• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

ZƏNGİNLİK(mi), SEVGİ(mi?)...

ZƏNGİNLİK(mi), SEVGİ(mi?)...

Millət vəkili Qənirə Paşayevadan kiçik bir yazı

O gün zəngin bir ailənin oğlunun toyunda idik. Toy masalları xatırladırdı. Bizimlə eyni masa ətrafında əyləşmiş dostlardan ikisinin gəlinlə bağlı maraqlı bir fikir mübadiləsi oldu:

-Azərbaycanın ən şanslı qızlarından biridir...

-Oğlanı yaxından tanıyırsınızmı?

-Yox, ilk dəfə yaxından görürük...

-O zaman gəlinin Azərbaycanın ən şanslı qızlarından biri olduğunu nədən bildiniz?

-Necə yəni? Ölkənin ən zəngin adamlarından birinin gəlini olur. Bu qədər var-dövlət! Dövlət quşu qonub başına rəsmən...

...Bir dostumun paylaşdığı araşdırmaları xatırlayıram. – Gənclər arasında aparılan sorğuda böyük bir hissə xoşbəxt olmaq üçün ən önəmli şeyin pul, var-dövlət olduğuna inandığını deyib. – Xoşbəxtliyin açarı pulda, var-dövlətdəymiş məgər?!.

Cəmi 25-30 il öncə bu cür araşdırmaların nəticəsi SEVGİ idi... Gənclər xoşbəxt olmaq üçün ən önəmli şeyin sevgi olduğuna inanırdı və xoşbəxliyin açarını sevgidə görürdü...

Toydan tez ayrıldım... İçimdə elə qəribə bir ağırlıq yaranmışdı ki... Sanki məni boğurdular: sevgi yerinə maddi imkanlar..! Düşüncə yerinə maddi imkanlar... Gözəllik yerinə maddiyyat... Kefim pozulmuşdu. Yolda rəfiqəmi xatırladım və gec də olsa, onlara baş çəkmək keçdi içimdən. – Sanki bu ağırlıq, bu ovqatla evə gedə bilməyəcəkdim... Rəfiqəm o insandı ki, ayağına gələn zənginliyi və var-dövləti deyil, sevdiyi insan kasıb olsa da məhz sevgiyi, sayğını, insanlığı seçmişdi!.. Kasıblıqla yanaşı çətinliyi, əziyyəti də seçmişdi amma evləndiyi adama olan sevgisi, onun şəxsiyyəti, həyata baxışı, insanlığı onun üçün var-dövlətdən üstün olmuşdu. Özünü kasıblığa baxmayaraq ən şanslı qadınlardan hesab edirdi. Çünki onu anlayan, sevən və gerçək bir insan olan həyat yoldaşı var idi..! – Bəli, HƏYATının YOLDAŞI!..

Beynimdəki suallardan qurtulmaq istəyirdim: Səncə, nə oldu bizə bu 20 ildə niyə belə dəyişdik? Niyə belə dəyişdi həyata, dəyərlərə baxışımız? Səncə, indi niyə necə bir adam olduğunu bilmədiyimiz, tanımadığımız zəngin bir adamla ailə quran qız ən şanslı qızlardan hesab olunur? amma şəxsiyyətinə, savadına, insanlığına baxmayaraq kasıbla ailə quran qız şanslı hesab olunmur? Biz niyə belə dəyişdik?

...Araşdırmalara görə gənclərin çoxu xoşbəxt olmaq üçün ən önəmli şeyin pul, var-dövlət olduğuna inanır. 20-25 il öncə belə deyildik axı...

Sualları ard-arda düzürdüm:

-Xatırlayırsan o filmləri – zorla zəngin adama verilən və ya zorla, pul gücü ilə əldə edilmək istənən qızların yoxsul sevgilisinə qaçmaq istəyini, fədakarlığını... “Bədənimə sahib olsan da ruhuma sahib ola bilməyəcəksən” deyən qızlara heyranlıqla baxmağımızı... İndi gənclər yəqin ki, gülərlər onlara... Onlar üçün o qızlar ən şansız sayılır artıq...

-Üzülmə amma gerçəkliklər getdikcə daha da üzücü olur bu anlamda dedi ...

- Yaşadığın bütün çətinliklərə baxmayaraq xoşbəxtsənmi? Doğrunu de, özünü şanslı qadın kimi göstərirsən ya doğrudan şanslı hesab edirsən? Yoxsa o zənginlə evlənmədiyin üçün peşmanlıq var indi içində?

- Heç bir zaman!.. Özümü şanslı sayıram həm də çox!.. Çünki məni pulu ilə deyil sevgisi ilə aldığını bilən və anlayan, bunun üçün də daim sayğı duyan bir kişi ilə bölüşürəm həyatımı... Və mən onun üçün pul ilə ala biləcəyi bir əşya, mülk deyiləm, mən onun QADINIYAM! – bunu yaxşı bilir... Onu da yaxşı bilir ki, mən özümü pula satmamışam sevgiyə öz əllərimlə təslim etmişəm... Ailədə sayğı bundan başlayır... Ailələrdə dağılmaların, üzntülərin və gərginliklərin əsas səbəblərindən biri sayğı əksikliyidir...

Söhbətimizə qulaq verən qaynananın isə deyəsən bu mövzu yaralı yeri idi. Bizə öz gənclik dövründən danışdı... Lap film kimiydi...

Onlardan ayrılanda artıq gec olsa da, bir az yürümək istədim və qarşıma çıxan hər bir gəncə xoşbəxt olmaq üçün ən önəmli şey pul deyil, xoşbəxliyin açarı var-dövlət demək deyil demək keçdi içimdən... Görəsən, anlaya biləcəklərdimi? Yoxsa, artıq dünya çox dəyişib, biz fərqində deyilik?

Xəbər lenti

DAHA ÇOX XƏBƏR