Binalarda çatlar əmələ gəlir - Reportaj- Fotolar
Bizi izləyin

Qırmızı.az

Binalarda çatlar əmələ gəlir - Reportaj- Fotolar

Düzdür, bu çatlar bir o qədər təhlükəli deyil. Ancaq zəlzələ olan kimi bəzi binalarda çat əmələ gəlib. Mən özüm görməmişəm, ancaq bizim bu işlə məşğul olan dostlar deyirlər ki, daha çox “Akkord”un tikdiyi binalarda belə olur.

Fevralın 10-da baş verən zəlzələdən sonra ev alqı-satqı bazarında bahalaşma qeydə alınmayıb. Bu gün paytaxtdakı ev alqı-satqı firmalarında olarkən bunu müşahidə etdik. Ev alqı-satqısı ilə məşğul olan makler Anar Həsənov deyir ki, zəlzələ qiymətlərə təsir etməyib: “Bazarda qiymət artımı yoxdur. Bu gün də əvvəlki qiymətə ev satmışıq. Bu sadəcə olaraq bəzi işbazların yaydığı yalanıdır. Camaatı aldatmaq üçün deyirlər ki, evlərin qiyməti qalxıb. Bizim firmada qeydə alınan bütün evlərin qiyməti əvvəlki kimi qalır”.

Makler deyir ki, zəlzələdən sonra alıcıların əksəriyyəti yeni tikililər almaqdan imtina edib: “Hamı köhnə, beşmərtəbə binaya üstünlük verir. Çünki köhnə binalar təzələrə nisbətən daha çox davamlıdır. Bir də köhnə binaların çoxu beşmərtəbədir. Hündür binalar zəlzələ zamanı təhlükəli olur. Bu baxımdan çox adam köhnə bina almağa üstünlük verir. Amma təzə binaların da yaxşıları var. Gərək axtarış edəsən, soraqlaşasan. Köhnə binadan ev almaq üçün isə bir o qədər axtarış etmək lazım olmur. Çünki onların əksəriyyəti eyni standartla tikilib”.

Bu gün ev almaq üçün maklerlərə müraciət edənlərin əksəriyyəti 5 və 9 mərtəbəli binalardan ev almağa üstünlük veriblər. Maklerlərin sözlərinə görə, binaların davamlılığı onların hansı armaturlardan tikilməsinə görə fərqlənir. Deyilənlərə görə armaturun sayı yox, keyfiyyəti yüksək olanda binalar dözümlü olur. Zəlzələ zamanı isə belə binalarda silkələnmə daha az olur. Eyni zamanda alıcıların daha çox daş binalara üstünlük verdiyi də deyilirdi.

Binalarda çat yaranıb...

Hüseyn adlı başqa bir makler deyir ki, yeni tikilən binaların bəzilərində zəlzələ zamanı çatlar da əmələ gəlir: “Düzdür, bu çatlar bir o qədər təhlükəli deyil. Ancaq zəlzələ olan kimi bəzi binalarda çat əmələ gəlib. Mən özüm görməmişəm, ancaq bizim bu işlə məşğul olan dostlar deyirlər ki, daha çox “Akkord”un tikdiyi binalarda belə olur. Ola bilsin təmir zamanı keyfiyyətli materiallardan istifadə olunmayıb. Amma bizdə “Piramida” firmasının tikdiyi binalardakı evlərdən var. O binalar keyfiyyətli və davamlıdır. Zəlzələyə daha çox 5 mərtəbəli binalar davamlı olur”.

Araşdırma zamanı bir neçə yeni tikilən binaya da baş çəkdik. Elmlər Akademiayası metrosunun giriş hissəsində inşa edilən binanın fəhlələri deyir ki, zəlzələ zamanı onlar iş başında olublar: “Biz özümüz işləyirdik. Bizim bəzi fəhlələr heç zəlzələni hiss etməmişdi. Bu binalar zəlzələyə davamlıdır. Özümüz tikirik deyə, bunu əminliklə deyə bilərik”.

Bu binanın administratoru ilə əlaqə saxlamaq istədik, lakin onu tikinti yerində tapa bilmədik. Fəhlələr tikintini hansı firmanın apardığını da bildirmədilər: “Binanı hansı firmanın tikdiyini bilmirik. Biz “prorab” vasitəsilə işə gəlmişik. Heç bu barədə soruşmamışıq”.

Binaların çoxunun administratoru həmin binanın zəlzələyə nə qədər davamlı olduğundan xəbərsiz olduğunu deyirdi.

“Zəlzələ olanda hansı binanın davamlı olduğu üzə çıxacaq”

Alıcılarla da söhbətləşdik. Onlar binaların zəlzələyə necə davamlı olduğunu müəyyən edə bilmədiklərini dedilər. Elşən Muradov adlı alıcı deyir ki, ev alarkən belə hadisələr barədə düşünmək düzgün deyil: “Bu təbiətin işidir. Axı biz necə bilək ki, hansı bina zəlzələ zamanı uçmayacaq? Həm də bütün firmalar öz binasını tərifləyir. Çöldən binaya baxmaqla bunu demək mümkün olmaz. Zəlzələ olanda hansı binanın daha çox davamlı olması üzə çıxacaq. Biz istəsək də bunu müəyyən edə bilmərik. Ona görə də bu barədə çox fikirləşməyə dəyməz”.

Ekspertlər narahatdır

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanov deyir ki, binaların davamlılığı “işçi layihə” adlı sənəddə qeyd olunur və həmin sənəd tikinti şirkətində olur: “Bu sənəd ətrafında mühəndislər araşdırma aparsalar hansı binanın zəlzələyə daha çox davamlı olduğunu müəyyən edə bilərlər. Açığı Bakıda elə binalar var ki, 9 bal gücündə zəlzələyə davamlıdır. Bina tikilərkən konstruktiv materiallara ciddi fikir veriləndə bina davamlı olur. Amma Bakıda elə binalar var ki, 6 bal gücündə zəlzələyə davam gətirəcək ehtimalı çox aşağıdır”.

Başqa bir ekspert Nüsrət İbrahimov deyir ki, köhnə binalar dəmir beton panelləri vasitəsilə tikilirdi: “İndi binaların çoxu arakəsmələr vasitəsilə tikilir. Amma hansı binanın daha çox zəlzələyə davamlı, hansının az davamlı olmağını daha dəqiq bilmək üçün laboratoriyada xüsusi araşdırmalar aparmaq lazımdır. Vizual baxmaqla hansı binanın davamlı olduğunu demək çox çətindir. Bunun iki yolu var. Ya xüsusi laboratoriyada yoxlama aparmalısan, ya da zəlzələ olmalıdır ki, müəyyən edəsən hansı binanın davamlı olmağın”.

N. İbrahimov deyir ki, güclü zəlzələ olarsa və hündürmərtəbəli binalardan biri uçarsa köhnə binaların qiymətində artım olacaq: “Bu, gözlənilən faktordur. Bəzən təbii hadisələr belə qiymət artımına gətirib çıxara bilir”.

Elmin Bədəlov

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm