Ət məhsullarının halallığını dövlət verəcək?
Bizi izləyin

Qırmızı.az

Ət məhsullarının halallığını dövlət verəcək?

SMPDK sədri: "Ölkədə bütün müəssisə və təşkilatlar bu standarta uyğun fəaliyyət göstərəcək"

İyulun 1-dən Azərbaycanda "Halal" standartının tətbiqinə başlanacaq. Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənov bildirib. Onun sözlərinə görə, artıq bu standart tətbiq olunması üçün tam hazırdır:

"Ölkədə bütün müəssisə və təşkilatlar gələn aydan bu standarta uyğun fəaliyyət göstərəcək".

Publika.Az olaraq, bu sahədə yaranmış durumu araşdırmağa çalışdıq:

"Halal" nişanlı məhsullar uzun müddətdir ki, ölkəmizin əmtəə bazarlarında meydan sulayır. Lakin, cəmiyyətdə bu məhsulların üzərində yazıldığı yarlıka uyğun olmaması haqda ciddi şübhələr var. Bəzi işbaz quldurlar bu istiqamətdə əməlli-başlı biznes qurub, artıq dini baxışlarına görə bir sıra məhsullardan imtina edənləri də özlərinin pul qazanmaları üçün alətə çeviriblər.

"Kolbasanın tərkibində 25 faiz donuz piyi və ya əti olmalıdır"

Ekspertlərin ümumi rəyinə görə, kolbasa və sosiska məmulatlarına donuz əti və ya piyinin qatılmaması mümkün deyil, əks-təqdirdə məhsul tez xarab olar. Bunu hətta rəsmilər də etiraf edirlər.

Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcovun sözlərinə görə, Azərbaycanda istehsal olunan bütün kolbasaların tərkibində donuz əti və ya donuz piyi var. Çünki, kolbasanın tərkibində 25 faiz donuz piyi və ya əti olmalıdır. Əks-halda məhsulu çox saxlamaq olmur və keyfiyyəti aşağı olur.

Bəzi sex sahibləri isə bildirirlər ki, kolbasaya donuz əti və piyi qatmırlar. Bəzi texnoloqlar əhali arasında rəy yaradırlar ki, bəs filan sexin sahibi hacıdır, məşədidir, ona görə də, bu sexin məhsulları halaldır (?). Analoji hal market və ticarət mərkəzlərində də müşahidə olunur.

"Mal ətinin kilosu 7-8 manatdır, 3-4 manata necə halal kolbasa ola bilər?"

Məsələylə bağlı apardığımız araşdırma zamanı öyrəndik ki, quş əti istehsal edən "Hövsan-broyler" fabriki, kolbasa və kolbasa məmulatları istehsal edən "M-T" firması, "Sab" firması, "Səhliyalı" kiçik müəssisəsi və digərləri də bu üsuldan istifadə edərək öz məhsullarını "Halal" adı altında bazara çıxarırlar.

"Halal" sosiskaları sırasında "ovçular", "közləmə" sosiskaları və digər onlarca çeşiddə məhsul var. Sözügedən məhsulların çoxunun üzərində istehsal tarixi, saxlama müddətinin olmaması ilə yanaşı, onların "halal" olması ilə bağlı heç bir məlumata rast gəlmək mümkün deyil.

Mağazaların birində üzərinə "halal" yazılmış kolbasanı göstərib "mal ətinin kilosu 7-8 manatdır, 3-4 manata necə halal kolbasa ola bilər" deyə sual etdikdə satıcı belə cavab verdi- "halal" markanın adıdır, yəqin halaldır ki, yazıblar də..."

"Qanuni icazə olmadan məhsulun üzərinə heç bir yarlık vurmaq olmaz"

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, müvafiq qanunun tələbləri var ki, onlara raiyət edilmədən heç bir məhsulun üzərinə yarlık vurmaq olmaz:

""Yeyinti məhsulları haqqında" qanunun 11-ci maddəsində (qablaşdırılma və etiketləşdirilmə ilə bağlı) bildirilir ki, müvafiq icra hakimiyyəti orqanlarının icazəsi olmadan yeyinti məhsuluna "müalicəvi", "pəhriz", "ekoloji təmiz" və onlara bərabər tutulan adların verilməsi və reklam xarakterli digər məlumatların etiketdə yerləşdirilməsi qanunsuzdur".

Qafqaz Müsəlmanları İdarəsinin zamanət verməyə haqqı varmı?

Azərbaycanda bir çox ət məmulatının üzərində "halal" yarlıkı var, hətta, bəzi kolbasaların üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" sözləri yazılıb. Ekspertlərin fikrincə isə QMİ-nin sözügedən məhsulun istehsalı prosesinə nəzarət edə bilmək iqtidarında olması mümkün deyil. Ən azı ona görə ki, idarənin bunun üçün xüsusi lobarotoriyası və peşəkar mütəxəssisləri yoxdur.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın sözlərinə görə isə QMİ zamənəti elə-belə vermir:

"Zəmanət verilənlərə isə davamlı olaraq nəzarət edilir, proses başlı-başına buraxılmır. Bizim adımız orada varsa, təbii ki, biz o zəmanətin arxasında dururuq".

Dövlət Standartlaşdırma, Metrologiya və Patent Agentliyinin sədri Ramiz Həsənovun fikrincə, QMİ-nin verdiyi halallıq heç bir standart və ya texniki şərt deyil. Çünki onların heç bir lobaratoriyası yoxdur. Həmin məhsullardan kimsə zəhərlənib ölsə, məsuliyyət QMİ-nin yox, məhsulu istehsal edən müəssisənin üzərinə düşəcək.

"Halal" yalnız məhsulların tərkibində donuz piyinin olmaması demək deyil

Ekspert Elman Qasımov deyir ki, "Halal" təkcə sözügedən məhsulların tərkibində donuz piyinin olmaması ilə səciyyələnmir:

"Heyvanın ətini kimin kəsməsi, həmin adamın qüsul almış təmiz bir insan- müsəlman olması, heyvanı üzü qibləyə kəsib-kəsməməsi də əsas götürülməlidir. Eyni zamanda, həmin heyvanın saxlandığı yer, həmin obyektdə pak insanların çalışmaları vacib şərtdir. Hətta, heyvanların sağlamlığı və qidalandıqları məhsullar da halallığın şərtlərindəndir.

Azərbaycanda ət məmulatları istehsalı şəffaf olmadığından bu tip məhsulların hansı şəraitdə və necə hazırlandığı cəmiyyətə aydın deyil. Məhsulun üzərinə nəsə yazmaqla deyil, alıcılar tam əmin olmalıdırlar ki, yzılanlar düzdür. Uzun illərdir ki, bu məsələ ətrafında müzakirələr gedirdi, gələn aydan SMPDK bu məhsulların standartını təsdiq edib ona nəzarət etməyə başlasa, bu problemin həll olunacağına ümid etmək olar".

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm