Qatil nənənin vəhşiliyi: “Ananı öldürdüm, sən niyə yaşayırsan?”
Bizi izləyin

Qırmızı.az

Qatil nənənin vəhşiliyi: “Ananı öldürdüm, sən niyə yaşayırsan?”

Xəbər verdiyimiz kimi, dünən Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları massivində dəhşətli qətl hadisəsi baş verib. Belə ki, sözügedən ünvandakı nömrəsiz evdə kirayədə yaşayan 1974-cü il təvəllüdlü Şərqiyyə Hüseynova münaqişə zəminində gəlini, 1994-cü il təvəllüdlü Elnarə Nəcəfovanın baş nahiyəsinə bir neçə dəfə daşla vuraraq onu öldürüb. Bununla hirsi soyumayan qadın evdə olan 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib.

Nəzərinizə çatdıraq ki, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərqiyyə Hüseynova tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, sözügedən cinayət hadisəsi ilə bağlı daha dolğun məlumat almaq, qətlin hansı səbəbdən baş verdiyini dəqiqləşdirmək məqsədilə Zığ bağları massivinə yollandıq. Cinayət hadisəsinin dəqiq hansı ünvanda baş verdiyini öyrənmək üçün massivin sakinlərinə müraciət etdik. Kimi danışdırdıqsa, hamı hadisədən yalnız bu gün səhər xəbər tutduqlarını dedilər: «Zığ bağları massivi böyük ərazidir. Hadisənin baş verdiyi evi dəqiq tapmaq bir qədər çətin olacaq. Odur ki, siz yaxınlıqdakı qaz idarəsinə müraciət edin. Onlar sizə ünvanı verə bilərlər».

Sakinlərin məsləhətinə əməl edib qaz idarəsinə yollandıq. Lakin iş saatı olmasına baxmayaraq, qapını açan olmadı. Beləcə, massivi məhəllə-məhəllə dolaşmağa başladıq. Nəhayət, dükanların birindən gəlinini və nəvəsini qətlə yetirmiş Şərqiyyə Hüseynovanın kirayə yaşadığı evi soruşduq. Xanım satıcı bizi həmin ünvana apardı. Lakin hazırda evdə heç kimin olmadığını bildirdi: «Gəlin, sizə həmin evi göstərim. Ancaq indi evdə heç kimi tapmayacaqsız. Ev boşdur. Dünən hadisə baş verdikdə mən də dərhal özümü ora çatdırdım. Şərqiyyəgilin evinə çatdıqda artıq polislər də orda idi. O, gəlinin gicgahına daşla bir neçə dəfə zərbə endirib. Sonra nəvəsini boğub».

Hadisənin baş verdiyi ünvana çatdıqda evdə doğrudan da heç kimin olmadığının şahidi olduq. Bir neçə fotoşəkil çəkdikdən sonra Şərqiyyə Hüseynovanın qonşuları ilə söhbətləşmək qərarına gəldik. Yaxınlıqdakı dükanın qarşısında bir yerə toplaşmış xanımlara hadisənin necə baş verməsi, eləcə də sözügedən ailənin üzvləri ilə bağlı sual verdikdə onlar gəlnini və nəvəsini qətlə yetirmiş nənənin psixi cəhətdən problemləri olduğunu dedilər: «Onlar əslən gürcüstanlıdır. Bura təxminən, 5-6 ay öncə köçüblər. Kirayədə qalırdılar. Onlara evini kirayə verən qadının əri tikintidə çalışırdı. O, bir müddət öncə binadan yıxılıb öldükdən sonra qadın evini bunlara kirayə verib, özü rayona gedib. Şərqiyyənin əri hazırda Gürcüstanda yaşayır. O, oğlu, gəlini və nəvəsi ilə bir yerdə qalırdı. Qadının psixi cəhətdən problemləri vardı». Qonşuların sözlərinə görə, hadisə baş verdiyi gün Şərqiyyə Hüseynovanın oğlu Elvar Hüseynov yoldaşı Elnarə Nəcəfovaya anasına dərmanlarını verməyi və onun çölə çıxmaması üçün qapını bağlamağı tapşırıb: «Şərqiyyə psixi cəhətdən problemli olduğu üçün dərman qəbul edirdi. Dünən onun oğlu yoldaşına deyib ki, anamın dərmanlarını ver, sonra qapını bağlı ki, o, çölə çıxmasın. Şərqiyyə bir neçə dəfə həm evlərində, həm də küçədə dava-dalaş salıb. Psixi cəhətdən problemi olduğuna görə heç kim ona baş qoşmurdu. Bu səbəbdən də artıq onun çölə-bayıra çıxmasına imkan vermirdilər. Hadisə baş verdiyi gün gəlin ərinin dediyi kimi, qayınanasının dərmanlarını verib və qapını bağlayıb. Bir müddət sonra qadın gəlinini çağırıb və çölə çıxmaq istədiyini bildirib. Elnarə ərinin buna icazə vermədiyini desə də, qayınanası israr edib. Elnarə yenə də qapını açmayıb. Sonra Şərqiyyə ona deyib ki, qapını aç, səninlə işim var. Gəlin qapını açanda qayınanası qəfil çölə çıxıb və əlinə bir daş alıb, yazıq Elnarənin üstünə cumub. Ona başından bir neçə dəfə zərbə endirib. Elnarəni öldürdükdən sonra onun ürəyi soyumayıb və evdə olan 6 aylıq nəvəsinin otağına gedib. Həmin vaxt uşaq ağlayırmış. Qadın uşağa «anan öldü, daha sən niyə yaşayırsan?» deyib onu da boğub qətlə yetirib».

Qeyd edək ki, söhbətləşdiyimiz qonşulardan biri bu dəhşətli qətli törədən Şərqiyyə Hüseynovanın əmisi qızı olduğunu bildirdi: «O, mənim əmim qızıdır. Onun əri indi Gürcüstandadır. Əri yazığın başına olmazın müsibətlər açıb. Onun əri «alkaş» olub, hər gün içki içirdi. Arvadını demək olar ki, hər gün döyürdü. Şərqiyyənin əri ona elə zülmlər verib ki, dillə deyiləsi deyil. Yazıq hər gün döyüldükdən sonra beynində müəyyən problemlər əmələ gəlib. Əri ona gün verib, işıq vermirdi. Yəqin, hadisəni törədəndə psixi durumu yerində olmayıb».

Qonşular qeyd etdilər ki, Şərqiyyə Hüseynovanın gəlini və oğlu qanacaqlı, sakit insan olublar: «Onların burda kirayədə qaldıqları müddət ərzində heç kimə bir pislikləri dəyməyib. Sakit ailə olublar. Ancaq qayınana dava-dalaş salırdı. Ərlə-arvad isə xoşxasiyyət olublar. Bu hadisədən sonra adam burda kirayədə yaşayan digər ailələrə də bir qədər ehtiyatla yanaşmalı olur. Bilmirsən kimdirlər, hardan gəliblər, keçmişdə nə kimi əməl törədiblər».

Söhbətləşdiyimiz Zığ bağları massivi sakinləri hesab edirlər ki, hüquq-mühafizə orqanları gəlinini və 6 aylıq körpə nəvəsini amansızlıqla qətlə yetirmiş Şərqiyyə Hüseynovanın ən ağır formada cəzalandırılmasına nail olmalıdırlar: «Beləsini güllələmək lazımdır. Tutaq ki, gəlininlə aranda hansısa problemin var. Bəs 6 aylıq körpənin günahı nə idi? Onu boğmağa necə əlin gəldi? Gərək polis, prokurorluq, məhkəmə onun ən ağır formada cəzalandırılmasına çalışsın. Belə olsa, bu, başqalarına da dərs olar».

Məlumat üçün bildirək ki, hadisə ilə bağlı danışan Şərqiyyə Hüseynovanın oğlu Elvar Hüseynov atasının beynəlxalq ölkələrarası yükdaşımada sürücü işlədiyini qeyd edib: «O, TIR sürür və hazırda Türkiyədədir».

Onu da bildirək ki, işi araşdıran Suraxanı Rayon Prokurorluğunun müstəntiqi Kamran Sadıqovun ANS PRESS-ə verdiyi açıqlamasında qeyd edib ki, saxlanılan Şərqiyyə Hüseynova dindirmə zamanı hadisəni mübahisə zamanı törətdiyini etiraf edib. Qadının sözlərinə görə, o, Gürcüstana qayıtmaq istəyirmiş. Lakin oğlu və gəlini onu buraxmırlarmış. Bu səbəbdən dəhşətli cinayət törədib. «Şərqiyyə Hüseynova ilkin dindirilmədə bildirib ki, Gürcüstana köçmək istəyirmiş. Gəlini də qapını bağlayıb. Onu çölə buraxmayıb. Hələlik onun oğlu Elvar Hüseynovu dindirə bilməmişik. Bu gün dindirmə olacaq», - deyə Suraxanı Rayon Prokurorluğunun müstəntiqi bildirib.

Vazeh Bəhramoğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm