• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Bakıdakı katolik kilsəsində nələr oldu?

Bakıdakı katolik kilsəsində nələr oldu?

Kilsə ilə tanışlığım orta məktəbdə olmuşdu. Kilsə zəngləri, moizələr, çarmıxa çəkilmiş İsanın rəsmi məndə vahimədən başqa heç bir hiss oyatmamışdı. Ta ki, Tbilisidəki məhşur provaslav kilsəsinə gedənə qədər.

Tbilisidə kilsə

Kilsədə dua edənlər heç kimin eşidə bilməyəcəyi səslə pıçıldayır. Ətrafda sakitlik hökm sürür. Sanki, heç kim bir-birini görmür. Kilsəyə yalnız muzey təsəvvürü ilə daxil olan bizi –üç azərbaycanlı qızı bığıburma gürcü dayı arxadan qışqıraraq çağırır.

Rusca:

"Azərbaycanlılar həmişə belə edir. Biz sizin məscidinizə diziaçıq girsək, döyüb qovarsınız. Uzun örtükləri geyinib sonra daxil olun. Həm də burda şəkil çəkməyin".

Üstümüzə qışqıran bığıburma gürcünü görən gənc Mitropolit ( Papanın müavini) əl işarəsi ilə bizi çağırdı. Yaxınlaşanda bizə şəkil çəkə biləcəyimizi, örtünməyin vacib olmadığını dedi. Gürcü bığıburma deyinə-deyinə bayıra çıxdı.

Sonradan yerli gürcülərdən eşitdik ki, onlar əslində o qədər də, dindar deyil. Sadəcə, kənardan gələn görəndə dindarlıqları tutur.

Bakıda kilsə

On il əvvəl II İohan Pavelin Bakıya gəlməsi böyük hadisə idi.

Bu gəlişin on illiyi münasibəti ilə Bakı Katolik kilsəsində izdiham yaşanırdı. Kilsə millətlərin birləşmə mərkəzini xatırladırdı. Burada Bakıda yaşayan bütün millətlərin nümayəndələrinə rast gəlmək mümkün idi.

Mən içəri daxil olanda müqəddəs Messanın ikinci hissəsi idi. Katolik kilsəsində gün ərzində 3 dəfə Messa olur, yəni dua vaxtı. Həmin günü tədbir münasibəti ilə birinci Messa ingilislər üçün təşkil etmişdilər. İştirak edən bütün millətlər isə Messaların hamısına qatılır. Ayrı-seçkilikdən söhbət gedə bilməz.

İçəridə bayram abı-havası var. İtalyadan Papanın gəlişinin on illiyi münasibəti ilə Bakıya səfər edən Kardinal Fernando Filoni yuxarı başda dualar oxuyur.

Dua zamanı fotoqrafımız davamlı olaraq şəkil çəkir. Nə dua edənlər, nə təşkilatçılar, nə də yuxarı başda əyləşən qonaq din xadimləri reaksiya vermir. Hamı öz aləmindədir.

Dualar oxunur. Kilsəyə gələnlər isə duaların sonluğunu təkrarlayır. Duaların əksəriyyətinin mətni ölkəyə əmin-amanlıq arzularından ibarətdir.

Kilsədə qanunsuz miqrantlar

Arxa sırada oturan iki şrilankalı oğlan onların şəkillərini çəkməyimizdən narahat görünürlər. Onlara yaxınlaşıram. Çəkməməyimizi xahiş edirlər. Razılaşıb onlardan ayrılırıq. Sonra öyrənirəm ki, şrilankalılar Bakıda qanunsuz işləyir. Şəkllərinin çəkilməsindən isə, cəriməyə görə qorxurlar.

Gülərüz ingilislər

Azyaşlı uşaqları ilə kilsənin skamyasında oturub duanı dinləyən sadə geyimli ingilislər duaya o qədər qapılıblar ki, fotolarının çəkilməsindən də xəbərsizdirlər. Yanlarındakı 5-6 yaşlı uşaqlar dua edən valideynlərinə heyrətlə baxırlar.

Dayandığımız yerdə bir-birinə çox bənzəyən əliuşaqlı azərbaycanlı qadınlar oturub. Uşaqların səs-küyü, anaların isə onları sakitləşdirməyə çalışması sükutu pozur. Balacalar yerdə uzanıb özlərini döşəməyə sürtür, analarını kilsədən çıxmaq üçün bayıra dartır.

Onlara baxdığımı sezən azərbaycanlı arıq, çəlimsiz qadın duanın arasında mənə yaxınlaşır:

-Deyəsən, sizə qəribə gəlir azərbaycanlı xristian görmək.

-Doğrusunu deyim ki, hə. Hər şey necə başladı?

-Nişanlım xristian idi. Kilsəyə gedirdi. Onun oxuduğu kitabları əlimə alıb baxdığım ilk andaca özümü bu dində gördüm.

-O da azərbaycanlıdır?

-Bəli. Bir müddət xaricdə yaşamışdı. Orda xristianlıqla tanış olmuşdu.

-Nə dəyişdi sizin üçün?

-Hər şey! Niyə yaşadığımı başa düşdüm. Anladım ki, hər şey İsa ilə başlayıb İsada da bitir. Tarixən xristian olmuşuq. Bizi qılıncdan keçirib müsəlman ediblər.

-Bunu hansı kitablarda oxumusunuz?

-Nişanlım mənə çoxlu kitablar verirdi. Hamısında dinlə bağlı tarixi faktlar olurdu.

-Dini dəyişmək asan məsələ deyil axı. Əminsən ki, burda maddi məsələ rol oynamırdı? Deyirlər ki, dinini dəyişənə pul təklif edirlər sektalarda.

-Siz nə danışırsınız? Mənim boynuma qoymayın. Katolikliyi hansısa avara sekta ilə müqayisə etməyin. Allaha inanmaqla pulun bir-birinə dəxli yoxdur. İçimi təmizləmək üçün bura üz tutmuşam, dünya malı ilə ləkələməyə yox.

-Bəs bacıların necə?

-Onlara da bu yolu mən göstərmişəm. Haqqa gəldikləri üçün çox xoşbəxtdirlər. Üzlərində İsanın həm sevinci, həm də kədəri var. Sevinirlər ona görə ki, haqqı tapıblar. Kədərlidirlər ona görə ki, ailəmizdə bu dini qəbul etməyənlər hələ də var. Amma çalışırıq ki, tezliklə bunu problem həll edək.

Xristianlığı seçən xanımla söhbətimiz onun mənə təbliğat kitabları təqdim etməsi ilə sona yetir.

Tədbirin təşkilatçısı, idmançıya oxşayan oğlan kilsənin girişində dayanıb sağ əli ürəyinin üstündə dua edir. Onunla söhbət etməyə çalışıram. Neçə ildir katolik kilsəsinin üzvü olduğunu soruşuram.

-On ilə yaxındır ki, katolikəm. Buna görə də çox xoşbəxtəm. Bu qədər danışa bilərəm. Çünki bu şəxsi məsələdir.

Tədbirin ikinci hissəsi ziyafət idi. Ziyafət əsasən yas məclislərinin təşkil olunduğu "Dədə Qorqud" dastanını xatırladan ağ çadırda baş tutacaqdı. Çadır mərasimdəkilər çölə çıxmamışdan əvvəl hazırlanmışdı. Süfrə yas məclisləri tərzində bəzədilmişdi. Xurmalar, konfetlər, şirniyyatlar, içkilər…(amma spritsiz).

Məclisi təşkil edənlərdən xristian məclisi ilə müsəlman məclisinin arasındakı fərqi soruşuram.

-Heç bir fərqi yoxdur. Xurmadı, konfetdi, yeməkdi. Hamısı eynidi. Düzürük, yola veririk. Onsuz da xristianlar qaynayıb-qarışıb. Hər şeyi bizimki kimi ediblər. Bu gün burda qonaqlar xaricdən gələnlərdir deyə, yeməklərin duzunu bir az azaltmışıq. Hər şey qaydasındadır. Bizdə " oşibka" ola bilməz. Neçə yas, toy yola vermişik. İndi bir Papanı yola verə bilməyəcəyik?!"

Katolik kilsəsinin həyətindəki futbol meydançası diqqətimizi çəkir. Bura kilsə üzvləri və işçiləri üçün nəzərdə tutulub.

Kilsənin sol tərəfində isə, II İohan Pavelin Bakıya gəlişi zamanı yaradılmış memorial muzey yerləşir.

Muzeyin açılışı münasibəti ilə çıxışa hazırlaşan qonaq Kardinalın ətrafına yığılmış azərbaycanlılar ona həsrətlə baxır. Xaricilər isə söhbət edib şəkil çəkdirirlər.

Birdən hirsli qadın səsi eşidilir. Yaxınlıqda müsəlman qaydalarına uyğun olaraq örtünmüş iki qadın fotoqrafı qəzəblə yanına çağırır:

-Sən kimsən, mənim şəklimi çəkəsən? Heç utanırsan? Heç qızarırsan? Kim sənə icazə verib burda şəkil çəkəsən?

Oğlan qorxa-qorxa qadına yaxınlaşır:

-Vallah ki, mən sizin fotonuzu çəkmədim.

-Barmağın düymənin üstündə idi.

-Fotoqrafın barmağı həmişə düymədə olur ki, maraqlı kadr olan kimi çəksin. Mən sizi çəkmədim.

-Demək istəyirsən ki, mən maraqlı qadın deyiləm? Nədi, sənə qəribə gəlir, müsəlmanın burda dua eləməyi? Bu mənim şəxsi işimdir. Şəklimi hansısa qəzetdə görsəm, sizi pis günə qoyacağam.

Qadının haray-həşirini görən təşkilatçılar yaxınlaşır. Onu sakitləşdirib yola salırlar.

Mənim yadımda isə nə İtaliyadan gələn Kardinal, nə də ki, uzun-uzadı dini moizə qalır. Gözlərim önündən özünü döşəməyə sürtüb anasını kilsədən çıxartmağa cəhd edən azərbaycanlı körpələrin sürəti getmir.

Günay Muradlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR