"Rusiyada Polad Bülbüloğlu kimi səfirimizin olmasından qürur duydum"
Bizi izləyin

Qırmızı.az

"Rusiyada Polad Bülbüloğlu kimi səfirimizin olmasından qürur duydum"

İyunun 4-də Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək məqsədilə Azərbaycan və Ermənistan cəmiyyətlərinin yaxınlaşdırılması üzrə humanitar təşəbbüs çərçivəsində Moskvada iki ölkənin bəzi KİV rəhbərlərinin görüşü keçirilib.

Görüşdə iştirak etmiş jurnalist Azər Həsrət Publika.Az-a müsahibə verib.

- Görüşün keçirilməsi təşəbbüsü kimdən gəldi?

- Təşəbbüs Rusiya tərəfindən gəlib. Bildiyiniz kimi, Rusiyanın təşəbbüsü ilə indiyədək Azərbaycan və Ermənistan ictimaiyyəti nümayəndələrinin bir neçə bu cür görüşü keçirilib. Sonuncu dəfə fevral ayında Moskvada Azərbaycan və Ermənistan jurnalistləri arasında bu formatda görüş keçirilmişdi. Demək istəyirəm ki, bu ilk görüş deyildi.

Mənə də görüşün təşkilatçısı - Azərbaycanın Rusiyadakı səfirliyi tərəfindən bu görüşdə iştirak etməklə bağlı rəsmi səviyyədə təklif gəldi. Mən də təbii ki, buna razılıq verdim. Görüşdə iştirak etdim və bundan peşman deyiləm. Hər şeydən əvvəl bu görüşün Azərbaycana heç bir ziyanı yoxdur. İkinci bir tərəfdən Azərbaycana faydası odur ki, biz dünyaya bir daha mesaj verdik. Mesaj verdik ki, Azərbaycan ictimaiyyəti Ermənistan ictimaiyyətilə münasibətlərdən, təmaslardan çəkinmir, qaçmır. Ermənistanla arada olan münaqişənin dinc vasitələrlə həllini istəyir. Amm bunlar heç də o demək deyil ki, bu təmaslar əbədi davam edəcək, münaqişə də həll olunmamış qalacaq.

- Görüşdə Azərbaycan və Ermənistan tərəfdən kimlər iştirak edirdi?

- Azərbaycan tərəfdən məndən başqa "Baku Post" qəzetinin baş redaktoru Tofiq Abbasov, "1news" agentliyinin baş redaktoru Rəhman Hacıyev, "Trend" informasiya agentliyinin baş direktoru İlqar Hüseynov və "News.az" xəbər portalının baş redaktoru Elnur Baimov iştirak ediblər. Moskvadan isə səfirimiz Polad Bülbüloğlu görüşlərdə, müzakirələrdə bizimlə birlikdə oldu. Yeri gəlmişkən mən çox sevindim, qürur hissi duydum ki, bizim Rusiyada məhz Polad Bülbüloğlu kimi biz səfirimiz var. O, Rusiyada kifayət qədər nüfuzu, çəkisi olan adamdır.

Ermənistan tərəfdən Ermənistan İctimaiyyətlə Əlaqələr Assosiasiyasının eksperti Armen Minasyan, informasiya təhlükəsizliyi sahəsi üzrə ekspert, kulturoloq-blogger Samvel Martirosyan, "Aravot" qəzetinin baş redaktoru Aram Abramyan, Ermənistan Prezident Aparatı İctimaiyyətlə əlaqələr və informasiya mərkəzinin rəhbəri Ara Saqatelyan və "Qolos Armenii" qəzetinin baş redaktorunun müavini Marina Qriqoryan görüşə qatılmışdılar.

Yeri gəlmişkən qeyd edim ki, Marina Qriqoryan çıxışında xüsusi olaraq Azərbaycan prezidenti barədə arzuolunmaz tərzdə və tonda danışdı. Təbii ki, bu da bizim nümayəndə heyətinin xoşuna gəlmədi. Çünki o Azərbaycan prezidenti barədə ittihamlar irəli sürürdü. Ona görə də Rəhman Hacıyev bir qədər emosional şəkildə ona cavab verməli oldu. Dedi ki, Azərbaycan tərəfini, rəsmilərini bu şəkildə təhqir, ittiham edəcəksinizsə, bu görüşün mənası yoxdur. Belə bir şəraitdə qeyd olundu ki, qarşılıqlı ittihamları kənara buraxmalıyıq və dialoqa nail olmaq istəyiriksə, bu vaxta qədər olanların səbəblərini araşdırmaqdan vaz keçməliyik. Osmanlı imperiyasından üzübəri türklərlə ermənilərin münasibətlərində ermənilərin davranışları üzündən yaranmış problemlərin səbəblərindən vaz keçib həmin problemlərin həlli üçün çalışmalıyıq. Amma təbii ki, Azərbaycan torpaqlarının ərazi bütövlüyü müzakirə mövzusu olmadığını da biz öz çıxışlarımızda qeyd etdik.

Görüşdə həmçinin Ermənistanın Rusiyadakı səfiri Oleq Esayan və keçmiş səfir, MDB Dövlətlərarası Humanitar Fondunun icraçı direktoru Armen Smbatyan da iştirak edirdi.

-Erməni jurnalistlərinin azərbaycanlı həmkarlarından istəkləri nədən ibarət idi?

-Onlar istəyirdilər ki, Dağlıq Qarabağdan olan jurnalistlərin də bu görüşlərdə iştirakını təmin edək. Azərbaycan nümayəndə heyətinin cavabı isə belə oldu ki, onlar bu formatda keçirilən görüşlərdə iştirak edə bilməzlər. Amma Azərbaycan və Ermənistan jurnalistləri Dağlıq Qarabağ ərazisində görüşəcəyi təqdirdə Dağlıq Qarabağın jurnalistləri də bu görüşlərə qatıla bilərlər. Kənardakı görüşlərdə biz onları tərəf kimi qəbul etməyəcəyik və onlarla danışıqlar aparmaq fikrimiz də yoxdur. Sonra təklif olundu ki, bu görüşlər davam etsin. Amma konkret razılşama olmaldı ki, bu görüş mütləq davam edəcək, ya yox. Sadəcə növbəti görüşlərin İrəvanda, Qarabağ və ya Bakıda keçirilməsi barədə fikirlər səsləndi. Ola bilsin ki, bu təşəbbüslər gələcəkdə davam etsin. Davam edəcəyi təqdirdə də biz bu görüşdə Azərbaycan millətinin və dövlətinin mənafeyinə zidd olmayan şəkildə iştirak etməklə bağlı qərar verəcəyik.

- Təmaslarınız harada baş tutdu?

- Əsas görüşümüz "Rossiyiskaya qazeta"nın redaksiyasında keçirildi. Sonra "İTAR-TASS"da qeyri-rəsmi, "Moskva-24" telekanalında tanışlıq görüşü oldu. Görüşdə heç bir qərar qəbul edilməyib. Bu, heç gözlənilmirdi. İlkin olaraq təmas quruldu və bu təmasın nəticəsi olaraq da bu qənaətə gəldik ki, münaqişə sülh yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfindən də tək bir şərt var ki, ölkənin ərazi bütövlüyünə heç bir formada xələl gətirilməsin.

- Bu təmasın real nəticəsi nə oldu?

- Bu, sıradan bir görüş deyildi. Azərbaycan və Ermənistan cəmiyyətləri arasında münaqişənin qısa zamanda dinc yolla həllinə kömək idi. Hər halda təşkilatçı tərəf olaraq Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy öz fikirlərini bu cür ifadə etdi ki, biz iki ölkə ictimaiyyətinin nümayəndələri arasında təmasları sürətləndirək, genişləndirək və bu minvalla da Qarabağ probleminin yuxarıdan dinc yolla həllinə nail ola bilək. Təbii ki, biz müzakirələr zamanı Azərbaycanın mövqeyini ifadə etdik. Çıxışlarımızda da bildirdik ki, Azərbaycan istənilən anda Ermənistanla, erməni ictimaiyyəti ilə istənilən təmaslara hazırdır. Bizim bir şərtimiz var. O da bundan ibarətdir ki, Azəbaycanın işğal olunmuş qeyd-şərtsiz torpaqları boşaldılmalıdır. Bundan sonra biz sərhədlərin açılmasının tərəfdarıyıq. Demirik ki, Azərbaycan xalqı bütün bu olanları unudacaq. Amma azərbaycanlılar ömrü boyu ermənilərlə düşmənçilik mövqeyində yaşamamağa hazırdırlar.

- Belə xəbər yayılıb ki, tərəflər arasında dövlət başçılarının, ölkə liderlərinin təhqir olunmaması barədə razılıq əldə olunub...

- Ortada heç bir razılıq yoxdur. Bizim heç bir razılaşma imzalamaq səlahiyyətimiz də yox idi. Kimsə bizi mandat verib göndərməyib ki, Azərbaycan mediası və ictimaiyyəti adından gedib kiminləsə razılışma imzalayaq. Azərbaycan mətbuatında yanlış olaraq belə bir məlumatlar yayılıb ki, Azərbaycan jurnalistləri ilə erməni jurnalistləri arasında razılıq əldə olunub. Mən öz çıxışımda qeyd etdim ki, düşmən və münaqişə tərəfləri kimi davranırıqsa, biz bir-birimizi təhqir etməməliyik. Yəni, münaqişədə öz ləyaqətimizi qorumalıyıq. Prezidentlərin, ictimai xadimlərin, xalqların qarşılıqlı şəkildə təhqir olunması kimi hallara yol verilməməsi daha məqsədəuyğun olar. Ermənistan nümayəndə heyətinin üzvləri də bununla razılaşdılar. Dedilər doğrudan da elə etməliyik ki, biz bir-birimizi təhqir etməyək. Söhbət ondan gedir ki, biz düşmənçiliyi də kişi kimi edək. Daha bir birimizi təhqir edərək, aşağılayaraq bunu etməyək. Amma bu istiqamətdə hər hansı bir razılılaşma sənədi imzalanmayıb. Ona görə də bizi ittiham edirlər ki, guya biz ermənilərlə hər hansı formada razılığa gəlmişik, xəyanət etmişik və sair. Bu, bir qədər dayaz düşüncənin məhsuludur. Biz kimik ki, ermənilərlə nə isə razılaşma imzalayaq, Dağlıq Qarabağın taleyini həll edək?

- Həmkarlarınızdan biri bu görüşü dəyərləndirərkən onun münaqişənin həllinə heç bir xeyrinin olmayacağını deyib...

- Fərqli fikirlər var və biz bu fikirlərin hamısına hörmətlə yanaşırıq. Amma əsassız fikirlərə də dözümsüz yanaşma haqqımız var. Mən bu görüşə niyə qatıldım və gələcəkdə də niyə qatılmağın tərəfdarıyam? Çünki Azərbaycan bütün beynəlxalq qurumlar qarşısında da bəyan edir ki, bu münaqişənin dinc yolla həll olunmasının tərəfdarıdır. Heç zaman da sülh yolu ilə həll olunmasından vaz keçmək fikri yoxdur. Biz görüşdə iştirak etməklə göstərdik ki, dünya bizim sülh təşəbbüslərinə qarşı olmadığımızı, münaqişənin dinc yolla həllində mümkün olanları etməyə hazır olduğumuzu görsün. Zaman gələcək beynəlxalq təşkilatlara da göstərəcəyik ki, baxın biz əlimizdən gələni etdik ki, münaqişə dinc yolla həllini tapsın. Qarşı tərəf uyğun addımlar atmadığına görə. Azərbaycan dövləti də hüququndan istifadə edərək işğal altındakı torpaqları azad etdi. Yəni bu görüşlər gələcəkdə bizim xeyrimizə işləyəcək.

Səxavət Həmid

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm