• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Təhsil Nazirliyi müsabiqə keçirir

Təhsil Nazirliyi müsabiqə keçirir

Təhsil Nazirliyi Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas hədəflərinin ictimaiyyətə çatdırılmasında KİV-in rolu" mövzusunda jurnalist yazıları müsabiqəsini elan edir.

Publika.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, müsabiqənin məqsədi ölkəmizdə qarşıdakı illərdə müasir təhsil sisteminin qurulması sahəsində aparılacaq islahatların əsas strateji istiqamət və hədəflərinin məzmun və mahiyyətinin KİV vasitəsilə Azərbaycan cəmiyyətinə vaxtında və düzgün çatdırılmasına nail olmaqdan, media qurumlarının ictimaiyyətin maarifləndirilməsi işinə təşviqini stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin istiqamət və mövzuları: Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsil məzmununun yaradılması; Təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi, səriştəli təhsilverənlərin formalaşdırılması; Təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizminin yaradılması; Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması; Təhsil sisteminin iqtisadi cəhətdən dayanıqlı maliyyələşdirmə mexanizminin qurulması.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən jurnalistlər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Yazıda "Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birgə keçirilən müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

İnformasiya agentliklərində və xəbər portallarında işləyən jurnalistlər öz yazılarını işlədikləri KİV-in rəsmi internet saytında yerləşdirməlidirlər. Yazılar şəxsən Fonda təqdim olunmalıdır.

Sənədlərin qəbulu 11 fevral 2014-cü il tarixindən başlayır, 11 mart 2014-cü il tarixində başa çatır. Sənədlər rəsmi iş günləri saat 10:00-dan 16:00-dək qəbul olunur.

Müsabiqədə I yeri tutacaq 5 nəfərə 1000 manat, II yer - (5 nəfər) 700 manat, III yer - (5 nəfər) 500 manat, ümumilikdə 10 nəfərə isə 200 manat mükafat veriləcək.

Qaliblər, həmçinin Təhsil Nazirliyi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin xüsusi diplomu ilə təltif olunacaqlar.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR