoru Arif Kazımov isə Publika.az-a bunun qeyri-adi hadisə olmadığını dedi: “Bu lüğət latınca çıxmayıb ki, kirilcə nəşr olunub. Bir müəllim deyir ki, yanlışlıqlar olub. Olub olub də..! Qeyri-adi bir şey olmayıb ki. Məsləhət belə olub, belə də vermişəm, sonra? Kitabı belə tərtib etmişəm. Kim istəyir belə istifadə etsin, istəməyənlər yox. Onu qanan adam bilsin ki, həmin kitab sovet vaxtı çap olunub”.

Arif Kazımova artıq ölkəmizin neçə ildir latın əlifbasına keçdiyini və bu lüğətin bəzi məktəblərdə şagirdlərin də istifadə etdiklərini, ən əsası isə mətbəənin ünvanlarını göstərmədiyini xatırlatdıqda o, belə cavab verdi: “Belə məsləhət olub və mən də kitabı belə vermişəm. Həmin kitab latın qrafikası ilə nəşr olunmamışdan əvvəl kirilcə çıxmışdı. Boş-boş şeylərlə məşğul olmayın”.

Lüğətə rəy verən ADPU-nun Filologiya fakültəsinin dekanı, filologiya elmləri doktoru, professor Buludxan Xəlilov Əziz Əfəndizadənin “Orfoqrafiya-Orfoepiya lüğəti”nin hələ bir neçə il əvvəl nəşr olunduğunu dedi: “Tənqid edən çox ola bilər. Amma fakt ondan ibarətdir ki, bu gün orfoqrafiya və orfoepiya lüğətinə çox ehtiyac var. Ola bilsin, kiril ardıcıllığı olub. Söhbət ondan gedir ki, bu gün orta məktəb şagirdlərinin orfoqrafiya və orfoepiya qaydalarına yiyələnmələri üçün əllərinin altında bir kitab yoxdur. Gələcəkdə belə nəşrlərin olması üçün ilkin mərhələyə ehtiyac var. Bu kitabın olması o demək deyil ki, həmin lüğət yüzdə yüz orta məktəb şagirdlərinin bütün tələblərini ödəyir. Orada kifayət qədər qüsurlar ola bilər. Bu o demək deyil ki, həmin kitab ideal lüğət kimi tərtib olunub. Məqsəd ondan ibarətdir ki, Əziz Əfəndizadənin o dövrdə çap edilən orfoqrafiya və orfoepiya lüğəti söz və əlavələr artırılmaqla, onun üslubuna toxunmadan, müəllifin əlifba ardıcıllığına dəymədən çap olunsun. Gələcəkdə latın əlifbası ilə orfoqrafiya və orfoepiya lügətləri çap olunsa, bu nəşrdən baza kimi yararlanmaq mümkün olacaq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm