• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

ARDNŞ-nin avrobondları özünü doğrultdumu?

ARDNŞ-nin avrobondları özünü doğrultdumu?

"Öz layihələrini vaxtında icra etmək üçün ilin sonuna kimi Dövlət Neft Şirkətinə (ARDNŞ) 500 mln. dollar kredit lazım ola bilər".

Bu barədə Turan-a ARDNŞ-nin vitse-prezidenti Süleyman Qasımov bildirib. Onun sözlərinə görə, bu ilin ikinci yarısında İzmirdə yeni Neft Emalı Zavodunun tikintisinə 130 mln. dollar investisiya qoymaq planlaşdırılır.

Ölkə daxilində layihələr, İsveçrədə Yanacaq Doldurma Məntəqə (YDM) şəbəkəsinin rebrendinqi, Gürcüstanın qazlaşdırılması, Ukraynadakı layihələr üçün vəsait lazımdır. Süleyman Qasımov qeyd edib ki, kredit cəlb etmək üçün Natexis, YapıKredi, BNP Parisbas, ABN Amro, GP Morgan, Citi, Unikredi (Türkiyə), VTB (Rusiya) banklarına müraciət edilib:

"Daha əlverişli kredit şərti irəli sürən bankı seçəcəyik. Ümumilikdə kredit götürmək avrobond buraxmaqdan sərfəlidir".

Bu ilin may ayı üçün ARDNŞ-nin ümumi borcları 1,6 mlrd. dollar olub. Fevralın əvvəlində isə ARDNŞ 500 mln. dollarlıq avrobondlar buraxıb. Rəsmi məlumatlara görə, avrobondların buraxılışının ümumi məbləği 500 mln. dollar, illik gəlirliyi isə 5,45 faiz səviyyəsində müəyyən olunub. Avrobondların ödənilməsi müddəti isə 2017-ci ilə qədərdir.

Hələ avrobond buraxılanda, bəzi ekspertlər qeyd etdilər ki, belə bir qərar üçün düzgün zaman deyil. ARDNŞ rəsmisinin açıqlamasını ekspertlərin fikirlərinin düzgün olduğuna əsas verirmi?

İqtisadçı-ekspert Kənan Aslanlı deyir ki, pul cəlb etmək üçün alət seçərkən ilk növbədə faiz məsələsi önəmli olur: "ARDNŞ avrobond buraxaraq yüksək faizlə borclanıb. Ancaq istənilən halda qiymətli kağızlar bazarına girməyi müsbət qiymətləndirirəm".

Kənan Aslanlı hesab edir ki, ARDNŞ-nin avrobond burxaması təcrübə baxımından önəmlidir. O bildirir ki, hazırda şirkətin aktivlərinin həcmi imkan verir ki, ARDNŞ rahatlıqla kredit cəlb etsin.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov isə hesab edir ki, ARDNŞ-ın avrobondların yerləşdirilməsi yönündəki qərarı şirkətin borclanması deməkdir:

"Neft Şirkəti öz səhmlərini xarici bazara çıxararaq səhmləri satmaqla borclanmaya gedib. Əslində neftin dünya bazar qiymətinin yüksək olduğu, neft satışından ciddi gəlirlərin əldə edildyi dövrdə şirkətin borclanmaya ehtiyacının olması sual doğurur. Bu gün ARDNŞ-ın borclanmadan daha çox malik olduğu vəsaitlərin səmərəli yerləşdirilməsini təmin etməli idi".

Vüqar Bayramov deyir ki, ARDNŞ-ın öz səhmlərini yerləşdirməklə borclanmaya getməsi iqtisadi baxımdan əsaslandırılmayıb:

"Bundan əlavə, Neft Şirkəti öz borclarını 5,45% -lə yerləşdirib. Deməli, şirkət aldığı borc üzrə 5,45% borc ödəyəcək. Nəzərə alsaq ki, Dövlət Neft Fondu öz vəsaitlərini Amerikada, eləcə də Avrozonada illik gəliri orta hesabla 1 faiz olan səhmlərin alınmasına yönəldir.

Praktiki Azərbaycanda bir dövlət qurumu öz vəsaitlərini 1 faizlə borca verir, digər dövlət qurumu isə 5,45 faizlə borclanmaya gedir. Dövlət Neft Fondunun əsas yanaşması neft gəlirlərinin daha risksiz istiqamətlərdə saxlanmasıdır. Neft Şirkəti də səhmləri buraxmaqla risk dərəcəsinin azaldığını diqqətə çatdırır. Əslində Dövlət Neft Fondu Neft Şirkətinin səhmlərini almaqla daha çox gəlir əldə edə , Neft Şirkəti isə fonddan borclanaraq daha aşağı faizlə borc götürə bilərdi".

Bəkir Nərimanoğlu

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR