• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bir gecədə "yetişən" pomidorlar - yemək qadağandır

Bir gecədə "yetişən" pomidorlar - yemək qadağandır

Paytaxt bazarlarında satılan pomidorların əksəriyyəti dərmanla yetişdirilib. Belə ki, istixanalarda pomidor yetişməmiş toplanır və bir gecədə xaricdən gətirilən dərmanlarla rəngi qızardılır. Yaşıl pomidorların üzərinə dərman səpilməklə “yetişdirilir”. Əsasən, xarici ölkələrdə məhsulların bu üsulla yetişdirilməsi barədə xəbərlər eşidirik.

Eskpertlərin sözlərinə görə, mövsümü olmayan, lakin bazarlarda satılan məhsulların əksəriyyəti bu üsulla “yetişdirilir”. Uzun illərdir Türkiyədə istifadə edilən bu maddələr Azərbaycana da ayaq açıb. Bu məhsullar günəş enerjisi ilə yetişmədiyinə görə, ilk növbədə sağlamlıq üçün zərərli hesab edilir. Bundan başqa, onların dadı, qoxusu da olmur. Alıcılar üzəri qıpqırmızı görünən bu məhsulların içinin yaşıl olmasından yalnız evdə xəbər tutur. Hətta bu pomidorlar xarab olsa belə, onların toxumları yaşıl olur. Həkimlər birmənalı olaraq bu məhsullardan istifadəni qadağan edir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, hər həftə pomidorların keyfiyyəti ilə bağlı onlara bir neçə şikayət daxil olur. Alıcılar pomidorların içərisinin yaşıl olmasından şikayət edir.

“Azərbaycanda GMO məhsul istehsalı qadağan edilib, bu məhsulları gətirənlər 30 min manat cərimələnir. Lakin ölkədə GMO məhsullar istehsal edilir. Hansı məhsulun toxumundan növbəti il məhsul əldə etmək mümkün deyilsə, onlar GMO məhsullarıdır. Azərbaycanda istehsal edilən pomidorların, qarpızların əksəriyyəti bu üsulla yetişdirilir. Bu məhsulların üzərinə müəyyən maddələr əlavə etməklə qısa zamanda qızardılması istisna edilmir. GMO məhsul istehsalı ilə məşğul olanların bu üsuldan da istifadə etməsi real görünür. Lakin bununla bağlı konkret şikayət daxil olmayıb”.

Gəncə Aqrar Universitetinin müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Mənzər Məmmədova hələ Sovet dövründə məhsullara bu məqsədlə 1:500-ə nisbətində etilen qazı vurulduğunu bildirib. Onun sözlərinə görə, etilen qazı vurulan pomidorlar Moskvaya çatana qədər qızarırdı. Bu maddə ilə məhsul tədricən, həm xaricdən, həm də daxildən yetişirirdi.

“İndi tətbiq edilən dərmanı məhsulun saplaq hissəsinə tökürlər, pomidorların üst qabığı qızarır. Həmçinin kalsium karbid adlı maddəni hetmetik bağlanmış kamerada yandırırlar, bu zaman asetilen və etilen qaz yaranır. Bu qazlar sovet dövründə tətbiq edilirdi. İndi də həmin dərmanlardan istifadə edilir. Lakin bununla yanaşı, xarici ölkələrdən gətirilən müxtəlif tərkibli dərmanlar tətbiq edilir. İndi, xüsusən Türkiyədən gətirilən atrol (48, 42, 45, 60) nömrəli maddədən istifadə edirlər. Məsələn, bir litr suda 6 qram atrol 48 maddəsi həll edilir, bitkilərin üzərinə səpilir, yaxud dəsmalı bu maddə ilə isladıb məhsulu üzərinə bir dəfə çəkirlər, gecədən səhərə qədər məhsullar qızarır. Həmin maddəni iynə ilə gövdədən çıxan salxımın saplağına doğru vururlar, bu zaman məhsul daxildən qısa zamanda yetişir. Lakin məhsulun üzərinə çiləyəndə ancaq xaricdən yetişir. Bütün istixanalarda bu maddələrdən istifadə edilir. Bu maddələrin ölkəyə necə gətirilməsindən xəbərim yoxdur. Əldə etdiyimiz məlumata görə, sahibkarlar bitki mühafizəsi satış məntəqəsindən, ya da xüsusi mağazalardan alırlar”.

Onun sözlərinə görə, daxildən yetişmə getmədiyinə görə, dad keyfiyyəti aşağı olur.

“Bu maddə yetişgənliyi tezləşdirmək üçündür. Sovet dövründə məhsullar daha keyfiyyətli olduğuna və bir həftəyə yetişdiyinə görə, dadı olurdu. İndi isə bir gecədə dərmanlarnan pomidorlar səhər bazara çıxarılır. Bu məhsullar uzun müddət saxlasalar, daxildən də yetişə bilər”.

M.Məmmdova bu maddələrin, əsasən, qışda istifadə edildiyini bildirib. Lakin bununla yanaşı, bəzi istixana sahibləri daha çox gəlir əldə etmək üçün yayda da qısa zamanda bazara məhsul çıxarmaq üçün bu maddələrdən istifadə edir.

Onun sözlərinə görə, bu maddənin orqanizmə necə ziyan vurması barədə məlumat yoxdur.

“Bitkilərin qızarması üçün vurulan bu maddələr də kimyəvi tərkiblidir. Kimyəvi maddələrin xeyirli olmaması təsdiqlənmiş məlumatdır. Bu məhsulların dadının olmaması, turşuluğun çox olması ilə müşahidə edilir. Ev şəraitində nisbətən isti şəraitdə saxlandıqda həmin məhsullar qızara bilər”.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR