Yalançı qəhrəmanlar-I
Bizi izləyin

Qırmızı.az

Yalançı qəhrəmanlar-I

Uzun illər xalqımıza qaçaq-qulduru, "sapıqları" ("sapıq" ifadəsini deputat Fazil Mustafadan oğurlamışam), ərəbə, farsa yalmananları, rusa "işverənlik" edənləri bizlərə qəhrəman kimi təqdim ediblər. Hətta bu cür yaramaz, satqın ünsürləri qəhrəman kimi başımızın tacına çevirib, heykəlinin ətrafına gül-çiçək düzmüşük. Sovetdənqalma araşdırmaçılarımız, dilçilərimiz, tarixçilərimiz elə gədə-güdəni qəhrəman kimi başımıza çıxarıblar ki, indi də onlar haqqında deyilən tənqidi fikirə dözə bilmirlər. Niyə? Çünki, bu gün koroğlular, nigarlar, qaçaqnəbilər, həcərlər, qatırməmmədlər ifşa olunsa cild-cild kitablar, monoqrafiyalar, dissertasiyalar heç nəyə yaramayacaq. Məhz bundan əndişələnən bəzi "elm adamları" tarixə və tarixşünaslığa, folklor tarixinə yeni baxış sərgiləməyə çalışan insanları açıq-aşkar topa tutur. İllər uzunu millətin gözünə kül üfürməklə qazandıqlarını bircə anın içində itirməkdən çəkinirlər. Həəə, qocalar! "Koroğlu" dastanı ilə başını yozduğunuz gənclik böyüyüb və Koroğlunun əslində quldur olduğunu anlayıb. İllərlə igidlik, mərdlik simvolu saydığımız Qaçaq Nəbi sən demə, adicə karvanbasan quldur imiş. Qeyrət mücəssəməsi kimi təbliğ etdiyiniz Həcərin əslində yava bir arvad olmasını çoxdan sübut ediblər. Məlum olub ki, "qeyrətli" Həcər xanım Nəbini güdaza verəndən sonra nə az, nə çox düz beş dəfə ərə gedib. Nəbi üçün bir varis doğa bilməyən Həcərin son dayanacağı qoca bir ermənin yatağı olub. Alın, bu da sizə qəhrəman, bu da sizə dəyər! Deməli, illərlə qeyrətinə "vurğun" olduğunuz Həcər bu imiş?! Sovet dövründən sonra da, Qaçaq Nəbi haqqında yazılan yazılarda onun çar üsul-idarəsinə qarşı vuruşmasından ağız dolusu yazılır. Guya, Nəbi varlıdan alıb kasıba verirmiş? Pah! Guya tacirləri soyub-talamaq, hansısa əsilzadənin arvadını qaçırmaq qəhrəmanlıqdır. 46 illlik ömrünün 13 ilini quldurluqla keçirən Nəbinin əslində qəhrəman olmadığını bu araşdırmaçılara da gün kimi aydındır. Dillənmirlər. Niyə? Çünki qazandıqları ucuz şöhrət bu adamlara hava-su kimi lazımdır.

Mənim üçün çox maraqlı məqamlardan biri də Nəbinin ölümündən qabaq Kərbəla ziyarətinə getməsidir. Hətta din adamlarını belə güllə ağzına verən bu qaçağı Kərbəlaya hansı hislər aparmışdı? Olmaya, o da ömrünün qalan hissəsini tövbəkar kimi keçirmək istəyirdi?

Hələ biz bunun haqqında haqqında romanlar yazıb, film də çəkmişik. Filmdə isə öz psevdoqəhrəmanımıza "Arazın o tayı da, bu tayı da mənim öz torpaqlarımdır" dedizdirmişik.

Dəfələrlə Həcəri döyüş meydanında qoyub qaçması, Həcərin dəfələrlə düşmən əlinə keçməsi də danılmaz faktdır. Düşmən əlində olanda isə Həcərin başına nələr gəldiyini yəqin ki, tarixçilərimiz yaxşı bilir. Budurmu Həcər qeyrəti, Nəbi şücaəti?

Amma inadımızda davam edirik. Hələ də Nəbini, Həcəri qəhrəman kimi xalqa sırımaqda, onun "igidliklərini" tərənnüm etməkdə davam edirik. Görəsən, "Qoy mənə desinlər ay qacaq Nəbi,Arvadı özündən ay Qoçaq Nəbi..." misralarını hansı yanşaq yazıb? Ay bərəkallah! "Arvadı özündən qoçaq!"

Görünür, altı dəfə ərə getmək böyük "qoçaqlıq" sayılır. Bu yalançı qəhrəmanlıq dastanı necə yaranıb? Məncə, araşdırmaqda fayda var...

Yox, qardaş, yox! Mənim başıma güllə sıxsan da, mən Nəbi kimi qulduru oğluma qəhrəman kimi təqdim etmərəm! Məni öldürsən də, Azərbaycan qadını haqqında "Həcər qeyrətli" ifadəsini yaza bilmərəm. Elə bəlkə də Dubayda papağımızı yerə soxan bu "həcərqeyrətlilərdir"? Məncə, bu yöndə də düşünməyə dəyər.

P.S. Yazı müzakirəyə açıqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm