Oturduğumuz budağı kəsməyək
Bizi izləyin

Qırmızı.az

Oturduğumuz budağı kəsməyək

5 iyun "Ümumdünya Ətraf Mühit Günü"nün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin, Baş Assambleyanın bu sessiyasında BMT sistemində yeni təşkilat- BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Ümumdünya Ətraf Mühit Günü keçirilir.

Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar "ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar" adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq vermişdilər.

Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.

Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. Xatırladaq ki, 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Bakı şəhəri də mərkəz şəhər seçilib.

Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilib.

Azərbaycan təbitəinin spesifikası və müxtəlifliyi

Ən zəngin təbii sərvətlərə malik ölkələrdən olan Azərbaycan ərazisində 9 iqlim zonası üzrə 4500 növədək ali bitkilər qeydə alınıb ki, bu da Qafqazın növ tərkibinin 64%-ni təşkil edir. Bu bitkilərin 7%-i yəni 240 növü endemik və relikt olub 108 cinsə və 36 ailəyə daxildir.

Ölkə ərazisində 48 ailə və 135 cinsə mənsub 107 ağac və 328 kol bitir. Bu da bitki növlərinin 11%-ni təşkil edir. Dendrofloranın tərkibində 70-dən artıq endemik növlər mövcuddur ki, onlar da ağac və kolların ümumi sayının 16%-ni təşkil edir. Azərbaycanın "Qırmızı Kitabı"na 150-ə yaxn bitki növü daxil edilib.

Respublika ərazisində faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiya və reptiliyaların 67 növ və yarımnövü, həşaratların 15 minə yaxın növünü əhatə edir. "Qırmızı Kitabı"a məməlilərin 14, quşların 36, balıqların 5, amfibiya və reptiliyaların 13, həşaratların 40 növ və yarımnövləri daxil edilib.

Ölkə ərazisində 8 milli park, 13 dövlət təbiət qoruğu, 20 dövlət təbiət yasaqlığı və 15 min hektar endemik və qiymətli meşə növü sahələri var. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 560 min hektara yaxındır və bu da ümumi ərazinin 7%-ni təşkil edir.

Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq olunmuş "Təbiət abidələri siyahısı"na 30 xüsusi əhəmiyyətli meşə əraziləri, yaşı 100 ildən artıq olan 2083 ağac, 73 geoloji və paleontoloji obyektlər daxil edilib.

Su hövzələrinin transərhəd çirklənməsinin ekoloji vəziyyətə təsiri

Azərbaycanda əhalinin içməli suya olan tələbatını və kənd təsərrüfatının ehtiyaclarını ödəmək üçün potensial baxımdan kifayət qədər su ehtiyatı yoxdur. Təbii ki, suyun çatışmamasında mövcud ehtiyatlardan səmərəli istifadə edilməməsinin də rolu var.

Azərbaycanın su hövzələrinin çirklənmə dərəcəsi yüksəkdir. Əsas təbii su hövzəsi olan Xəzər dənizinə ildə təxminən 12 mlrd. kubmetr çirklənmiş su axıdılır ki, bunun da 80 faizindən çoxu Rusiyanın payına düşür. Təkcə Volqa çayı ilə Rusiya ərazisindən daxil olan biogen çirkləndiricilərlə zəngin olan tullantı sularının miqdarı Kür çayının ümumi illik su sərfinə bərabərdir.

Azərbaycan ərazisindən isə, dənizə hər il 250 mln. kubmetrdən artıq çirkli su axıdılır. Bunun nəticəsində hazırda Bakı buxtasında 60 mln. kubmetrdən çox çirkləndirici maddələr toplanıb.

Azərbaycanın su hövzələri arasında maksimal antropogen gərginlik əsas su arteriyası olan Kür çayı hövzəsinə düşür. Kür suyunun 74 %-i Ermənistan və Gürcüstan ərazilərində formalaşır.

Hesablamalar göstərir ki, Kür çayı hövzəsinə ildə orta hesabla Ermənistan 300 mln. kubmetr, Gürcüstan 265 mln. kubmetr, Azərbaycan isə 25 mln. kubmetr çirklənmiş su axıdır və bunun nəticəsində çay suyu mis, sink, fenol, neft məhsulları və s. zərərli maddələrlə həddən artıq çirklənir. Bundan başqa, təmizlənməmiş təsərrüfat-məişət çirkab suları ilə Kür çayına ildə 40 min ton üzvi maddələrin axıdılması oksigenin biokimyəvi istifadəsinin kəskin artmasına səbəb olur. Çay suyunda nitratlar normadan 4 dəfə , neft məhsulları 2-6, mis və fenollar isə 20 dəfə artıqdır. Kürün çirklənməsi ölkəmizin ərazisində də davam edir. Burada karbohidrogenin miqdarı normadan 36, fenolların miqdarı isə 10 dəfə artıqdır.

Ən güclü çirklənməyə məruz qalan Kürün sağ qolu olan Araz çayıdır. Ermənistanın Qacaran dağ-mədən və Qafan mis-molibden kombinatlarının, Metsamor AES-in zəhərli tullantıları Arazın ekoloji vəziyyətini son dərəcə kəskinləşdirib. Çay sularında misin miqdarı yol verilən həddən min dəfə, molibdenin miqdarı isə iki-üç min dəfə artıqdır.

Atmosferin çirklənmə səbəbləri və bunun canlı aləmə təsiri

Ölkəmizin atmosfer havasının vəziyyətinə gəldikdə isə, onu qeyd etmək lazımdır ki, bir çox kimya və digər sənaye müəssisələrinin fəaliyyətini dayandırması nəticəsində stasionar mənbələrdən atmosferə atılan tullantıların miqdarı 15-20 il əvvələ nisbətən xeyli azalıb. Bundan başqa atmosfer havasının mühafizəsinə yönəlmiş bir çox tədbirlərin həyata keçirilməsinin böyük təsiri var.

Belə ki, neftayırma zavodlarında köhnə neftayırma qurğularının yeniləri ilə əvəz olunması, bir çox qeyri-mütəşəkkil tullantı mənbələrinin ləğv edilməsi, tərkibində kükürd birləşmələrinin miqdarı çox olan neftin emalının dayandırılmasını, "Qaradağ" sement zavodunda elektrik süzgəclərinin əsaslı təmir olunması və digər toztutucu qurguların yeniləri ilə əvəz olunması və s. göstərmək olar.

Lakin son dövrdə avtomobil nəqliyyatının intensivləşməsi nəticəsində səyyar mənbələrdən atılan tullantıların payı təxminən 50%- təşkil edir.

Qeyd etmək lazımdır ki, atmosfer havasını çirkləndirən əsas mənbələr neftçıxarma, neft emalı, neftkimya və energetika müəssisələri və avtonəqliyyatdır. Beş ən iri şəhərin (Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan) payına bu tullantıların 96%-i düşür.

Statistik hesabatlara görə sənaye müəssisələri və avtomobil nəqliyyatları tərəfindən atmosfer havasına ildə 1 milyon tona yaxın zərərli maddələr atılır. Bunun yarısı sənaye müəssisələrinin, digər yarısı isə avtonəqliyyat vasitələrinin payına düşür. Bakı şəhərində isə atmosferə il ərzində yarım milyona tonadək zərərli maddələr atılır.

Atmosferə atılan bir çox zərərli maddələri azaltmaq məqsədilə "Yol verilən qatlıq həddi" qəbul olunub. Qeyd edək ki, karbon oksidinin havada konsentrasiyası 0,02-0,75% olduqda oteresklerozun yaranmasına, mərkəzi əsəb sisteminin pozulmasına, miokard infarktının və ağ ciyər xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.

Tərkibində 0,2-0,25 % karbon oksidi olan hava ilə 30 dəqiqə nəfəs aldıqda özündən getmə halları ola bilər. İnsan orqanizminə təsirinə görə azot oksidi karbon oksidindən 10 dəfə zərərlidir, kükürd oksidi nəfəs yolu ilə insan orqanizminə düşdükdə maddələr mübadiləsinin pozulmasına səbəb olur, aldehidlər insanın mərkəzi əsəb sistemi üçün təhlükəlidir. Benz(a)piren və qurğuşun oksidinin insan orqanizminə zərərli təsiri isə dəfələrlə artıqdır.

Torpaq ehtiyatlarının çirklənməsində antropogen amillərin rolu

Ölkəmizin torpaq-bitki örtüyü olduqca müxtəlifdir. 8,6 milyon hektar ümumi torpaq fondunun təxminən yarısı- 4,2 milyon hektarı- kənd təsərrüfatına yararlıdır. Bu torpaqlarda eroziya, şoranlaşma, bataqlıqlaşma və kimyəvi çirklənmə nəticəsində deqradasiya geniş vüsət alır.

Bu prosesdə xüsusilə intensiv rol oynayan faktorlardan biri də eroziya prosesləridir. Ölkəmizdə 3,7 mln. ha və ya 43% torpaq sahəsi bu prosesin təsirinə məruz qalıb ki, bunun 0,7 mln hektarı kənd təsərrüfatına yararlı torpaqlardır. Torpaqların bu faktorun təsirinə məruz qalmasının əsas səbəbləri respublikanın təbii iqlim şəraiti ilə yanaşı əkinçiliyin aşağı səviyyədə olması, sistemsiz olaraq mal-qaranın otarılması, meşə və yaşıllıqların məhv edilməsi və s. antropogen amillərdir.

Dağ-mədən işləri, intensiv şəhərsalma və digər antropogen təsirlər nəticəsində on min hektarlarla torpaq korlanıb sıradan çıxır. Ölkəmizin 1,2 mln. ha torpaq sahəsi şoranlaşmaya məruz qalıb və bunun tam yarısı- 600 min ha-dan artığı suvarılan sahələrdir. Təxminən 300 kv km ərazi sel suların təsirinə məruz qalır. Xüsusilə təhlükəli zona Böyük Qafqazın dağ silsiləsini əhatə edir və hər 2 ildən bir təsadüf edən sel suları təxminən 1 mln. kubmetrədək torpağı yuyaraq təbiətə külli miqdarda ziyan vurur.

Planetin ağciyərləri olan meşələrin əhəmiyyəti və qorunması

Azərbaycan özunun təbii zənginliyinə görə dünyada aparıcı yerlərdən birini tutur. Ölkəmizin ərazisində 450-yə yaxın ağac və kol növlərinə rast gəlinir ki, bunlardan da bir çoxu nadir və endemik bitkilərə aiddir. Rəsmi statistikaya görə ərazimizin 11,4 %-ni meşələr təşkil edir ki, bu da qəbul edilmiş beynəlxalq normalardan iki dəfə azdır.

Son 15 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub.

Ermənistanın təcavüzü nəticəsində 250 928 ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi işğal altında qalıb, 10 233 ha meşə sahəsi isə təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilir. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.

Bitki aləminin əsasını təşkil edən meşələrin ümumi sahəsi 1213 min hektar olaraq respublika ərazisinin 11,4 %-ni təşkil edir. Azərbaycan torpaqları zəngin və rəngarəng floraya malik olsa da meşəlik baxımından kasad region sayılır. Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub, dağ və dağətəyi meşələr qırılıb sıradan çıxır. Azərbaycanın "Qırmızı Kitabı"na 140 nadir və nəsli kəsilmək təhlükəsi olan növlər daxil edilib. 400 növdən artıq bitkinin xüsusi mühafizə olunmasına ehtiyac var.

Qeyd etmək lazımdır ki, son vaxtlar əhali və müvafiq emal müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Bu istiqamətdə problemlərin aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Lakin görülən işlər yetərli deyil.

Çirklənməni azaltmaqda təkrar istehsalın rolu və tullantıların idarə olunması

Mövcud ekoloji problemlərdən biri də təhlükəli tullantıların idarə olunması, yəni ətraf mühitin davamlı üzvi çirkləndiricilər və ağır metallarla çirklənməsinin minimuma endirilməsidir. Bu növ çirklənmənin əsas mənbələri neft emalı, neftkimya, kimya, energetika, tikinti materialları istehsalı, avtonəqliyyat, kənd təsərrüfatında pestisidlərin tətbiqi və tullantıların yandırılması kimi proseslərdir ki, bu mənbələrdən ətraf mühitə dioksinlər, furanlar, bifenil və ağır metallar atılır. Adı çəkilən birləşmələr təbii mühitə, o cümlədən insan sağlamlığına uzunmüddətli neqativ təsir göstərən havada uzun müddət asılı qalan, çətin parçalanan və tərkibində zəhərli birləşmələr olan təhlükəli maddələrdir.

Artıq bir çox ölkələrdə bu problemin həlli yolları tapılıb. Belə ki, əhalisi sıx olan ərazilərdə zibilyandırma zavodları tikilir və məişət tullantıları yandırılır. Zibilin yanmasından alınan istilik enerjisi hesabına isə yaşayış məntəqələri elektrik enerjisi ilə təmin edilir. Yandırılmış tullantıların qalıqlarından isə kompost düzəldilib kübrə kimi torpaqların münbitliyini artırmaq məqsədilə geniş istifadə olunur. Belə zavodların tikilməsi Azərbaycan üçün də çox zəruridir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanan və həyata keçirilən milli proqramlar ekoloji vəziyyətin tarazlaşdırılması ilə bərabər, cəmiyyətimizi narahat edən digər problemlərin də həll edilməsinə imkan verə bilər. Milli proqramların həyata keçirilməsində digər nazirliklər, eləcə də bir sıra qeyri-hökumət təşkilatları yaxından fəal iştirak etməlidir.

Meşələrin qorunub mühafizə olunması, bərpa edilməsi və təbii sərvətlərdən daha səmərəli istifadə olunması sahəsində mövcüd olan nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində bir sıra işlər görülməlidir. Təbiəti qorumağa məhkumuq, çünki necə deyərlər, oturduğumuz budağı kəsmək olmaz.

Ekoloq Jurnalistlər Birliyinin sədr müavini

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm