Bəxtiyar Hacıyev: “Mənimlə bağlı vəziyyət bir az fərqlidir...“
Bizi izləyin

Qırmızı.az

Bəxtiyar Hacıyev: “Mənimlə bağlı vəziyyət bir az fərqlidir...“

İyunun 4-də Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılan gənc fəal Bəxtiyar Hacıyev 14 saylı Cəzaçəkmə Müəssisəsindən çıxandan sonra "Media forum" saytının suallarını cavablandırıb.

Publika. Az-ın məlumatına görə, Bəxtiyar Hacıyev şərti azadlığa çıxmaqla bağlı məhkəməyə müraciət etdiyini deyib:

"Ali Məhkəmə də iyunun 4-də şikayətə baxıb müraciətimi təmin etdi. İyunun 4-də iki şikayətimə baxılacaqdı. Ali Məhkəmədə keçirilən prosesdə iştirak etməmişəm. Qərar oxunan zaman mən məhkəmədə deyildim. Ona görə də məhkəmənin necə keçdiyinə dair bir söz deyə bilmərəm.

Ali Məhkəmə məni azadlığa buraxdığına görə ikinci məhkəməm olmadı. Çünki ərizəmi geri götürdüm. Artıq ona ehtiyac qalmadı. Saxlandığım 14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi məni çağırıb qərarla tanış etdi. Əşyalarımı yığdıqdan sonra oradan ayrıldım".

Gələcək planlarından danışan Bəxtiyar bir müddət istirahət edəcəyini deyib: "Çox güman ki, müəyyən müddətə xaricə də gedəcəm. Zamanla hansı sahə üzrə fəaliyyət göstərəcəyim aydınlaşacaq".

Bununla belə, gənc fəal Azərbaycanda demokratiyanın qurulması üçün hər hansı bir formada fəaliyyətimi davam elətdirəcəyini bildirib.

Hərbi xidmətə yollanıb-yollanmayacağı sualının cavabında Bəxtiyar Hacıyev deyib ki, onu zaman göstərəcək:

"Mənimlə bağlı vəziyyət bir az fərqlidir. Mən alternativ hərbi xidmət keçməyə hazır olduğumu bildirmişəm. Qanun qəbul olunsa, alternativ yolla xidmət keçməyə hazıram. Məncə, hadisələri qabaqlamaq lazım deyil. Zaman hər şeyi göstərəcək".

Keçmiş məhbus təşəkkür etməyi də unutmayıb:

"Fürsətdən istifadə edib azadlığa çıxmağım üçün çalışan insanlara, hüquq müdafiəçilərinə, yaxınlarıma, dostlarıma, jurnalistlərə, beynəlxalq təşkilatlara, dövlət qurumlarında çalışan bəzi insanlara təşəkkürümü bildirirəm. Həbsxanada olanda bütün prosesləri izləyirdim və hər birinə dəstəkləri üçün ayrılıqda sağ ol deyirəm.

Planımda onları ziyarət etmək də var. İnsanlara təşəkkür edirəm və bütün Azərbaycana azadlıq arzu edirəm".

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm