Bizi qoruyanı kim qorusun – Polislərə qarşı “səlib yürüşü”nün pərdəarxası
Bizi izləyin

Qırmızı.az

Bizi qoruyanı kim qorusun – Polislərə qarşı “səlib yürüşü”nün pərdəarxası

Son günlər baş vermiş olaylar belə deməyə əsas verir ki, sürücülərlə yol polisləri arasında münasibətlər bir qədər gərginləşib. Əslində, bu, yeni bir şey deyil. Hələ sovetlər dönəmində yol polisi ilə sürücülər daim bir-biri ilə yola getməyib və nəticədə, müəyyən problemlər ortaya çıxıb. Sadəcə olaraq, mövcud şəraitdə bir sıra səbəblər üzündən adıçəkilən tərəflər arasında ünsiyyət sarıdan ciddi əngəllər yaşanır.

Elə buna görə də ard-arda yol polislərinin döyülməsi, yandırılması, xəsarət alması, təhqir olunması barədə xəbərlərin şahidi oluruq. Məsələn, dekabrın 4-də günorta saatlarında Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində paytaxt sakini Anar Hüseynov idarə etdiyi “BMW” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis kiçik serjantı Emin Verdiyev tərəfindən saxlanılıb və ondan sənədlərini təqdim etməsi tələb edilib. Lakin polisə tabe olmayan A.Hüseynov avtomobili hərəkətə gətirərək E.Verdiyevə ayaq nahiyəsindən xəsarət yetirərək hadisə yerini tərk edib.

Digər bir xəbərdə isə deyilir ki, yol hərəkəti qaydalarını pozan, sərxoş vəziyyətdə olan Bərdə rayon sakini yol polisi əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub. Nəticədə, polis əməkdaşının əli yanıb.

Təbii ki, bütün bunlar ciddi faktlardır və problem barəsində düşünməyi, həlli yollarını axtarmağı tələb edən məqamlardır. Çünki bu gün yol polisinə bıçaq çəkən, onun üzərinə maşın sürən, polisi yandırmağa cəhd edən birisi sabah daha ağır fəsadlara səbəb ola biləcək cinayət törədə bilər. Söz yox ki, aidiyyəti qurumlar bu cür halların təkrarlanmaması üçün müəyyən zəruri tədbirlər həyata keçirirlər. Lakin görünən odur ki, bütün bunlar o qədər də təsirli effekt vermir. Maraqlıdır, görəsən, niyə? Sürücü-yol polisi münasibətlərini necə səhmana salmaq, hansı yollarla tərəflər arasında normal ünsiyyəti formalaşdırmaq mümkündür?

Bu və bu qəbildən olan digər sualları cavablandıran millət vəkili Fazil Mustafanın fikrincə, yol polisinin nəqliyyat vasitəsini hətta qanunsuz bir şəkildə saxlamasına sürücülərin reaksiyası yalnız qanun çərçivəsində olmalıdır: “Hər hansı bir kobudluq dövlət məmuruna qarşı olan qeyri-qanuni hərəkət kimi qiymətləndirilə bilər. Əgər hansısa bir narazılıq varsa, bunu hüquqi vasitələrlə bildirmək daha məqsədəuyğundur. Diqqət yetirsək görərik ki, yol polislərinə qarşı bu cür kobudluğu daha çox müxtəlif vəzifə pillələrində oturmuş, ya da kiməsə arxayın olan insanlar edirlər. Onlara da çox vaxt güzəştli yanaşma yolu tutulur. Bu baxımdan da hüquq-mühafizə orqanları tərəfindən təsir göstərmək o qədər də effektli olmur. Hamı bilir ki, “avtoş”luğu kim edir, kimlər qaydaları pozur. Gecə vaxtı sərxoş vəziyyətdə, eləcə də narkotik vasitələrin təsiri altında avtomobil idarə edənləri əksəriyyət yaxşı tanıyır. Amma toxunulmaz hüququ olduğuna görə bu məsələlər bir qədər arxa planda qalır. Ona görə də bu cür hərəkətləri özünə arxayın olan, baş vermiş olayı kiminsə vasitəsilə müəyyən dərəcədə zərərsizləşdirə biləcəyinə tam qarantiyası olan insanlar edirlər”.

Millət vəkili bildirib ki, gücü və imkanı olmayan adamın bu qədər azğınlıq etməsi, polisə qarşı müqavimət göstərməsi ağlabatan deyil: “Bəzən elə də olur ki, ruhi vəziyyəti normal olmayan insanlar da bu cür əmələ qol qoyurlar. Ümumiyyətlə, polisə qarşı müqavimət göstərmək yolverilməzdir. Bir çox hallarda polis qanunsuz da davrana bilər. Amma bu cür qanunsuzluqlara görə mexanizmlər var. 102 “qaynar xətti”nə zəng vurmaqla və digər yollarla bunun qarşısını almaq olar. Lakin bütün hallarda kobudluq və polisə qarşı müqavimət qanun pozuntusudur”.

Hazırda cəzaların kifayət qədər sərt olduğunu deyən Fazil Mustafanın sözlərinə görə, cəzanı hamıya eyni qaydada tətbiq etməyə çalışmaq lazımdır: “Cəzanı sərtləşdirməyə lüzum yoxdur. İnsanlar, adətən, imtiyazlı yanaşmaları gördükdə problemlər yaranır. Yol hərəkət qaydaları sanki vətəndaşları cəzalandırmaq qaydaları kimi nəzərdə tutulur. Halbuki vətəndaşı bu qaydaları pozmamağa təşviq etmək gərəkdir. Polis qaydanı pozmuş vətəndaşa hansısa bir cinayətkarı yaxalamış kimi yanaşmamalıdır. Yəni cəzanı hamıya eyni qaydada tətbiq etməyə çalışmaq lazımdır. Bu məqamlara lazımınca diqqət yetirilsə, onda problemlər də azalar”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, baş vermiş hadisələrin kökündə duran səbəbləri bilmək üçün hər bir olaya ayrı-ayrılıqda diqqət yetirmək kifayətdir: “Belə hərəkətlərə yol verən insanların yaxın keçmişinə baxdıqda görürük ki, bunların əksəriyyəti məhkumluq həyatı yaşamış şəxslərdir. Onlar narkotik istifadəçiləri, narkotik istifadəsinə görə məhkumluq həyatı yaşayanlar, digər şəxslərə xəsarət yetirməkdə məhkum olunmuş və ya suçlanan insanlardır. Belələri sözsüz ki, cinayətə meyilli insanlar olduqlarına görə polislə hər hansı konflikt yaratmağa və bu yolla məsuliyyətdən yaxa qurtarmağa çalışırlar. Qanuna itaət etməyən insanlar polis gördükdə və ya polislə ünsiyyətdə olduqda bu cür hərəkətlərə yol verirlər”.

Yol polisi əməkdaşlarının bu ilin 11 ayı ərzində təxminən 2 milyona yaxın yol hərəkəti iştirakçısını məsuliyyətə cəlb etdiyini vurğulayan Kamran Əliyevin sözlərinə görə, yalnız 4-5 halda hansısa xoşagəlməz hadisə baş verib: “Bu da onun göstəricisidir ki, sağlam, normal düşüncə sahibi olan sürücü heç vaxt polisə qarşı zor tətbiq etməyə cəhd etməz. Bir daha qeyd edirəm ki, onlar yalnız cinayətə meyilli insanlardır. Nə yaxşı ki, belə insanlar polis əməkdaşları tərəfindən vaxtında zərərsizləşdirilirlər”.

İdarə sözçüsü iddia edir ki, cəzaları sərtləşdirməklə bir sıra cinayət hallarının azalmasına nail olmaq mümkündür: “İstər inzibati xəta olsun, istər cinayət məsuliyyəti olsun, bunların hamısı sərtləşdirildiyi halda, bu, həm ictimai qayda pozuntusunun, həm digər cinayət hadisələrinin azalmasına təsir edəcək. Məsələn, yol hərəkəti qaydalarının pozulmasına görə inzibati məsuliyyət gücləndirilirsə, bu, həmin sahədə artıq öz müsbət təsirini göstərir. Və bu növdə olan qayda pozuntuları kəskin şəkildə aşağı enir. İstənilən halda, əgər qanunvericilikdə hər hansı dəyişikliklər olursa, bu zaman qabaqcıl xarici dövlətlərin təcrübəsindən istifadə edilir. Sözsüz ki, bu vaxt müasir və tərəqqi baxımından daha üstün olan təcrübəyə üstünlük verilir”.

Sabiq polis rəisi, tanınmış ekspert Mahmud Hacıyev isə hesab edir ki, yol polisi ilə sürücü arasında yaşanan xoşagəlməz hadisələri sensasiya kimi qələmə vermək doğru deyil: “Cinayətsiz cəmiyyət ola bilməz. Cəmiyyət varsa, mütləq qaydada cinayət də olmalıdır. Son vaxtlar mətbuatda elə yazırlar ki, guya sürücülər yol polislərinə qarşı “səlib yürüşü”nə başlayıblar. Bu, sadəcə münaqişədir və bütün sahələrdə bu cür hallara rast gəlmək mümkündür. Polis sistemi 3 fəaliyyət növündən – istintaq, əməliyyat və xidmət sahələrində öz işini qurur. Yol polisi polisin xidmət sahəsinə aiddir. Xidmət sahəsi də özlüyündə iki hissəyə – bayır və daxili xidmətlərə bölünür. Yol polisi bayır xidmətinin işçisi olduğundan daim bayırda, küçələrdə, insanların gözü qarşısındadır. Odur ki, yol polisinin etdiyi və ya ona qarşı edilən hər hansı bir hərəkət, istər inzibati xəta olsun, istərsə də cinayət tərkibli olsun bu, sensasiya doğurur. Bu nöqteyi-nəzərdən yanaşdıqda son vaxtlar sürücü ilə yol polisi arasında bir neçə xoşagəlməz hal müşahidə olunub. Lakin ümumi anlamda burada sensasiya yoxdur. Sadəcə olaraq, digər sahələrdə baş vermiş bu tip olaylar cəmiyyətə bu qədər çox çıxmadığından insanlar yol polisi ilə sürücü arasında yaşananları sensasiya kimi qəbul edir”.

Sabiq polis rəisi bu cür halların təkrarlanmaması üçün zəruri tədbirlərə baş vurulmasının vacibliyini qeyd etməklə yanaşı, cəzanı sərtləşdirməyin bu problemin həllində rol oynamadığını bildirib.

“Normal sürücü heç bir halda polisi yandırmaz. İşini layiqincə yerinə yetirən yol polisi də sürücüyə qarşı hər hansı qeyri-qanuni hərəkətə yol verməz. Odur ki, münaqişənin səbəbini araşdırmaq lazımdır. Çox güman ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqat İdarəsi son olaylarla bağlı xidməti təhqiqat aparır. Dəqiq motivlər bəlli olduqdan sonra həmin idarə müəyyən təkliflərlə öz rəhbərliyinə müraciət edir. Əgər müəyyənləşdirilərsə ki, bu cür hallar şaquli xətt üzrə yüksəlir, o zaman yeni təkliflər hazırlanıb aidiyyəti qurumlara təqdim olunur. Bundan başqa, daxili işlər orqanlarının rəhbərliyi sözügedən hadisələrin qarşısının alınması üçün müəyyən profilaktik tədbirlər görür. Onu da qeyd edim ki, cəzanı sərtləşdirmək çıxış yolu deyil. Məsələn, bəzi millət vəkillərinin təkliflərindən sonra cəzalar sərtləşdirilsə də, bu, avtoqəzaların baş verməsinin qarşısını almayıb. Deməli, cəzanı sərtləşdirmək yox, profilaktik tədbirləri gücləndirmək lazımdır”.

“Sürücü ilə yol polis arasında münasibətlər nizamnamə çərçivəsində qurulmalıdır” deyən psixoloq Dəyanət Rzayevin sözlərinə görə, bu məsələdə də müəyyən mənada “mentalitet” məsələsi özünü biruzə verir:

“Əcnəbi ölkələrdə, məsələn, elə Amerikada vəziyyət tamam başqa cürdür. Orada polis sürücünü saxladıqda sükan arxasında olan şəxs polisin əmri olmadan maşından düşə bilməz. Bundan başqa, Amerikada yol polisləri sürücülərin üzərini çox asanlıqla yoxlaya bilər və bu, onun səlahiyyətlərinə daxildir. Bizdə isə kimsə kiminsə qohumu olduğunu, haradasa işlədiyini bildirməklə yol polisinə hədə-qorxu gəlməyə, onun öz vəzifə borcunu icra etməsinə əngəl törətməyə çalışır. Halbuki yol polisi sürücünü saxladıqda o, polis əməkdaşına tabe olmalı, qarşı tərəfin göstərişlərinə əməl etməlidir. Təəssüf ki, bu gün bizim polislərin bir qismi özlərini bu cür şəxslərdən qoruya bilmirlər. Özünü qoruya bilməyən, məni necə qoruya bilər? Heç şübhəsiz ki, polisin qanuni fəaliyyətinə mane olan şəxs müvafiq formada məsuliyyətə cəlb olunmalıdır. Bununla yanaşı, sürücülərə qarşı müəyyən qeyri-qanuni hərəkətlərə qol qoyan yol polisləri barəsində də ciddi ölçü götürülməlidir. Bu olmadığından, eləcə də sürücülər heç bir səbəb olmadan cərimələndiklərindən artıq onlarda aqressiya yaranır. Bu da sonda xoşagəlməz olayların yaşanmasına səbəb olur”.

Pisxoloq hesab edir ki, sürücü ilə yol polisi arasında münasibətlərin təmzimlənməsi üçün hər iki tərəf bir-birinə hörmətlə, qanunların imkan verdiyi çərçivədə yanaşmalıdır: “Yol polisləri sürücülər arasında ayrı-seçkiliyə yol verməməlidir. Yəni sadə vətəndaşı cərimələyib, imkanlı, vəzifəli şəxsin qanunları pozmasına göz yummamalıdır. Düşünürəm ki, polislərə qarşı baş vermiş hadisələrin kökündə duran əsas səbəblərdən biri budur. Hesab edirəm ki, məsələ həll olunmasa, bu cür halların sayı arta bilər”.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bildirdiyinə görə, sürücü ilə yol polisi arasında baş verən xoşagəlməz olaylar sistemli xarakterli deyil: “Bunlar epizodik hallardır. Əslində, yol polisi ilə sürücülər arasında heç də müharibə, savaş yoxdur. Hərdən yolunu azan, ictimai mövqeyini təsdiqləməyən adamlarla bağlı bu cür problemlər olur. Lakin bunun qarşısı alınır. Sadəcə, son günlər bu tip əməllər arda-arda baş verdiyindən cəmiyyətdə müəyyən caşqınlıq yaranır. Ümumən götürdükdə bunun səbəbləri tək sürücü-yol polisi münasibətləri ilə bağlı deyil. Cəmiyyətdə də gərginliyi doğuran zəmin, insanlarda müəyyən dərəcədə aqressiya var. Şəhərin hər yeri bağlanır, tıxac yaranır. Və sürücü belə düşünür ki, tıxacın yaranmasının günahkarı yol polisidir. Halbuki bu, belə deyil. Yol polisi, əksinə, yaranmış tıxacların qısa zamanda aradan qaldırılması üçün əlindən gələni edir. Vətəndaşlar isə bunu başa düşməkdə çətinlik çəkir.

Yol polisinə qarşı müqavimət göstərənlərin əsasən harınlamış şəxslər olduğunu qeyd edən ekspertin sözlərinə görə, mövcud problemi aralan qaldırmaq üçün hakimiyyət nümayəndəsi olan yol polisləri qanun çərçivəsində hərəkət etməli, sürücülər arasında ayrı-seçkiliyə yol vermədən vəzifə borclarını yerinə yetirməlidirlər:

“Yol polisi harınlamış şəxsin, məmurun və onun yaxınlarının qarşısında aciz duruma düşməməlidir. Bu cür şəxslərə göstərmək lazımdır ki, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə mütləq əməl etmək lazımdır. Hər kəs bilməlidir ki, kimliyindən asılı olmayaraq, polisə müqavimət göstərən istənilən şəxs məsuliyyətə cəlb olunacaq. Hesab edirəm ki, məhz bu yolla sürücü ilə yol polisi arasında münasibətləri tənzimləmək olar”.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm