19 saat iş, 131 manat plan, 78 manat yanacaq xərci – Avtobus sürücüsü ilə SÖHBƏT - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

19 saat iş, 131 manat plan, 78 manat yanacaq xərci – Avtobus sürücüsü ilə SÖHBƏT - FOTOLAR

Səhər saat 6 idi, sükan arxasında oturub fikrə getmişdi. Əlini çənəsinə dayayıb özündən əvvəlki avtobusların yerindən tərpənmələrini, növbəsinin çatmasını gözləyirdi. Avtobusun qapısını döyəcləyib salona daxil olduq. “Əhmədli metrostansiyası - Hövsan qəsəbəsi” istiqamətində hərəkət edən 132 saylı sərnişin avtobusunun sürücüsü Mirverdi Mənsimovla salamlaşıb ondan müsahibə almaq istədiyimizi bildirdikdə etiraz etmədi. Mirverdi Mənsimovla bir saata yaxın söhbətləşib, sürücülərin gündəlik qayğıları ilə yerindəcə tanış olduq.

“Avtobus nasazdırsa və təmir olunmalıdırsa, evə gecə saat 1-də qayıdırıq”

- 18 yaşımdan sürücü işləyirəm. 53 yaşım var. Əsgərlikdən qabaq da sürücü işləmişəm, sonra da. Şükür Allaha ki, halal zəhmətimlə çörəkpulu qazanıram.

- Saat neçədə xəttə çıxırsınız?

- Telefonumun saatının “budilnik”inə baxın (əliylə göstərir-red) – zəngi 03:30-a təyin etmişəm. Saat 4-ün yarısı yuxudan oyanır, 5-in yarısı evdən çıxıram.

- Bəs sizi evdən qaraja kim gətirir?

- Avtomobili olanlar öz maşınlarıyıa gəlir. Maşını olmayanlar qaraja taksiylə gəlməyə məcbur olurlar.

- Evə nə vaxt qayıdırsınız?

- Gecə saat 11-də, 12-nin yarısında. Əgər avtobus nasazdırsa və təmir olunmalıdırsa, evə gecə saat 1-də qayıdırıq. Təmir işi varsa, avtobusu saz vəziyyətdə sabah xəttə çıxacaq adama təhvil vermək lazımdır. Saat 1-ə, bəzən də 2-yə kimi təmirin başa çatmasını gözləyirik. Bu, təmirin başa çatmasından asılıdır. Əgər təmir işi olmasa, evə axşam saat 12-nin yarısında, yaxud 12-də gedirik.

- Təmir xərclərini siz ödəyirsiniz, yoxsa marşrut sahibi?

- Xərci həm biz ödəyirik, həm də qaraj sahibi. Yəni təmirə sərf olunan vəsaitin 30 faizini biz, 70 faizini isə qaraj sahibi ödəyir. Ustaya pul verməsən, bu işi keyfiyyətlə görməz. Gedib yolda qalarsan. Ona görə də pul verməlisən.

- Bildiyimə görə, bu maşınların istismar müddəti başa çatıb.

- Artıq 7 ildir istifadədədir. 2007-ci ildən indiyə kimi.

- Səhər xəttə neçədə çıxırsınız?

- Birinci avtobus xəttə 05:50-də çıxır. İkinci maşın isə ondan altı dəqiqə sonra birinci dayanacaqdan yola düşür. Beləcə avtobuslar altı dəqiqə intervalı ilə xəttə çıxırlar.

“Atasız böyümüşəm, anam köməksiz qadın olub”

- 132 saylı marşrut xəttində ümumilikdə neçə avtobus işləyir?

- 15 maşınımız var.

- Yəqin, yoldakı tıxaclar da işinizə təsirsiz ötüşmür.

- Bəli, elə olur ki, tıxaclara görə bir neçə dəqiqə yubanmalı oluruq.

- Gündəlik yanacaq xərci nə qədərdir?

- Mən bu qarajda (avtobus xəttini nəzərdə tutur-müəl.) 3 ildən çoxdur işləyirəm. 2011-ci il sentyabrın 25-də ilk dəfə işə çıxmışam.

- Maşallah, hətta ilk dəfə işə çıxdığınız gün də yadınızdadır.

- Bəli, mən ali təhsilliyəm.

- Yeri gəlmişkən, hansı ali məktəbi bitirmisiniz?

- Keçmiş Politexnik İnstitutunun, indiki Texniki Universitetin Yol İstismarı fakültəsini bitirmişəm. Ali təhsilimi başa vurduqdan sonra az müddətdə öz ixtisasım üzrə işlədim.

- Ali təhsil alsanız da, öz ixtisasınız üzrə çalışmadınız. Peşman deyilsiniz ki?

- Çox peşmanam. Təhsil almağım üçün əziyyət çəkməsəydim, bəlkə də, indi təəssüflənməzdim. Gənclik illərində çox əziyyətlər çəkmişəm. Atasız böyümüşəm. Anam da köməksiz qadın olub.

- Deyəsən, gündəlik plandan danışırdıq axı.

- Mən 2011-ci ildə bu qaraja işə girəndə gündəlik plan 125 manat idi. Həmin vaxt avtobusların sayı da 14 idi. Onda dizel yanacağının qiyməti 45 qəpik idi. Amma indi maşınlarımızın sayı artıb, hər gün xəttə 15 avtobus çıxır. “Salyarka”nın da qiyməti 60 qəpikdir. Çox çətindir.

- Hər gün yanacağa nə qədər xərciniz çıxır?

- 75-78 manat.

- Bəs neçə dəfə xəttə çıxırsınız?

- 9-10 “oborot”.

- 75-78 manatlıq yanacaq bütün sutka ərzində kifayət edir?

- Bəli...Hər “oborot”un birinə təxminən 7 manat – 7 manat 50 qəpik yanacaq sərf olunur. Maşından maşına da fərq var. Nasazlığı olan elə avtobus var ki, o, bir dövrə üçün 8 manat yanacaq işlədir.

“...sərxoş rus qəfil avtobusun qarşısına çıxdı”

- Gündəlik plan nə qədərdir?

- Hər gün 131 manat plan verməliyik. 125 manat planın olduğu 2011-ci illə müqayisədə indi bu məbləğ 6 manat artıb. Bildiyiniz kimi, yanacağın da qiyməti bahalaşaraq 45 qəpik yox, 60 qəpik olub.

- 75-78 manat yanacaq xərci, 131 manat plan. Bu xərclərdən sonra gündəlik qazancınız nə qədər olur?

- On “oborot” edə bilsən, evə 30 manat qazanc – çörəkpulu aparıram. Bəzən 35 manat da olur. Doqquz “oborot” etdikdə isə qazancın 10 manat az olur.

- Bu qədər qazanc 18 saatlıq əziyyətə dəyərmi?

- Yox...

- Sürücülük peşəsi ilə bağlı yadınızda qalan maraqlı hadisə...

- Elə bir maraqlı hadisə olmayıb. Sürücülərə sataşmaq halları olur. Ötən ilin noyabrında xoşagəlməz hadisə baş verdi. Yolda gedərkən sərxoş rus qəfil avtobusun qarşısına çıxdı. Mən sürəti azaldıb əyləci basdım. Avtobus onun üstündən keçmədi, amma vurub aşırdı. Onu dərhal xəstəxanaya apardım. 24 saat sonra ayıldı. Məlum oldu ki, sərxoş imiş. Bu hadisəyə görə başıma nələr gəldi! Polis, həkim, onun öz adamları..! Belə hallar adamda sürücülük peşəsinə qarşı xoşagəlməz hisslər oyadır. Az qalırsan işdən çıxasan. Məcburiyyət qarşısında qalıb işləməli olursan. Özünüz yaxşı bilirsiniz ki, indi iş tapmaq nə qədər çətindir. Sovet vaxtı istədiyin qaraja gedib iş tapa bilirdin. Amma indi elə deyil. Buna görə də işləməli olursan. Bir də görürsən ki, salonda qadınların olmasına baxmayaraq, sərnişinlərdən hansısa üstünə qışqırıb söyüş söyür. Bəzən sərnişin avtobusu hansısa dayanacaqda saxlamağı xahiş edir, amma sən eşitmirsən. Halbuki sərnişin qışqırıb sənə göstəriş verməməlidir. Bunun üçün avtobusda xüsusi zəng düyməsi var, onu basmaq lazımdır. Əsasən mənfi, xoşagəlməz hallar çox olur. Müsbət məqamlar isə az olur.

- Tanıdığınız şəxslərdən, məşhurlardan, məsələn yazıçılardan, şairlərdən avtobusa minənlər olurmu?

- Jurnalist həmkarlarınızdan biri “Əhmədli”də minib “Xəzər”də (univermaq nəzərdə tutulur-müəl.) düşür.

- Mirverdi müəllim, son günlər həm paytaxtda, həm də respublikamızın digər şəhər və rayonlarında baş verən avtobus qəzalarının sayı daha da artıb. Sizcə, belə hadisələr niyə baş verir?

- Sizin kimi başqaları da soruşurlar ki, avtobus sürücüləri nə üçün tez-tez qəzalar törədirlər? Bir sükan arxasında 19 saat fasiləsiz oturmaqla avtobusu nöqsansız idarə etmək olarmı? Axı bu mümkün deyil. Sən 19 saat sükan arxasında əyləşib 200 manatdan çox pul yığmalısan. Gündəlik plan, yanacaq xərci və sənin axşam evə aparacağın gündəlik qazancın.

- Qeyri-iş günlərində gündəlik planın ödənilməsində güzəştlər edilirmi?

- Bəli, güzəştlər edilir. Plan 95 manata endirilir. Təkcə bayramlarda deyil, bazar günlərində də planın ödənilməsində güzəştlər olunur.

- Əgər hansısa vacib iş ortaya çıxarsa, onda necə?

- Onda da güzəşt olunur. Bizdə ehtiyat sürücülər var. Belə olduqda onlardan istifadə edirlər. Lakin gərək bir gün əvvəl xəbər verəsən ki, mənim belə bir problemim var.

“...Bizdə belə hallar olub”

- Bəzən iş yoldaşlarınızın sükan arxasında siqaret çəkdiklərinin şahidi oluruq.

- Şəxsən mən siqaret çəkən deyiləm. Heç içki də içmirəm. Biz seyid nəslindənik.

- İş vaxtı fasilə məsələsi necə həll olunur?

- Hər “oborot”da altı dəqiqəlik fasilə yaranır. Onda siqaret çəkirlər. Amma sükan arxasında da çəkənlər var. Bunun cəriməsi 50 manatdır.

- Sürücülər arasında musiqinin səsini ucaldıb sərnişinlərin rahatlığını pozanlar da var.

- Təəssüf ki, belə xoşagəlməz hallara yol verənlər var. Belə sürücülərin əməlləri aşkarlandıqda qaraj da onları cərimə edir. Bildiyiniz kimi, salonlarda sürücülərin hərəkətlərini izləmək üçün xüsusi monitorlar quraşdırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində belə sürücülərin hərəkətləri müşahidə olunur. Onların fotolarını çəkib qaraja göndərirlər. Bundan sonra isə həmin sürücü cərimə edilib cəzalandırılır. Düz deyirsiniz, bizdə belə hallar olub.

- Gediş haqqını ödəməyən sərnişinlər çox olur?

- Çox...

- Gündə təxminən neçə nəfər?

- 8-9 nəfər.

- Əsasən kimlər?

- Kasıblar. Bəziləri imkansızlıqdan belə edir. Beş-altısı gəlib astadan qulağına pıçıldayır ki, imkansızam, pulum yoxdur. Amma digərləri də bəzən gediş haqqı ödəmədən düşüb arxa qapıdan qaçırlar. Mən özüm də kasıbçılıqla böyümüşəm deyə, onları başa düşürəm, heç nə demirəm. Çünki belə çətin həyatı özüm də yaşamışam.

- 18-19 saat işləyirsiniz, əmək müqaviləniz varmı?

- Bizə kiçik kart veriblər. Hər ay əmək haqqımızdan “pensionnıy” fonda pul keçir. Bir dəfə dəstə rəhbərindən əmək müqaviləsini soruşanda dedi ki, həmin kart əmək kitabçasını əvəz edir.

“Sükan arxasında peraşki yeyəndə sərnişinlərdən birinin uşağı anasından peraşki istədi”

- Hər 6 dəqiqədən bir xəttə çıxırsınız. Bəs sübh yeməyi, yaxud günorta naharını necə edirsiniz?

- (Əli ilə sükanı göstərərək-müəl.) Rul arxasında...

- Naharda nə yeyirsiniz?

- Qutab, peraşki... Adam nə qədər quru yemək yeyər?! Özü də salonda, sərnişinlərin yanında. Düzgün deyil. Bir dəfə sükan arxasında peraşki yeyirdim, salondakı sərnişinlərdən birinin uşağı bunu görüb anasından peraşki istədi. Maşını saxlayıb ayağa qalxdım. Aparıb uşağa da peraşki verdim.

- Nəqliyyat Departamentinin əməkdaşları ilə necə, yola gedə bilirsiniz?

- Dolanırıq.

- Yersiz yerə saxlayıb yoxlamırlar?

- Yox. Bizi incidən başqa problemdir. Belə ki, bu xəttə aidiyyəti olmayan başqa nəqliyyat vasitələri bəzən sərnişinləri metrostansiyanın (“Əhmədli” metrostansiyası-müəll.) qarşısından qanunsuz daşıyırlar. Əvvəllər “Vita” adlandırılan 11 nəfərlik maşınlar sərnişinləri qəsəbəyə (Hövsana-müəl.) daşıyırdılar. Biz şikayət etdik. Söz verdilər ki, daha belə hallar olmayacaq. Düzdür, “Vita”ları yığışdırdılar, amma başqa problemlər qaldı. Ümumiyyətlə 132 saylı marşrut avtobusunun sürücülərinin əksəriyyəti yaşlı və təcrübəli adamlardır. Onlar qrafikə əməl edirlər.

- Əmək haqqınız nə qədərdir?

- 150 manat...Amma təəssüf ki, bu pulu da vaxtlı-vaxtında ala bilmirik. Məsələn, 3 aydır əmək haqqımızı ala bilmirik.

- Deməli, sentyabr, oktyabr və noyabr aylarının maaşlarını hələ də almamısınız?

- Bəli...Mən gündə 131 manat plan verirəm. Bir gündə ödədiyim plan mənim əmək haqqımdır da. Halbuki 3 aydır maaş almıram, bəs necə deyirlər ki, pul yoxdur?

- Bu iradı onların özlərinə demisinizmi?

- Biz sözümüzü ancaq dəstə rəhbərinə deyirik. O da deyir ki, gərək mənim özümə desinlər ki, maaşı verim.

“Radionun səsini qaldırdım ki, bir-birlərinin sözlərini eşidib əlbəyaxa olmasınlar”

- Sərnişinlərin arasında mübahisələr, bəzən davalar tez-tezmi olur?

- Bəli (Bu sualdan bir neçə dəqiqə əvvəl iki sərnişin salonda mübahisə etdi. Müsahibim onların mübahisəsini nəzərdə tutaraq-müəl.), bax elə indicə özünüz gördünüz ki, iki “pasajir” necə mübahisə etdi. Bəzən bir-birlərinin sözləri bir-birlərinin boğazından keçmir.

- Olubmu ki, hətta ayağa qalxıb dalaşan sərnişinləri ayırasınız?

- Bəli, çox olub. Bəzən elə dalaşırlar ki, radionun səsini qaldırıram ki, bir-birlərinin sözlərini eşidib əlbəyaxa olmasınlar.

- Yəqin, hərdən özünüz də sərnişinlərlə mübahisə edirsiniz?

- Çalışmışam ki, yola verim. Hər deyilən sözün ardınca düşsəm, işləyə bilmərəm.

- Toylara, ad günü şənliklərinə sifariş qəbul edirsiniz?

- Bəli, ancaq yolüstü restoranlara...Yəni xətdən çıxmamaq şərtilə...

- Marşrutun rəhbərliyni tanıyırsınız?

- Bizdə elələri var, 5-6 ildir işləyir, amma qarajın rəhbərini tanımır. Bu, iclasların gec-gec olması ilə bağlıdır. Məsələn, mən 3 ildən artıqdır bu qarajda işləyirəm. Amma cəmi 1 dəfə iclasda iştirak etmişəm. Ortağım məndən də əvvəl bu xətdə işləyir. Bir dəfə müdiri göstərib soruşdum ki, onu tanıyırsan? Cavab verdi ki, yox.

“Vaqif Əsədov dedi ki, biz onları axtarası deyilik ki?”

- Aranızda ali təhsilli sürücülər çoxdur?

- Var, (əliylə yolu göstərərək) elə məndən əvvəldə gedən sürücü müəllimdir.

- Bəs o, neçə ildir sürücü işləyir?

- O da mənim kimi çoxdan sürücü işləyir. İxtisasca müəllimdir. Aramızda 3-4 nəfər var ki, onlar ali təhsillidirlər.

- Mirverdi müəllim, deyəsən, taksi sürücüləri də işinizə mənfi təsir göstərirlər. Bax elə indi bir neçə maşını gətirib dayanacaqlarda saxlayıblar.

- Özünüz hər şeyi görürsünüz. Elə olur ki, bəzən hətta avtobus dayanacağına girə bilmirəm. Halbuki taksi sürücüləri öz avtomobillərini dayanacaqlardan 15 metr kənarda saxlamalıdırlar. Bir dəfə taksi sürücülərinin əlindən dayanacağa girə bilmədim. Buna görə avtobusu dayanacaqdan kənarda saxladım. Mənə “Əhmədli” metrostansiyasının yaxınlığında protokol yazdılar. Dedilər ki, avtobusu daynacaqdan kənarda saxlamısan. Həmin cəriməni ödədim. Amma həmin kağızları hələ də evdə saxlayıram.

- Nə qədər cərimələndiz?

- Altmış manat. Cərimə yazan şəxsdən soruşdum ki, taksi sürücüləri maşınlarını dayanacaqda saxlayıblar. İndi mən neyləməliyəm? Polis çavuşu bu sualıma məntiqli cavab verə bilmədi. Dedi ki, mən gedib həmin taksi sürücüsünü tapası deyiləm ki? Qeyd edim ki, tez-tez telekanallarda çıxış edən polkovnik Vaqif Əsədov da orda idi. Vaqif müəllimə yaxınlaşıb soruşdum ki, bu heç bir məntiqə sığışmır axı? Mən sizdən şikayət edə bilərəm. Dayanacağa girə bilmirəm. Siz taksi sürücülərinə cərimə yazmaq əvəzinə məni cərimə edirsiniz? Vaqif Əsədov dedi ki, biz onları axtarası deyilik ki?

P.S.Gündəlik həyatımızda hər gün bəzi sürücülərin özbaşınalıqlarından – avtobusları dayanacaqlardan kənarda saxlamalarından, günün axşam saatlarında qrafikə əməl etməmələrindən, tez-tez baş verən qəzalardan və digər çatışmazlıqlardan narazılıq edirik. Mirverdi Mənsimovla 1 saatlıq söhbətimizdə isə ictimai nəqliyyat vasitələrinin sürücülərinin hansı çətinliklərlə üzləşdiklərini təsəvvürümüzdə canlandırdıq. Məlum oldu ki, bu problemlər əbəs yerə yaranmır. Onları doğuran səbəblər kifayət qədərdir. Ən acınacaqlısı isə odur ki, bu səbəblərin bəziləri sürücülərin iradəsindən asılı olmayaraq mövcuddur.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm