Geriyə baxma, qoca, gələnin olmayacaq – Qocalar evindən FOTOREPORTAJ
Bizi izləyin

Qırmızı.az

Geriyə baxma, qoca, gələnin olmayacaq – Qocalar evindən FOTOREPORTAJ

Burnumuza dəniz havası gələndə artıq pansionata yaxınlaşdığımızı hiss elədim. Orada heç vaxt olmamışdım. Bilgəh Qocalar Evindən reportaj hazırlamaq, əslində, mənim çoxdankı arzum idi. Fotoqraf Elçinlə bizi girişdə bir xanım qarşıladı. Adı Fəridə idi, pansionatın əməkdaşı olan bu xanım bütün günü bizə bələdçilik etdi... Elə ondan öyrəndik ki, Bilgəh Müharibə və əmək əlilləri pansionatında (Qocalar evi) əsaslı təmir olunub, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunub.

Buraya hərəni bir problem gətirib, kimi ehtiyac, kimi imkansızlıq, kimi də elə kimsəsizlik üzündən qulaq yoldaşı tapmaq üçün pansionata üz tutub. Nə qədər şən görünməyə çalışsalar da, hətta gülən baxışların arxasında görünən kədəri hiss etməmək mümkün deyildi. Qocaların düşündüklərini anlamaq üçün onlarla danışmağa belə ehtiyac yox idi. Onların gözləri danışırdı. Amma bizə gözlərin dediklərindən daha çox şey lazım idi. Buna görə də onları dinləmək istəyirdik.

Qocaları kim incidir?

Əslində pansionata gedişimizin əsas səbəbi başqa idi. Bir neçə gün öncə sosial şəbəkədə bir qrup saç ustası və stilist pansionata gedərək orada yaşayan qocaların saçlarını kəsmək, rəngləmək istəyiblər. Onlar qocalar evində yaşayanların çox pis vəziyyətdə olduqlarını, müdiriyyət tərəfindən onlarla çox pis rəftar olunduğunu, yemək verilmədiyini, istədikləri vaxt duş qəbul etmələrinə imkan yaradılmadığını, müdiriyyət tərəfindən pensiya kartlarının əllərindən alındığını, qocalara gələn hədiyyələrin rəhbərlik tərəfindən mənimsənildiyini bildirirdilər. Hətta binaya iydən daxil olmağın belə mümkün olmadığını yazmışdılar. Yazı o qədər təsirli idi ki, oxuduqca hətta binadakı həmin pis qoxunu da az qala hiss edirdim.

Yeni təmirdən çıxmış binaya daxil olduq və bir-bir otaqları gəzdik. Burada hər bir yaşlı üçün xüsusi şərait yaradıldığını gördük. Binada yaşayan 170 nəfərdən 90 nəfəri kişi, 80 nəfəri isə qadındır. Hər bir qocanın tək yaşadığı ayrıca otağı var. Bütün otaqların içərisində hamam-tualet, televizor, şifoner, stol, şkaf var. İlk görünən mənzərə bu idi.

Pansionatda sağlam yaşlılarla bərabər, yataq xəstəsi olan qocalar da yaşayır. Baş tibb bacısından öyrəndik ki, burada 50-yə yaxın qoca yataq xəstəsidir. Onlara hər gün xüsusi tibb bacıları qulluq edir. Qocalar evinin xüsusi həkimləri və tibb bacıları var. Onlar burada qalan qocaların səhhətlərinə nəzarət edirlər.

“Gündə üç dəfə yemək və paltar verirlər, nədən narazı olaq?”

Gəlişimiz günorta vaxtına düşdüyündən nahar yeməyini yemək üçün yaşlılar bir-bir ikinci mərtəbədə yerləşən yeməkxanaya qalxırdılar. Biz də onların qonağı olduq, naharı onlarla birgə etdik. Həmin gün menyuda olan dolmanın dadına da baxdıq. İnsafən dadlı idi də. Yaşlılar bu mətbəxdə bişən bütün yeməklərin dadından, ləzzətində razı idilər. Söhbət etdiyimiz yaşlıların hamısı buradakı vəziyyətdən və rəhbərlikdən çox razı qaldıqlarını dedilər.

Direktor Qətibə Əsədova bura yeni təyin olunsa da, hər kəs onun haqqında minnətdarlıqla danışırdı. Yaşlı sakinlərin sözlərindən anladıq ki, əvvəlki müdirin vaxtında pansionatda özbaşınalıq və əxlaqsızlıq baş alıb gedirmiş. Lakin yeni bina tikiləndən və yeni direktor təyin olunandan sonra pansionatda nizam-intizam yaranıb.

Məlum oldu ki, pansionatın özünün ağsaqqallar şurası var. Şurada hansısa problemi olan qocalarla söhbət aparılır, problemlər həll olunur. Elə həmin ağsaqqallar şurasının sədr müavini olan 67 yaşlı Həbib dayı bizimlə söhbətində yaradılan şəraitdən razı olduğunu, istiliyin, yeməklərin yaxşı olduğunu bildirdi: “Bizə burada gözəl xidmət göstərirlər, normal yaşayırıq. Buna görə dövlətimizdən çox razıyıq. Hansı məsələ ilə bağlı müraciət etsək, Qətibə müəllimə bizə kömək edir. Hətta yaxınlıqda bankomat quraşdırılmasını da təşkil etdi. Əvvəllər pensiyalarımızı almaq üçün uzağa gedirdiksə, indi bu iş də asanlaşıb”.

Pansionatda keçmiş həmkarımız Rafiq Cəbiyevlə də qarşılaşdıq. Həyat yoldaşının ölümündən sonra qocalar evinə atılan keçmiş jurnalisti elə əvvəlki ampluasında gördük. Ondan da hansı çətinlikləri olduğunu soruşdum. Cavabında heç bir çətinlik olmadığını, rahat yaşadığını dedi.

Minacət Abdulkərimova isə 10 ildir buradadır. Hər gününə şükür edir. Əvvəllər bina evində yaşayan bu qadın sonra hansı problemlər üzündən evinin əlindən çıxdığını bizə anlatmaq istəmədi. Bir qədər də ərkyana “o, mənim öz problemimdir, nəyinizə lazımdır, bugünkü vəziyyətimi soruşun, cavablandırım” dedi. Biz də onun istədiyi sualı verdik, cavab isə belə oldu: “Gündə 3 dəfə yemək verirlər, nədən narazı olaq? İmkan daxilində də pal-paltar verirlər. Yatmağa rahat yerimiz var. Nə evim var, nə də övladım, məcbur olub bura gəlmişəm. Bundan yaxşı harada qalacaqdım ki?”

“Məhərrəmlik olduğundan saçımızı kəsdirmədik…”

Yaşlılardan öyrəndik ki, bir neçə gün öncə pansionata gəlmiş saç ustalarına bəziləri saçlarını kəsdirib, bəziləri də məhərrəmlik olduğunu əsas gətirərək bundan imtina ediblər. Brilyant Koroğluyeva isə saç ustalarının özlərini çox pis apardıqlarını dedi: “Dirəşdilər ki, saçını kəsək, mən də dedim ki, məhərrəmlikdi, utanmırsınız, nə saç kəsmək. Heç özlərini apara bilmirdilər. Hələ neçə il əvvəl “Uruset”dən gətirdiyim sevimli çaydanımı da salıb sındırdılar”.

Pansionatda onu da öyrəndik ki, saç ustalarının gəlişini təşkil edən qadın əslində qərəzli olub. Belə ki, pansionat direktorunun yaxın qohumu onu müəyyən problemlər üzündən əvvəlki iş yerindən çıxarıb. Bu səbəbdən qərəzli münasibət göstərən qadın ondan heyifini çıxıbmış.

Yaşlıların direktora münasibəti də çox maraqlı idi. Hərə onu bir cür çağırırdı. Direktor Qətibə Əsədovaya burada “xoşxəbər xanım”, “qoçaq”, “Qətibə ana” kimi adlar qoyulmuşdu, ona şeir yazan, portretini çəkənlər də var idi.

Qətibə Əsədova bizimlə söhbətində yaşlılarla bağlı heç bir problem olmadığını dedi. Bildirdi ki, pansionatın su xətti yaxınlıqdakı otelin su xətti ilə eyni olduğundan su fasilələrlə verilir. Saç ustaları ilə yaranan problemə isə direktor belə aydınlıq gətirdi: “Əslində deyilənlər doğru deyil. Burada heç kim qocaları incitmir. Bizə müraciət etdilər ki, 8 nəfər saç ustası ilə gəlib yaşlıların saçlarını kəsmək istəyirlər. Mən də onlara "8 yox, 4 nəfər gəlin, yaşlıları çox narahat etməyək" dedim. Lakin sonra həyətə ikimərtəbəli avtobus və arxasınca 10-a yaxın minik maşını, ümumilikdə 100-ə yaxın saç ustası və stilistin gəldiyini görəndə bir qədər narazılıq etdim. Lakin mən heç kimə tapşırıq verməmişəm ki, saçlarını kəsdirməsinlər. Kim istəyib kəsdirib. Onların yazdıqları başdan-ayağa qərəzdir”.

Onların bir xoş sözə, doğma nəfəsə ehtiyacları var…

Direktordan ayrılıb binanın dördüncü mərtəbəsində tənha ahıl və əlillərin asudə vaxtlarının mənalı təşkili üçün kitabxana və istirahət otağına yollandıq. Otaqda dincələn 76 yaşlı Rafiq dayı ilə həmsöhbət olduq. Rafiq dayı bizə 5 ildir burada olduğunu bildirdi. Yardımlıdan pansionata gələn bu ahıl insan isə həyat yoldaşı rəhmətə gedəndən sonra uşaqlarının hərəsinin bir yerə getdiyini, ortada tək qaldığından məcbur olaraq qocalar evinə yerləşdirildiyini deyir. Amma Rafiq dayı gəlişindən də, yaradılan şəraitdən də razıdır: “Həddindən artıq razıyam. Burada hər kəs özünü öz evindəki kimi rahat hiss edir. Heç başqa cür çıxmasın, evimizdə belə bir şərait yox idi”.

Əslində, Rafiq dayı doğru deyir, pansionatda yaradılan şərait heç bir çoxumuzun evində yoxdur. Bundan fərqli heç nə yaza bilməzdim. Çünki gördüklərim, həmsöhbət olduğum insanların dedikləri ancaq belə yazmağı tələb edirdi. Bəlkə də, kimsə, nəyisə demək istəmədi, bəlkə də, kimsə ürəyində narazı idi, amma biz onu oxuya bilmədik.

Gördüyümüz bu insanlar hamımızdan xoş münasibət umurdular. Onlarla qucaqlaşıb görüşmək, dərdlərinə, problemlərinə şərik olmaq nə qədər gözəl bir duyğudur. Pansionatdan ayrılanda həm də bir şeyi anladım, onlar nə qədər təmin olunsalar da, nə qədər rahat şəraitdə yaşasalar da, bir yaxın adamdan eşidəcəkləri xoş sözə, doğma nəfəsə möhtacdırlar.

Gülnar Əliyeva

FOTOLAR Elçin Muradındır

Oxumağa davam et
Reklam
Reklam

Gündəm