Pornoqrafik nağıllara etirazlar daha kəskin şəkil alır
Bizi izləyin

Qırmızı.az

Pornoqrafik nağıllara etirazlar daha kəskin şəkil alır

Bakı sakini Tofiq Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunu məhkəməyə verib.

Publika.Az xəbər verir ki, iddiaçı Folklor İnstitunu, bu institutun tərtib etdiyi 23 cildlik "Azərbaycan folkloru" kitabının redaksiya heyətini və çoxcildliyi nəşr edən "Nurlan" nəşriyyatını Azərbaycan xalqını, onun milli-mənəvi dəyərlərini təhqir etməkdə ittiham edir.

İddiaçı cavabdeh tərəflərdən üst-üstə 400 min manat təzminat, habelə təkzib və iddianın subyekti olan kitabların satışdan yığılaraq məhv edilməsini tələb edir.

Cavabdehlər qismində "Nurlan"nəşriyyatının indiki və səbiq direktorları, "Azərbaycan folkloru" kitabının redaksiya heyətinin sədri, institutun sabiq direktoru Hüseyn İsmayılov, redaksiya heyətinin üzvləri – professor İsrafil Abbaslı, akademik Teymur Bünyadov, professor Məhərrəm Cəfərli, professor Tofiq Hacıyev, professor Paşa Əfəndiyev, professor Qara Namazov, buraxılışa məsul, filoloji elmər namizədi Əziz Ələkbərli də başda olmaqla, ümumilikdə 22 nəfərin adı çəkilir.

Folklorşünas alim, professor Sədnik Paşa Pirsultanlı məsələ ilə bağlı Publika.Az-a söyləyib ki, palançıya zərgər işi gördürəndə hər şey belə olur:

"İşi bilməyən adamlara niyə bu cür məsuliyyətli məsələ tapşırılır? Bu hadisəyə elmdə "kontendasiya" deyirlər. Yəni başqa xalqların nağıllarındakı ünsürlər bizim folklora ötürülür. Burda isə söhbət biabırçı səhnələrdən gedir. Azərbaycan folkloru ilə bağlı araşdırmaların çoxu başdansovdu aparılır. Nə "Dədə Qorqud", nə də "Koroğlu" dastanı olduğu kimi təqdim olunmayıb. Hamısında dəyişikliklər var. İndi çapa gedən materiallar isə köhnə arxivlərdən, ordan-burdan götürülmüş tədqiq olunmamış materiallardır. Bu cür qarışıqlığa cavab olaraq müəllifi olduğum "Azərbaycan folklor ədəbiyyatı" kitabını çap etdirəcəm. Əslində nəyin necə olduğu orda məlum olacaq. Bu kitabların içindəkilərdən müəlliflərin xəbəri yoxdur. Onlar kontendasiya hadisəsi ilə, biabırçılıqla nəticələn məsuliyyətsizliyi seçə bilmirlər".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, həmin nağılları oxumayıb:

"Bütün dünya ədəbiyyatında, folklorda belə elementlərin olması mümkündür. Amma o kitablarda doğurdan da, Azərbaycanın ailə dəyərlərinə, əxlaq normalarına zidd ünsürlər varsa, mən bunu qınayıram".

Folklorşünas, şair İlham Qəhrəman isə bildirdi ki, həmin nağıllar Azərbaycan xalqının təfəkkürünün məhsulu ola bilməz:

"O nağıllar rəzillikdi, biabırçılıqdır. Biabırçılığa son qoymaq üçün o kitabları məhv etmək lazımdır. Necə ola bilər ki, azərbaycanlı ailəsində elə hadisələr baş versin? Bir ailədə guya ki, kişi zoofildir, ailənin qadını ilə hamı ilə cinsi əlaqəyə girir. Ayıbdır. Bu rüsvayçılığa aydınlıq gətirilməlidir.

Kitabda Qara Namazov kimi folkloru dərindən bilən alimlərin adları çəkilir. Mən düşünmürəm ki, onların bu mətnlərdən xəbərləri var.

Özlərinə bəraət qazandırmaq üçün söyləyirlər ki, kitab məhdud auditoriya üçün nəzərdə tutulub. Folklor nümunələri nə zamandan bəri məhdud sayda çap edilir? Nə vaxtdan bəri yalnız mütəxxəssislər üçün nəzərdə tutulur? Folkloru xalq yaradır. Xalqın təfəkkürünün məhsulu xalqın oxuması üçündür".

İddiaçı tərəfin vəkili Yunis Vəliyevin bildirdiyinə görə, onlar Səbayıl rayonu məhkəməsinə "Şərəf və ləyaqətin alçaldılması" maddəsi ilə müraciət ediblər:

"Müdafiəçisi olduğum Tofiq Əliyev Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O məktəblilər üçün nəzərdə tutulmuş folklor ədəbiyyatı ilə nəvəsi vasitəsi ilə tanış olub. Kitabdakı əxlaqsızlıq yayan nağılları oxuyub dəhşətə gəlib. Vicdanlı vətəndaş, yazıçı kimi məsələ ilə bağlı məhkəməyə müraciət edib. Biz bu məsələnin sonuna qədər gedəcəyik. Biabırçılıq sona yetənə qədər vuruşacağıq. Uşaqlar gələcəyimizdirsə, öz əlimizlə gələcəyimizi məhv edə bilmərik. Hər bir vicdanlı valideyn, vətəndaş bizə dəstək olmalıdır".

Günay Muradlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm