“Jerar Depardye bir dəfə sərnişinimiz olub” – azərbaycanlı stüardessanın xatirələri
Bizi izləyin

Qırmızı.az

“Jerar Depardye bir dəfə sərnişinimiz olub” – azərbaycanlı stüardessanın xatirələri

AZAL Hava Yollarında təlimatçı təyyarə bələdçisi işləyən Bənövşə Abdinova Publika.az-ın suallarını cavablandırıb.

- Yəqin, bu sualı çox veriblər sizə, necə oldu stüardessa oldunuz?

- Bu sahədə işləmək uşaqlıqdan arzum olub. Ailəmizdə bu sahədə işləyən adamlar olub. Əmim pilot olub, bibim təyyarə bələdçisi. Mən onları uşaqlıqdan səyahətə gedən görmüşəm, ən çox yadımda qalan an o idi ki, onlar xarici ölkələrdən bizə hədiyyə gətirərdilər. Elə o vaxtdan stüardessa olmaq barədə fikirləşirdim. Bu hər bir gənc qızın arzuladığı sənətdir. Xarici ölkələri görmək, səyahət etmək, xarici ölkələrin mədəniyyəti, dili, ümumiyyətlə, insanlarla ünsiyyətdə olmaq çox maraqlıdır.

- Xarici ölkələri gəzmək imkanınız olur?

- Getdiyimiz ölkələrdə qalma müddəti reyslərdən asılıdır. Biz uzunmüddətli reyslərdə olduqda, məsələn, Bakı-Pekin reysini yerinə yetirsək, 8 saat işləmiş oluruq və buna görə də istirahət etməli oluruq. O zaman Bakıdan Pekinə uçan briqada növbəti reysə qədər Pekində qalır, oradan digər briqada qayıdır. Bu, 2-3 gün də çəkə bilər. Biz orada həm otellə təmin olunuruq, həm də ezamiyyət haqqı verilir. Həmin vaxtda şəhərdə gəzmək imkanı əldə edirik.

- Uçmaq maraqlıdır?

- Bəli, maraqlıdır. Mənə çox maraqlıdı, müxtəlif insanlarla görüşürsən, sanki bu 2-3 saat ərzində qonaq qəbul eləmisən, onları ürəyincə qarşılayıb xidmət göstərib yola salırsan ki, razı qalsınlar. Bizim işimizin məqsədi də ondan ibarətdir ki, sərnişinlər razı getsinlər.

- Bəs ailəniz bu seçimi necə qarşıladı?

- Biz ailəlikcə aviasiyaya bağlı olduğumuzdan, o qədər də təpki ilə qarşılanmadı. Sadəcə olaraq, anam bir qədər narazı idi ki, daha çox onlardan uzaqda olacağam. Ailədən uzağa gedib qalacağam, darıxacaqlar. Amma atam bütün işlərimdə olduğu kimi bu işdə də mənə dəstək oldu. O özü məni bura gətirdi. Belə alındı ki, müsabiqədən keçdim və işə qəbul olundum.

- Müsabiqədə hansı şərtlər qoyulur?

- Əvvəlcə, kütləvi informasiya vasitələrində işçi qəbulu üzrə elan verilir və orada tələblər göstərilir. Boyu 165 sm-dən az, çəkisi 75 kq-dan çox olmayan 18 yaşından 30 yaşına qədər qızlar işə dəvət edilir. Namizədlər Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilməlidirlər. İşə qəbul olunduqdan sonra isə digər sahələrdə olduğu kimi, bizdə də stüardessalar pensiya yaşına qədər işləyirlər. Təbii ki, bu illər ərzində sağlamlığı işləməyə imkan verirsə. Müsabiqədən dərhal sonra tibbi müayinədən də keçirik. Mütləq sağlam olmaq lazımdır. Ümumiyyətlə, sıravi təyyarə bələdçisi özünü yaxşı, bacarıqlı göstərirsə, dil biliklərini təkmilləşdirirsə, insanlarla ünsiyyət qurmaq cəhətdən problemi yoxdursa, tez bir zamanda bir nömrəli təyyarə bələdçisi ola bilər. Bu o deməkdir ki, o, həmin reysdə briqadir olur və bütün təyyarə bələdçiləri ona tabe olurlar.

- İlk uçuşunuz hara olub?

- İlk uçuşum Sankt-Peterburq şəhərinə olub. Yay vaxtlarına təsadüf edirdi. Həyəcan haradasa var idi. Özümü bir qədər yad kimi hiss edirdim. Qorxurdum ki, birdən nəyisə soruşarlar, bilmərəm.

- Neçə ildir uçursunuz?

- 8 ildir uçuram.

- Neçə yaşınız var idi o zaman?

- 19 yaşım var idi. Bu müddət necə tez keçibsə, heç hiss eləməmişəm. Ümumiyyətlə, aviasiyada vaxt da uçur.

- Hansı marşrutlarla uçursunuz?

- Mən AZAL-ın bütün reyslərində uçuram. Həm daxili, həm beynəlxalq.

- Bəs hansı reys sizə daha maraqlıdır?

- Maraqlı deyəndə, bütün reyslərdə maraqlı nəsə var. Doğrudur, kontingentdən çox şey asılıdır. Əgər biz sərnişinlə bir-birimizi rahat başa düşürüksə, vaxt da maraqlı keçir. Mənim üçün reyslərin fərqi yoxdur, hamısı maraqlıdır, həm daxili, həm xarici. Amma daxili reyslərdə sərnişinləri özümə daha yaxın hiss edirəm, daha rahat oluram.

- Bəs təyyarədə uçmaqdan qorxmurdunuz?

- Yox, birinci reysdən indiyə kimi heç vaxt qorxum olmayıb. Hava şəraitinin pis olduğu vaxtlar olub ki, bir az həyəcan yaşamışam, amma qorxmamışam. Bilmirəm nədəndi...

- Stüardessalar pərdəni niyə bağlayırlar?

- Biz ona görə pərdəni bağlayırıq ki, birincisi, sərnişinləri narahat etməyək. Biz orada iş görürük, düzdür, sərnişinlər üçün ora həmişə maraqlıdır. Orada mətbəx yerləşir, bulkaların hazırlanması prosesi olur, həm də səs-küy ola bilir. İstəmirik ki, sərnişinlər narahat olsunlar.

- Uçduğunuz xarici ölkələrdə zaman fərqi sizinçün çətinlik yaratmır ki?

- Xarici ölkəyə gedib qalanda 2-3 saat irəli və ya geri ola bilir. Elə bir çətinlik yaratmır. Çalışırıq getdiyimiz ölkənin vaxtına uyğunlaşaq, dincələ bilək ki, çətinliyimiz olmasın.

- Sərnişinlər tərəfindən ən çox soruşulan sual hansı olur?

- “Qalxmağa nə qədər vaxt qalıb?”, “enişə nə qədər vaxt qalıb?”, “nə vaxt çatacağıq?”. Sərnişinlər ən çox bunları soruşurlar. Bəzən fobiyası olan sərnişinlər olur, bəzən hündürlükdən qorxan sərnişinlər olur. Onları sakitləşdirmək üçün biz məsələyə psixoloji cəhətdən yanaşırıq. Biz həm də psixoloji kurslar keçmişik. Hansı tip insanı necə ələ almaq olar, ona necə yaxınlaşmaq olar, bunları düşünürük və onun fikrini yayındırırıq.

Olur ki, sərnişin qorxur, ona yaxınlaşmaq mümkün olmur. Danışırsan, sual verirsən, sənə baxır, amma səni eşitmir. Mən belə olanda insanlara su gətirmişəm, meyvə şirəsi vermişəm, başa salmağa çalışmışam ki, az qalıb, çatacağıq. Ümumiyyətlə, işimiz elədir ki, insanlara qayğı ilə yanaşmaq lazımdır.

- Sərnişin nə qədər çay sifariş edə bilər?

- Bizdə yemək barəsində məhdudiyyət yoxdur. Yemək xüsusi texnologiya əsasında paylanır. Bəzi proseduralar var, yeməklə bərabər içki və sular da təqdim olunur. Lakin bunlardan əlavə, sərnişin istənilən vaxt çay, kofe və ya nəsə istəyə bilər. Düzdür, yemək hər sərnişinə uyğun qablaşdırılıb, o, kifayət qədərdir və sərnişinlər heç vaxt ondan narazılıq etməyiblər. Amma yenə də nə vaxt istəsələr, biz onların istəyini nəzərə alırıq.

- Yeməkdən söz düşmüşkən, hansı yeməyi sevirsiniz?

- Mən bizim milli yeməklərin hamısını sevirəm, plovu da, dolmanı da, ləvəngini də. Xarici ölkələrə gedəndə çalışırıq ki, tanıdığımız yeməkləri yeyək.

- Problemli sərnişinlər olur, bəzən sərxoş ola bilirlər və ya telefondan istifadə edirlər, belə hallarda nə edirsiniz?

- Əgər uçuş vaxtı sərnişin qaydalara riayət etmirsə, ilk öncə ona xəbərdarlıq edilir. Əgər yenə davam edirsə, o zaman ona müvafiq akt yazılır, təyyarə endikdən sonra həmin sərnişini hansı aeroportdan asılı olmayaraq təhlükəsizlik xidmətinə təhvil veririk. Növbəti etap belədir ki, həmin sərnişin Azərbaycan Hava Yollarının “qara siyahı”sına düşür. O, müəyyən müddət ərzində bizdən bilet ala bilmir. Çox böyük qayda pozuntusu törədibsə, bir il müddətinə arzuolunmaz şəxslərin siyahısına düşür. Az bir şey olarsa, siyahıya salmırlar.

- Sizin bələdçilik etdiyiniz uçuşlarda da belə hallar olubmu?

- Olub, amma çox az hallarda olub. Əsasən sərnişinlər qaydanı pozaraq telefonla danışırlar. Onları məcbur olub təhlükəsizlik xidmətinə təhvil vermişik. Təyyarə bələdçisinin ilkin borcu, vəzifəsi sərnişinlərin təhlükəsizliyinin təmin edilməsidir. Ondan əlavə, yüksək səviyyəli xidmət göstərməkdir ki, sərnişinlər zövq alıb razı qalsınlar. Qoruyucu kəmər bağlamaq lazımdırsa, onu mütləq bağlamaq lazımdır, bəzi təyyarələrimiz var ki, onlarda GSM sistemi mövcuddur. Bunlardan başqa, digər təyyarələrdə mobil telefondan istifadə etməyə icazə verilmirsə, mütləq istifadə etməməlidirlər. Həm də bizim uçuşlarda siqaret çəkmək qadağandır.

- Nə qədər maaş alırsınız?

- Bu, bizdə kommersiya sirri olduğuna görə deyə bilməyəcəyəm.

- Sizin uçuşlarda tanınmış adamlar olubmu?

- Əlbəttə, bizdə daha çox müğənnilər olur. Biz əgər hansısa məşhur adamı təyyarədə görmüşüksə, bu görüş rəsmi və ya qeyri-rəsmi olmasından asılı olmayaraq, onun səyahətini kiməsə deməyə, yayımlamağa ixtiyarımız yoxdur.

- Bəs məşhurlarla bağlı hansısa problemlər olurmu? Məsələn bir müddət öncə məşhur fransız aktyoru Jerar Depardye ilə bağlı problem yaranmışdı, qeyri-etik hərəkətlər etmişdi...

- Jerar Depardye şəxsən mənim bələdçilik etdiyim təyyarədə uçub və çox razı, şən, pozitiv, heç bir narazılıq olmadan uçuşu başa vurduq. Onunla heç bir problem yaranmayıb. Mənim təcrübəmdə məşhurlarla bağlı elə bir hal olmayıb ki, kimsə özünü apara bilməsin və s. Onlar ən azı özlərinə hörmət qoyublar.

- Bəs elə bir məşhur varmı ki, onunla bir təyyarədə uçmaq istəyərdiniz?

- Bütün istədiyim məşhur insanları bu 8 ildə bir dəfə də olsa, təyyarədə görmüşəm. Arzuladığım biri yoxdur, amma hörmət etdiyim bir müğənni, ziyalı, elm xadimini görəndə yaxınlaşıb onu görməyə şad olduğumu bildirirəm. Hamı bizim üçün sərnişindi. Amma olub ki, təyyarədə gördüyüm hansısa məşhur şəxs barədə fikirləşmişəm ki, danışmaq istəməz, amma əksinə olub, o, bizə daha çox istiqanlılıq göstərib, mehriban olub.

- Şəxsi həyatınıza vaxt ayıra bilirsiniz?

- Mənim işimin, bu sahənin mənə verdiyi ən böyük hədiyyə mənim həyat yoldaşımdır. Həyat yoldaşım pilotdur, “Boeinq”in pilotudur. Biz elə uçuşda reys vaxtı tanış olmuşuq, sonra da evlənmişik. Mənim iş həyatım, şəxsi həyatım hamısı buradadır. Hələ ki, övladım yoxdur, amma övladlarım olandan sonra, düşünürəm ki, onları qoyub hansısa xarici ölkəyə gedə bilmərəm. Hər halda, indiki fikrim belədir. Bilmirəm belə bir seçim qarşısında qalanda necə olacaq.

-60 saniyəyə hansı tapşırığı yerinə yetirmək olar?

-Yaxşı sualdı...(gülür) Təyyarə bələdçilərinə xüsusi kurs keçirilir. Qəza zamanı xilasetmə bacarıqları üzrə xüsusi təlimlər keçirilir. Orada 60 yox, 90 saniyə ərzində təyyarəni sərnişinlərlə bərabər tərk etmək tələb olunur. Doğrudur, biz bunu təlimlər zamanı keçmişik, təcrübəmdə isə rast gəlməmişəm, inşallah, rast gəlmərəm də.

Təhlükəli məqamlar bəzən olur, məsələn çoxlu qar yağıbsa. Onun da standartları var. Əgər neçə metrdən görüntü yoxdursa, o zaman uçuş həyata keçirilmir.

- Olubmu ki, “ekonom klas”da oturmalı olan sərnişin “biznes klas”da otursun. Belə hal olanda sərnişini necə başa salırsınız?

- Sərnişinlər bəzən biznes sinfə can atırlar. Biz onlara yaxınlaşıb xəbərdarlıq edib yerini dəyişdiririk. Problem yaradan olmur. Çalışırıq ki, hamını başa salaq.

- Ən böyük arzunuz nədir?

- Hər bir insanın ən böyük arzusu nə ola bilər, əlbəttə, xoşbəxtlik. Şükür Allaha, bunun üçün mənim valideynlərim yanımdadır, həyat yoldaşım yanımdadır, işim var. Gözəl iş yoldaşlarım var, gözəl ailəm var. Mənim üçün digər maddiyatın önəmi yoxdur.

- İndiyə qədər təcrübənizdə ən yadda qalan hadisə hansı olub?

- Ən yadımda qalan o olub ki, bir dəfə bir sərnişin o qədər həyəcanlanmışdı, qorxmuşdu ki, qorxusundan özünü ələ almaq üçün mahnı oxuyurdu. Mən onu sakitləşdirməyə çalışsam da, mənə qulaq asmırdı. Olub ki, bizdən avtoqraf istəyiblər. Təyyarədə uşaqlar olduqda işimiz maraqlı olur, o yan-bu yana qaçırlar. Bəzən gəlib pərdəni açıb bizə baxırlar.

Sonda onu deyim ki, bu illər ərzində qazandığım təcrübə, yəni gün ərzində 200-300 nəfər sərnişin yola salmaq, fərqli insanlar görmək, onlarla ünsiyyət qurmaq bizə çox şey öyrədib. Adi həyatda çox kömək olub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm