Bazarın bazar olsun: satan kim, alan kim - “Vosmoy”dan FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Bazarın bazar olsun: satan kim, alan kim - “Vosmoy”dan FOTOREPORTAJ

“8-ci kilometr Ticarət Mərkəzi” yenə də gündəmdədir. Amma bu dəfə mənşəyi məlum olmayan bəzi mallarının ucuzluğu, antisanitar şəraiti ilə yox, satışa çıxarılması ilə bağlı.

Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) Bakının Nizami rayonunda yerləşən bu bazarın səhmlərinin 99,89 faizinin satılması üzrə investisiya müsabiqəsi elan edib. 514,981 min ədəd səhmin satışı üzrə müsabiqəyə həm yerli, həm də xarici investorlar qatıla bilərlər. Müsabiqənin qalibi səhmlərə görə dövlət büdcəsinə ən azı 312 min manat köçürməlidir. Komitədən verilən məlumatda bildirilir ki, qaliblə səhmlərin alğı-satqısı haqqında müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu tarixdən etibarən 30 gündən gec olmayaraq imzalanmalıdır.

Maraqlıdır ki, bazarın alıcıları kimi satıcıları da bundan məlumatsızdırlar. Ticarət mərkəzinin bir neçə satıcısı ilə söhbətləşərək bazarın satışa çıxarılması məsələsinə münasibətlərini öyrəndik.

“Mənə nə, kim alır, kim satır?

Təbii ki, həmişə olduğu kimi bu gün də hər kəs öz işinin başındaydı. Müştəri çağıran kim, malını tərifləyən kim… Hər gün ticarət mərkəzində alverlə məşğul olan şəxslərin böyük qismi bu məlumatdan xəbərsizdir. Onların az bir qismi bazarın satışa çıxarılması haqqında eşidib. Soyadını təqdim etməyən Elnur adlı satıcı bildirdi ki, ticarət mərkəzinin satışa çıxarılmasının onun üçün heç bir əhəmiyyəti yoxdur: “Mən 9 ildir burda çörəkpulu qazanıram, “şmotka” satıram. Gündəlik yerpulumu verirəm. Mənə nə, kim alır, kim satır?”

Uşaq geyimləri, böyüklər - qadın və kişi paltarlarının satışı ilə məşğul olan Elçin Məmmədov isə bunun şayiə olduğunu hesab edir . O, belə bir xəbərə inanmadığını dedi: “Kim deyir ki, satılır? Ötən il də xəbər yayıldı ki, bazarı Kürdəxanı tərəfə köçürəcəklər. Deyəsən, elə bu vaxtlar idi. Hamımız gözləyirdik ki, gəlib deyəcəklər malınızı yığın. İndi də satış söhbəti… Hamısı boş-boş söhbətlərdir”.

Söhbətləşdiyimiz daha iki satıcı “8-ci kilometr Ticarət Mərkəzi”nin satışa çıxarılmasından məlumatsız olduqlarını deyərək bu barədə danışmaq istəmədiklərini bildirdilər.

Bazarın satışa çıxarılması xəbərinə alıcıların da münasibətlərini öyrəndik. Hər gün burdan bazarlıq etdiyini deyən Xətai rayon sakini Elmira Əhmədova hesab edir ki, “8-ci kilometr Ticarət Mərkəzi”nin satılması onun üçün o qədər də məna kəsb etmir: “Ondansa gəlib natəmizliyi aradan qaldırsınlar. Səliqə-səhman yaratsınlar.”Polka”ları qoyublar küçənin ortasına, hərəkət etmək də mümkün deyil”.

“Satılır? Allah xeyir versin!”

Söhbətləşdiyimiz satıcılardan bəziləri “8-ci kilometr Ticarət Mərkəzi”nin satışa çıxarılmasından məlumatlı olduqlarını büruzə verdilər. Tural Abbasov adlı satıcı isə bildirdi ki, bazarın satışa çıxarılması xəbərini üçüncü dəfədir eşidir: “Vosmoy bazarı səhv etmirəmsə, 2009-cu ildə də satışa çıxarılmışdı. Bundan əvvəl də belə xəbər eşitmişdim. Əvvəllər bazarın rəhbəri Rasim Məmmədov satıcıları incidirdi. Deyəsən, bir dəfə qiymətləri özbaşına qaldırmışdı da. Ona görə uşaqlar (satıcılar-müəl.) nazirliklərin qabağında aksiya-zad keçirdilər. Bundan sonra Rasim geri çəkildi. Onda da eşitdim ki, rəhbərlik dəyişir, bazar satılır”.

Satıcı Ruslan Məmmədov da gülümsünərək bazarın satışa çıxarılması xəbərini eşitdiyini bildirdi: “Satılır? Allah xeyir versin, nə deyim? Bizi burda ancaq bir şey maraqlandırır – çörəkpulu. Təzəsi (yeni rəhbərlik-müəl.) gəlsə, nə edəcək? Bircə yerpulunu qaldırmasınlar, qalan nə bilirlər, etsinlər”.

“Rəhbərlik ancaq səhərlər burda olur, siz Hikməti görün”

Ticarət mərkəzinin daxilində asayişə nəzarət xidmətini həyata keçirən post-patrul əməkdaşları bu barədə danışmaqdan imtina edərək rəhbərliklə əlaqə saxlamağı məsləhət bildilər. Polis əməkdaşları “8-ci kilometr Ticarət Mərkəzi”nin satışı ilə bağlı hər hansı xəbər eşitmədiklərini, bu məlumatla ilk dəfə bizim vasitəmizlə tanış olduqlarını dedilər.

“8-ci kilometr Ticarət Mərkəzi” ilə eyni məkanda yerləşən “Kəngərli” firmasının rəhbərliyi “Vosmoy bazarı”nın satışa çıxarılması xəbərindən məlumatsız olduqlarını bildirdilər.

Bazarın satışı, habelə digər məsələlərə aydınlıq gətirmək üçün bazarın rəhbərliyi ilə əlaqə saxlamaq istədik. Satıcıların göstərdiyi ünvana baş çəkdikdə rəhbərliyin burda olmadığını dedilər. Özünü təqdim etmək istəməyən işçilərdən biri qeyd etdi ki, bazarın müdiriyyəti əsasən günün səhər saatlarında yerində olur: “Səhərlər plan yığılır. Onda hamısı iş başında olur. Günorta isə hərə bir tərəfə dağılışır. Müdiri ancaq səhər tezdən burda tapa bilərsiniz” . O, bizə elektrik avadanlıqları mağazasının sahibi Hikmət adlı şəxsə müraciət etməyi məsləhət gördü. Bildirdi ki, bazarla bağlı bütün məlumatlar ondadır. İşçiləri mağaza sahibinin işdə olmadığını, günün axşam saatlarında geri qayıdacağını bildirdilər.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm