• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

UNICEF: 2014-cü il uşaqlar üçün təhlükəli il olub

UNICEF: 2014-cü il uşaqlar üçün təhlükəli il olub

BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Entoni Leyk 2014-cü ildə dünyada yaşayan uşaqların vəziyyəti ilə bağlı məlumat yayıb.

Publika.az AzərTac-a istinadən xəbər verir ki, təşkilat 2014-cü ildə Əfqanıstan, Konqo, Nigeriya, Pakistan, Somali, Sudan və Yəmən kimi münaqişələrin baş verdiyi ölkələrdə uşaqların həyatının təhlükə içərisində keçdiyini və onların faciəli vəziyyətlə üzləşdiklərini, minlərlə günahsız uşağın öldürüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, Mərkəzi Afrika Respublikasında, İraqda, Cənubi Sudanda, Suriyada, Ukraynada və Fələstin ərazisində 15 milyondan artıq uşaq münaqişə zonasında qorxulu anlar yaşamağa məcbur olub.

Ümumilikdə, silahlı münaqişələrin baş verdiyi ölkələrdə və regionlarda yaşayan 250 milyon uşağın həyatı daim təhlükə altında olub.

Bildirilib ki, uşaqlar dərs keçdikləri və ya yataqda olduqları vaxt ölüm onları haqlayıb, münaqişə nəticəsində valideynlərinin birini və ya hər ikisini itirib, yüzlərlə uşaq oğurlanıb və zorakılığa məruz qalıb, qul kimi satılıb.

Baş direktor Mərkəzi Afrika Respublikasında 2,3 milyon uşağın münaqişədən əziyyət çəkdiyini, 10 mindən çox uşağın silahlı dəstələr tərəfindən zorakılığa məruz qaldığını, 430 uşağın qətlə yetirildiyini bəyan edib. Suriyada müharibədən 7,3 milyon uşağın əziyyət çəkdiyi və daim qorxu içərisində yaşadığı, 1,7 milyon uşağın ölkəni tərk etdiyi qeyd olunub. İraqda 700 uşağın həyatına son qoyulduğu, Cənubi Sudanda silahlı toqquşmalar nəticəsində 750 min uşağın öz yurdlarını tərk etməyə məcbur olduğu, 600 uşağın isə qətlə yetirildiyi bildirilib.

UNICEF dünya ölkələrini gələcək nəslə qarşı zorakılığa son qoymaq üçün səyləri birləşdirməyə çağırıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR