• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Qarabağdan Amasiyaya könül körpüsü” salan Həmzə Nigari kimdir?

“Qarabağdan Amasiyaya könül körpüsü” salan Həmzə Nigari kimdir?

May ayının 31-də MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Qafqaz Universiteti Qafqaz Araşdırmaları İnstitutu, Amasiya Valiliyi, Amasiya Bələdiyyəsi, Amasiya Universiteti, Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin birgə təşkilatçılığı ilə Türkiyənin Amasya Universitetində “Qarabağdan Amasiyaya könül körpüsü – Beynəlxalq Həmzə Nigari simpoziumu” keçirildi.

Simpoziumun açılış mərasimində Azərbaycan Türkləri Kültür, Sanat və Dayanışma Dərnəyinin sədri Mütəllib Ulutanrıverdi, həmin dərnəyin fəxri üzvü Orhan Kayıhan, Amasiya Universitetinin rektoru, professor Metin Orbay, Giresun Universitetinin rektoru, professor Aygün Attar iştirakçıları salamlayaraq Həmzə Nigarinin ömür yolu və yaradıcılığı haqqında mülahizələrini paylaşdılar.

Natiqlər Qarabağ mövzusunu xüsusi olaraq dilə gətirməklə gələcəkdə Həmzə Nigari simpoziumlarından birini Qarabağda təşkil eləmək arzusunu bildirdilər.

Nəzərə çatdırıldı ki, Qarabağ ədəbi irsinin Amasiyada Həmzə Nigari ilə davam etməsi türk dünyası tarixində böyük hadisədir, araşdırılmağa hər zaman ehtiyac duyulur.

Simpoziumda çıxış edən Azərbaycanın millət vəkili Qənirə Paşayeva dedi ki, Amasiya XIX əsrdə Azərbaycanın müxtəlif bölgələrindən köçən insanlara qucaq açıb: “Amasiya bizim üçün qürur və fəxr bölgəsidir. Bu gün Həmzə Nigarini təkcə anmaq yox, gənclərə lazımi şəkildə anlatmaq, onun zəngin elmi-nəzəri irsinə sahiblik duyğularını aşılamaq vacibdir”.

İyunun 1-də simpozium iki bölmədə öz işini davam etdirdi. Bölmə iclaslarında Azərbaycan və Türkiyədən olan 50-dən çox ədəbiyyatşünas, dilçi, mənbəşünas, tarixçi, folklorşünas, memar, filosofların və digər elm adamlarının Şərq fəlsəfəsi, Həmzə Nigarinin dövrü, həyatı, poetikası, müəllimləri, ədəbi irsində Qarabağ ruhu, divan ədəbiyyatı, siyasi və mədəni həyatın səhifələri, dil və ədəbi özəlliklər, dil və üslub xüsusiyyətləri, XIX əsr İslam bölgəsinə təsiri, şeiriyyətin seyri və mənəvi-mədəni tarixin təsviri mövzuları ətrafında məruzələri dinlənildi.

Həmzə Nigarinin divanından səsləndirilən parçalar dinləyicilərin ruhunu oxşadı, onlara Qarabağ acısını canlı şəkildə bir daha yaşatdı.

Simpozium iştirakçıları Amasiya şəhərinin tarixi və görməli yerləri ilə, o cümlədən Həmzə Nigari və İsmayıl Şirvaninin türbələrini ziyarət etdilər.

Amasiya valisi Abdil Celil Öz və Amasiya Universitetinin rektoru Metin Orbay Azərbaycan nümayəndə heyətini qəbul etdi.

Simpozium çərçivəsində keçirilən tədbirlər Türkiyə mediasında geniş işıqlandırıldı, açılış mərasimi isə TRT- AVAZ kanalı ilə canlı yayımlandı:

Canan diləyən dağdağai-cana düşərmi?

Can istəyən əndişeyi-canana düşərmi?

Girdik rahi-sevdaya cünunuz, bizə namus

Lazım deyil, ey dil ki, bu iş şana düşərmi?

Haqqa hədsiz eşqini, Onun yolunda pərvasız sərgərdan halını ifadə edən Qarabağlı Mir Həmzə Nigari aşiqanə şeirləri ilə təsəvvüf ədəbiyyatının önəmli bir şairi, könüllər sultanı, böyük bir sufi şəxsiyyətdir.

Azərbaycanda Qarabağ xanlığının Bərgüşad mahalının Cicimli kəndində, 1798-ci ildə dünyaya gəlib. Atası Mir Paşa adı ilə tanınan Mir Rüknəddin əfəndi, anası isə Qızxanımdır. Həmzə əfəndi uşaqlığını Cicimlidə keçirib.

Sadə bir həyat sürər, tay-tuş və yaşıdları kimi o da silah, barıt, qurşun, saçma kimi odlu silahlara həvəs göstərər, bunlarla məşğul olarmış. 15 yaşına qədər molla yanına göndərilsə də molla təhsili almaqdan imtina eləmişdi. Axırda anasının danlaqlarından zara gəlib, kənddən qaçaraq o zamanın məşhur müdərrislərindən Qaraqaş kəndindəki Mahmud əfəndinin yanına gedərək, orada təhsilə başlamışdı.

Qaraqaşda təhsil aldığı zaman Nurəddin əfəndi adlı bir şəxslə zövcəsi Nigar xanım onun hər cür ehtiyacını qarşılamışdı; təhsili üçün lazım olan yardımı da bu xanımdan görmüşdü. Kəsbi-feyz etməsində bu qadının dəstəyini təqdir edərək “Nigari” təxəllüsünü götürmüş və divanında bu addan istifadə eləmişdi.

Azərbaycandan çıxaraq öncə o vaxtlar Sivasda yaşayan Kürdəmirli Şeyx İsmayıl Şirvaninin (1782-1848) yanına gəlir. Bir rəvayətə görə isə cəddi Hz. Əlidən məna aləmində İsmayıl Siracəddin Şirvani həzrətlərinin yanına yollanması, onun etibarlı yardımlarına can verməsi əmrini alır, beləliklə, dərhal Qarabağdan yola düşüb İsmayıl Şirvaninin himayə qanadlarının altına sığınır.

Həmzə əfəndi mürşidi İsmayıl əfəndi Sivasda olduğu 1834-cü ildə Sivasdan Amasiyaya birlikdə qayıdır və Gümüşlü Saraxxanə mədrəsələrində çilə çəkir. Burada sufi tərbiyəsini tamamlayıb həccə gedir, qayıtdıqdan bir müddət sonra mürşidi tərəfindən verilən irşad göstərişi ilə Qarabağa dönür.

Cicimlidə müəllimlik etməklə bütün Qarabağ mahalında şöhrət tapan Həmzə Nigari sonralar Salvartı yaylasında Araz çayı kənarında yerləşən Mollaməhərrəmli kəndindən Allahverdi əfəndinin qızı Əminə xanımla evlənir, ondan Siracəddin adlı oğlu dünyaya gəlir.

Qarabağda evlənib övlad və ailə sahibi olan Həmzə Nigari elm öyrətmək vəzifəsini də haqqınca yerinə yetirərək ətraf əhalinin elm və ürfanından faydalanması üçün zamanını sərf edir. Hər kəsi elm və ürfana həvəsləndirir, islamiyyətin əmr etdiyi qaydaları öyrədir.

Ərzurum və İstanbulda yaşayan Həmzə Nigari 1866-cı ildə dostları ilə birlikdə Amasiyaya gedərək Merzifonda məskunlaşır, burada şeyxi İsmayıl Şirvaninin yerində uzun müddət ürfan dərslərilə yanaşı, kəlam və məntiq, eləcə də Sədi Şirazini öyrədir.

Seyid Nigarinin təsəvvüfi fəaliyyəti nəticəsində ətrafına çoxsaylı tərəfdarlar toplanması ilə yanaşı, şöhrəti geniş yayılır və sevənləri, ehtiram göstərənləri artır. Bundan narahat olanlar onun dövlət üçün təhlükə olacağından qorxuya düşərək, iftira məktubu ilə hökumətə şikayət edir. Nəticədə əvvəlcə Samsuna, sonra da Xarputa sürgün edilir.

1885-ci ilin Qurban bayramında Mir Həmzə əfəndinin yanına bayramlaşmağa gəlmiş vali Hacı Həsən Paşa ilə söhbətində vaxtının yaxınlaşdığına işarə edərək vəfat etdikdə cənazəsinin Amasiyaya göndərilməsini, orada oğlu ilə bir məkanda yatmaq istədiyini və ondan bu lütfü əsirgəməmələrini rica və vəsiyyət eləyir.

Dəfn edilməzdən əvvəl jandarma komandanı, məclisi-idarədən bir nümayəndə, bələdiyyə həkimi gəlir və tabutun qapağını açaraq, cəsəddə dəyişiklik əlamətlərinin olub-olmadığını yoxlayırlar. Heç bir dəyişiklik olmadığını görən nümayəndələr cəsədin mumyalanmasından şübhələnərək sinəsini, bağrını açır və buna dair də heç bir əlamət tapmadıqda təəccüb içində qalırlar.

Həmzə Nigari həzrətləri 1885-ci ildə (məhərrəm ayının 13-ü, bazar ertesi günü, 29 iyul) axşamüstü vəfat edir, cənazəsi vəsiyyətinə əsasən at arabası ilə Xarputdan Amasiyaya aparılır.

Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyilə Qarabağ, Qazax və Borçalıdakı müridlərdən toplanan ianə ilə türbəsi, türbənin yanında da bir məscid inşa edilib. Bu məscid Amasiyada indi də “Şirvanlı camisi” adı ilə tanınır. Onun Türkiyəyə hicrətindən sonra xüsusən Hacı Mahmud əfəndinin fəaliyyətləri nəticəsində Qafqazdan on minlərcə insan köç edərək Amasya və ətrafına yerləşirlər.

Mürşidi İsmayıl Şirvani onun üçün belə söyləmişdi: “Mir Həmzə ilahi eşqlə məhvi-vücud olmuşdur. Onun mürşidi eşqdir”.

Mir Həmzə Nigari əfəndi önəmli bir şairdir. Şeirlərində daha çox təsəvvüfi mövzulara müraciət edib. XIX əsrdən sonra Azərbaycan ədəbiyyatında həm əruz, həm xalq şeiri formalarında təsəvvüfi şeir yazan divan sahibi bir şairdir. Şeirlərində ilahi eşq mövzusunu böyük bir səmimiyyət və ustalıqla işləyib.

Həmzə Nigarinin Mühyiddin ibn Ərəbinin “Fütuhatı-Məkkiyyə” adlı əsərinə yazdığı “Tavzihat”, türkcə və farsca Divanı, bundan əlavə “Nigarnamə” və “Saqinamə” adlı əsərləri var.

Mahir bir divan şairi olan Həmzə əfəndinin aşiqanə şeirlərinin yer aldığı türkcə Divanı 1908-ci ildə Tiflisdə, 1883-cü ildə İstanbulda çap olunub. Farsca divanı da İstanbulda 1911-ci ildə nəşr edilib.

Onun şeirləri Amasiya ətrafında, Şərqi Anadoluda, Azərbaycanda - Borçalı, Qazax və Qarabağ türkləri tərəfindən əzbərlənib, illərcə cəzm adı verilən zikr məclislərində xüsusi bir muğam üstə, mistik bir həyəcan və mənəvi zövqlə oxunub.

Şeirlərində adətən Allah eşqi, Hz. Peyğəmbər sevgisi və Əhli-beyt məhəbbəti geniş yer tutub.

Nigarinin özünəməxsus, fərdi bir təsəvvüfi yolu vardı. Nəqşibəndiyyə təriqətinin Xalidiyyə qoluna mənsub sünni məzhəbli bir şeyx olmasına baxmayaraq yolunun və üsulunun məlami-ələvi bir nəşvəyə sahib olması ilə diqqəti cəlb edir.

Simpozium Azərbaycanın son dövr divan və sufi şairlərindən olan Həmzə Nigarini beynəlxalq səviyyədə tanıtmaq və araşdırmaq məqsədi daşıyırdı. İstər Azərbaycanda, istərsə də Türkiyədə az tanıdılan Həmzə Nigari irsi dünya ədəbi və elmi ictimaiyyətinə demək olar ki, tanış deyil. Qarabağdan Amasiyaya könül körpüsü qurmasına niyyətləndiyimiz bu simpoziumun əsas mövzusu Nigarinin həyatı, yaradıcılığı, məktəbi, mühiti ilə yanaşı Qarabağ və Nigari bağlılığının köklərini araşdırmaq idi.

Fariz Xəlilli

Tarix üzrə fəlsəfə doktoru

Xəbər lenti

DAHA ÇOX XƏBƏR