SEVİLƏN VƏ GÖZƏL QADINA…
Bizi izləyin

Qırmızı.az

SEVİLƏN VƏ GÖZƏL QADINA…

O, bir qadının ola biləcəyindən də artıq zərif, eyni zamanda, ən yenilməz rüzgarlara duruş gətirəcək qədər güclüdür. O, dünyamızda mərhəmətin və sədaqətin üstünlüyünə, “xeyir şərə qalib gəlir” formuluna özü qədər əmin olan romantik, habelə beynəlxalq auditoriyaları Əl-Farabidən, Avropa intibah dövründən danışaraq, kəskin məntiqi, intonasiyası, intellekti ilə heyran qoyan realistdir.

Zəngin daxili aləminin özəyini təşkil edən yaradıcılıq, incəsənətin, demək olar ki, hər bir sahəsinin zərif duyumu, musiqini xatırladan həzin səsi – mümkündürmü bu özəlliklərin sahibi mədəniyyətin, şeirin, sənətin özü qədər əsrarəngiz fransız dilinə, mədəniyyətinə vurğun olmasın? Elə frankofoniya sahəsində verdiyi əməyə, ziyalı mühitində Azərbaycanın adını yüksəklərə qaldırdığına görə Fransa dövləti nüfuzlu Akademik Palma ordeni ilə Ona təşəkkür etməyi özünə borc bildi.

O, Rusiya–Azərbaycan mədəni əlaqələrinin inkişafında və xaricdə rus incəsənətinin təbliğində göstərdiyi xidmətlərə görə Rusiya Federasiyasının ali dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif edilib. Macarıstan Prezidenti Pal Şmidt isə Onu bu ölkənin "Komandor" xaç ordeninə şəxsən layiq görüb.

Eyni uğurla həm Mirzə Ələkbər Sabir poeziyasından, həm dahi Cübrandan, həm Şərq və Qərbdə ümumbəşəri ideallardan, həm də aviasiya tariximizdən o qədər bəlağətlə, ahənglə bəhs edir ki, bu dərəcədə informasiyalılığa yalnız mat qala bilirsən. Milli geyimlərimizdən, qloballaşma dövründə mədəniyyətlərin dialoqundan, multikulturalizmdən, Rusiya dövlətçiliyinin tarixindən, Nizami Gəncəvi yaradıcılığından saatlarla maraqla danışan O -“Xəyallarımız reallığa çevrildi...” deyərək, Britaniyanın məşhur Oksford Universitetinin ən nüfuzlu şərqşünas alimləri ilə Nizami irsinə yeni cığır açmağa da müvəffəq olub. Bu qocaman Universitetdə dahi Nizaminin adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılmasıyla!

O, “İntizar” və "Qarabağnamə" operalarının librettolarının müəllifidir…

O deyir: “Baxmaq hələ görmək deyil”. Şerlok Holmsun sözlərini xatırlayaq: “Siz baxırsınız, lakin müşahidə etmirsiniz, bu isə böyük fərqdir”. Yaşa dolduqca həyatı müşahidə etməyə başlayırsan”. Özü yaşa dolduqca sadəlik və zərifliyi, cazibə, dəbdəbə və təbii gözəlliyi bir arada təcəssüm etdirməyi əla bacarıb. Onun görünüşü də yaradıcı daxili aləmini tam təzahür etdirir. İncə zövq, kübarlıq və nadir istedad… Məşhur Hollivud ulduzu Demi Murun obrazına vurğundur... Əksər qadınlardan fərqli olaraq, qocalmaqdan heç qorxmur, tam əksinə: “Düzdür, bu kədərlidir, ancaq bunun ümumiyyətlə baş verməməsi daha kədərlidir!”- bu fikirdədir qəhrəmanımız…

Filologiya elmləri doktoru, professordur. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur. “ÜNS” Yaradıcılıq Səhnəsinin bədii rəhbəridir. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimidir. Titullarını, qazandığı fəxri adları hələ uzun sadalamaq olar.

Amma bunu etməyə, bu ecazkar, sirli olduğu qədər də sadə və səmimi xanımın kim olduğunu deməyə artıq ehtiyac yoxdur. Sonda Nərgiz Paşayevanın bu fikirlərini vurğulamaq tam yerinə düşər: “Sevilən olmaq, gözəl olmaqdan daha yaxşıdır. Çünki sevilən insan həmişə gözəldir, gözəl insan isə həmişə sevilən olmaq demək deyil”. Nə xoş Sizə, doğulduğunuz günə, Nərgiz xanım! Çünki Siz bunların ikisini də qazanmağı və yaşatmağı bacarırsınız!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm