Dostunuzdan məktub var, açmayın təhlükəli ola bilər
Bizi izləyin

Qırmızı.az

Dostunuzdan məktub var, açmayın təhlükəli ola bilər

"Bu reklamlar məni bezdirib. Dostlarım bu cür reklamları niyə paylaşdığımı soruşanda isə, lap əsəbiləşirəm. Mövqeyimə uyğun olmayan ayaqqabı, paltar reklamları, ya da tarot falı kimi məlumatlar mənim adımdan dostlarımın ünvanına göndərilir. Bir dostumla buna görə dalaşmışam. Bu reklamların necə göndərildiyini, kimin göndərdiyini və necə xilas olacağımı bilmirəm".

Bu Facebookdakı dostlarımdan olan Roza Əliqızının şikayətləridir.

Sosial şəbəkədən istifadə edirsinizsə, bir çoxlarınızın başına mütləq bu cür hadisələr gəlib. Reklam xarakteri daşıyan bu cür məlumatlar daha təhlükəli nəticələrə də səbəb ola bilir. Bəzən bu məlumatları açanda heç də xoş olmayan, qeyri-etik şəkillər, videolarla rastlaşa bilirik. Qarşı tərəfə məlumat verəndə isə, o bu barədə məlumatsız olduğunu deyir.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz istifadəçiləri ehtiyatlı olmağa çağırır:

"Bu cür spamların yayılması Facebookun ümumi problemidir. Facebook yaradıcıları zaman-zaman açıqlamalar verirlər ki, onlar bu cür spamların qarşısını almaq üçün mübarizə aparır, sistemlərini təkmilləşdirirlər. Ancaq hələ ki, problem tam həll olmayıb. Bu cür spamların qarşısını almaq üçün təkcə Facebook administrasiyası deyil, istifadəçilərin özü də maraqlı olmalıdır. Onlar da bu halların qarşısını almaq, informasiya təhlükəsizliyini təmin etmək üçün müəyyən addımlar atmalıdırlar".

Bəzən bu cür mesajlar hansısa bir firma və ya məhsulun reklamı olur. Bəs görəsən bu cür reklamlara görə, hansısa vergi ödənilirmi?

O.Gündüz bildirdi ki, həmin məlumatların reklam olub-olmamasını müəyyən etmək üçün onları açıb oxumaq lazımdır. Bundan sonra onların nə üçün vergi ödəmədiyi barədə düşünmək, şikayət etmək mümkündür:

"Həmin məlumatların açılmasını məsləhət görməzdim. Ola bilər ki, həmin vaxt hansısa zərərli sayta düşə bilərsiz. Eyni zamanda anlamadan hansısa zərərli proqramı kompüterinizə yükləyərsiniz. Bu cür anormal reklamlara təhdidlərə reaksiya verib, "klik"ləmə əməliyyatı aparmaq düzgün deyil".

Ekspertin sözlərinə görə, bu cür spamların yayılmasının bir səbəbi də insanların məlumatsız olmasıdır. Yəni sosial şəbəkəyə daxil olan biri, şəbəkənin ona təklif etdiyi qaydaları oxumadan qərar verir. Nəticələr barədə düşünməməyimiz sonradan daha ciddi fəsadlara səbəb olur.

O.Gündüz də istifadəçilərin bu sahədə məlumatlanmasını vacib sayır:

"İstifadəçilərin məlumatlılığı yetərli deyil. Çox az bir kəsim, əsasən informasiya texnologiyaları sahəsində çalışanlar təhlükələr və qorunma üsulları barədə məlumatlıdırlar. Ancaq əksər quruplar arasında sosial şəbəkələrdəki təhlükələr, nəticələri və qorunma yolları barədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac var və bu zəruridir".

Ekspert bu cür spamlardan qorunmaq üçün məsləhət də verdi. Bu cür spamlar göndərən dostlarınızı bloklayın, ya da sosial şəbəkə rəhbərliyinə məlumat verin. Bundan başqa, hesabınızda yeniliklər və müxtəlif əlavə proqramlara qadağa qoya bilərsiniz.

Kifayət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm