Özünə “ər“ alanlar
Bizi izləyin

Qırmızı.az

Özünə “ər“ alanlar

"Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar deportasiya edildilər", "Türkiyədə qanunsuz yaşayan uşaq dayəsi ölkədən çıxarıldı", "vətəndaş nigahında yaşayan azərbaycanlı qadın Türkiyədən qovuldu" və daha nələr... Bu kimi başlıqlı xəbərləri hər gün oxuyuruq və təbii ki, kənardan baxanda Azərbaycanın imicinin o qədər də xoş olmadığını hiss edirik.

Türkiyənin özündə də bu problem olduqca qabarıb, bunun səbəbi bir tərəfdən gəlmələr olsa da, bir tərəfdən yerlilərdir. Amma insafən əyri oturub düz danışsaq rus, erməni, ukrain qadınları bu ölkəni bərbad bir duruma gətirib çıxarıb. Elə bizim qadınların da bu işdə "əməyini" inkar etmək olmaz. Yerindən duran Türkiyəyə qaçır.

Qadınlarımız Türkiyəyə bir çox məqsəd üçün gedir. Kimisi iş qadınıdır, işi ilə bağlı gedir, kimisi ailəsi ilə dincəlməyə gedir, kimisi də alver etməyə. Maddi təminatı yaxşı olmayan və daha yaxşı güzaran qurmaq istəyən qadınlarımız isə Türkiyəyə əsasən 3 iş üçün gedirlər.

1. Dayəlik

2. Xadiməlik

3. Fahişəlik

Qeyd etdiyim kimi, istisna hallar da var, amma bunlar olduqca az faiz təşkil edir. İş üçün, dincəlmək üçün gedən qadınlar bu yazımızı üzərlərinə almasın, onların oraya nə üçün getdiyini hamı bilir onsuz da. Məsəl var, pis əməlin ömrü 40 gün olar, nə qədər gizlədilsə də el ağzı torba deyil büzəsən, bir gün açılır sandıq, tökülür pambıq.

Türkiyəyə gedən qadınlarımızın önündə birinci vacib "məsələ" var ki, bu da bu ölkənin vətəndaşlığını almaq məsələsidir. Azərbaycandan Türkiyəyə təzəcə getmiş, vətəndaşlıq almasa ölkədən çıxarılma qorxusu ilə yaşayan azərbaycanlı qadınlar müəyyən məbləğ ödəyərək özünə "ər" tapır. Təyin edilmiş müddət "evli" qaldıqdan sonra boşanırlar və "müvəqqəti ər" öz haqqını alır. Təbii ki, bu saxta evlilikdən Türkiyə polisi, ələxsus da "Yabancılar Şubesi" xəbər tutmasa.

90-cı illərin əvvəllərində erməni qadınların Türkiyəyə axını zamanı çoxusu özünü azərbaycanlı kimi qələmə verirdi. Azərbaycan türkçəsində kifayət qədər sərbəst danışan erməni gözəlləri sinələrini gərə-gərə "azərbaycanlıyam" deyirdi. Azərbaycanla Türkiyənin münasibətləri o qədər də inkişaf etmədiyindən coxları bu yalana inanırdı. Bu da haqqımızda pis təəssüratlara səbəb olurdu.

Türkiyədəki yadelli fahişələri rəqəmlərin gözü ilə görmək istəsəniz, bunu da araşdırdım. Türkiyədə fahişəliyə məcbur edilən qadınların əksəriyyətinin Azərbaycan, Gürcüstan, Moldova və Rusiyadan olduğunu söyləmək mümkündür.

Məsələn, statistik nəticələrə görə, 1996-cı ildə 112,1 min, 1997-ci ildə 93,5 min, 1998-ci ildə 125 min, 1999-cu ildə 122,6 min, 2000-ci ildə 182,1 min, 2001-ci ildə 189,3 min azərbaycanlı Türkiyəyə gəlib və ya gətirilib. Onların da mühüm faizini qadınlar təşkil edir ki, əksəriyyəti fahişəlik edib.

Türkiyə Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə isə ötən 5 il ərzində 6352 nəfər azərbaycanlı Türkiyədən çıxarılıb. Təbii ki, bu onların cüzi bir hissəsidir. Çünki, çoxu gizlincə orada yaşamaqda davam edir.

Məsələnin təhlükə miqyasını təsəvvür etmək üçün Beynəlxalq Miqrasiya Təşkilatının (İnternational Organization of Migration) internet səhifəsində Türkiyədə qadın alveri ilə məşğul olan rus mafiyasının gizlin bir yazışması yayımlanmışdı, orda deyilirdi:

"Rus mafiyası Azərbaycan qızlarından istifadə edir. Moskvada məlum bir agentliklə əlaqəyə girib qız istədiyimizi bildiririk. Ödədiyimiz məbləğ, qızın yaşına, gözəlliyinə və Türkiyədə qalacağı vaxta görə müəyyən edilir. Bir həftəyə 3 min dollardan 10 min dollar arasında pul ödəyirik.

Türkiyəyə gətirilən qızlar isə hər bir müştəri ilə olan görüşdən 300-400 dollar gəlir gətirir. Çox vaxt qızları qarşılamaq üçün aeroporta maşın göndəririk. Müştərilərə göstərdikləri xidmətə görə qızlara ayrıca pul verilmir. Amma həftə ərzində münasibətlərimiz yaxşı olarsa, onlara hədiyyə ala və ya əlavə pul verə bilərik".

Bütün bunlara rəğmən qadınlarımız Azərbaycandan qaçmağa həvəslidirlər, səbəbi sərbəstlik axtarışıdır. Yeganə istəkləri bizim mentalitet dediyimiz, bəzilərinin "geridəqalmışlıq" adlandırdığı yaşamdan uzaqlaşmaqdır. Amma çoxu bilmir ki, sərbəstliyinin axırı ya ömürlük fahişəlik, ya da QİÇS kimi xəstəlikdən çürüməkdir. Üstəlik, hər biri ayrılıqda Azərbaycanın "adını batırmaq" üçün əlindən gələni edir.

Bilirəm, növbəti cümləm bir qədər sərt olacaq, bəlkə də feministlərin qəzəbinə tuş gələcəm, amma mütləq qeyd etməliyəm. Qısası, bizim bəzi qadınlar türkiyəli oğlanlar üçün əldən-ayaqdan gedirlər. Böyüklərimizin bir misalı var, "elə bil yel əsib, qoz tölüküb". Bu eynilə sözügedən vəziyyətə aiddir. Sanki Türkiyədə də belə bir yel əsib, əldən qopan ora qaçır...

Bir çoxları əsas gətirir ki, bunda türk seriallarının rolu böyükdür. Düzdür, bunun təsiri danılmazdır, amma serialdakı fantaziyalara, şişirdilmiş əhvalatlara və elə osmanlıların özü demiş - "toz pembe" həyata aldananların normal dərrakəyə və şüura sahib olmadıqlarını hesab edirəm. Çünki belə seriallara baxanlar çoxdur və heç də hamı bu yalanlara aldanmır.

Türkiyədə vəhşicəsinə öldürülən azərbaycanlı qadınlarımızdan danışmıram hələ. Bir görüntü, xarizma uğuruna canından olan qızlarımız... Ya internetdə, ya turist kimi Bakıya gələndə, ya da başqa hər hansı vasitə iləsə tanış olduğu türkiyəli kişi ilə evlənən və ilk mübahisədə, ailəiçi kiçik davalarda qanına qəltan edilən qızlarımız...

PS: İstanbulun Aksaray, Findiqzade, Fatih kimi səmtlərində azərbaycanlı qızların saxlandığı evlər var. O evlərdə olanlardan bir çoxumuz xəbərsizik. Oradakı qadınlarımızın kimlərdən usaqlar dünyaya gətirdiyini bilirsinizmi?..

Oxumağa davam et
Reklam
Reklam

Gündəm