Mentalitet davası
Bizi izləyin

Qırmızı.az

Mentalitet davası

Nikah müqaviləsi və ya evlilik sözləşməsi. Bu müqavilə ailəiçi qanunnamədir, ailənin konstitutsiyasıdır. Davranışlardan tutmuş münasibətə qədər hər şeyi əks etdirir. Nikah müqaviləsi özündə ailənin hər iki fərdinin - ər və arvadın evlilik dönəmindəki həyatını əks etdirir, ortaq qərarların alınmasında, hüquqların pozulmamasında, heç bir tərəfin əzilməməsində bir növ yardımçıdır. Çünki o qərarlar birlikdə verilir, müqavilə dövlətin rəsmi sənədi kimi qəbul edilir, möhür vurulur.

Yəni nikah müqaviləsinin əsas təyinatı evlənmə ərəfəsində və evlik dövründə qazanılan mal-mülkün idarəsi, həyat tərzinin formalaşması, ərlə arvadın hüquq və vəzifələri, həmçinin bu kimi maddələr əksini tapır.

Amma yaşlı nəsil (elə gənclər də) bu məsələdə xeyli aqressivdir. Yaşlılar hesab edir ki, insanlar evlənməzdən öncə mal-mülk davası edirlərsə, şərtlərlə evlənirsə, o ailənin ömrü uzun olmaz. Təbii ki, haqsız da deyillər, razıyam.

Təəssüflər olsun ki, zaman o zaman deyil, indi hisslərin yerini müqavilələr, sənədlər alıb. İndi bir çox qızlar evlilik təklifi edən oğlanın gözlərinin içinə baxmır, əlindəki zinət qutusundan nə çıxacağını gözləyirlər. Amma bir az öncə qeyd etdiyim kimi, bu məsələyə mal-mülk davası kimi baxmağın özü də cahillikdir.

Bir vəkil tanışım var, Anadolu türküdür, Türkiyədə işləyir. Bu yaxınlarda o xanım belə bir əhvalat danışmışdı: “İki gəncin evlilik sözləşməsini hazırlayırdım. O qədər gülünc maddələr var idi ki, bu dövrdə bu qədər savadsız gəncliyin olmasına inanmadım. İsrarla dediklərini qanuniləşdirməyimi istəyirdilər”.

Maddələr belə imiş:

1. Əgər qadın dünyaya qız gətirsə, boşanacaqlar.

2. Kişi ət yeməkdə sərbəst olacaq.

3. Evin xanımı gün ərzində ən çox 3 dəfə ərinə zəng edə bilər, cəmi 3 dəqiqə danışa bilər.

4. Qadın kişidən harda olduğunu, hara getdiyini soruşa bilməz.

Maraqlıdır ki, bizdə də eynən bu cür baxılır bu müqaviləyə, yəni sırf maddi məsələlər və şəxsi mənafe baxımından. Müasir evliliklərin çox az faizi nikah müqaviləsi bağlayır, rəqəmlə ifadə etsəm ölkədə il ərzində bağlanan 70 min nikaha 42 nikah müqaviləsi düşür. Müqavilənin bağlanmasının əsas səbəbi qadının boşanma zamanı el dili ilə desək, düzdə qalmamasıdır. Axı bizdə belə bir fikir formalaşıb ki, qadın hər bir halda əzilən və haqqı tapdanan tərəfdir.

Bizim reallıqlara görə, nikah müqaviləsi qadının və uşağın sosial təminatı deməkdir. Çünki bizdə hər bir halda qadının hüquqlarının pozulduğu hesab edilir. Amma gerçək nikah müqaviləsi heç kimin haqqını tapdamamalıdır.

Düzdür, boşanmalar zamanı qadınların hüququ daha çox pozulur, amma bu o demək deyil ki, kişilər bütün hallarda qazanır. Əksinə, elə boşanma halları olur ki, qadın ərindən istədiyini “qopara” bilir. Hələ ailənin körpə uşağı varsa, bu, lap asan olur. Bizim kişilər boşananda mal bölgüsü etməyi özlərinə sığışdırmırlar. Boşananda evdən “bir pencəyini götürüb çıxan” kişilərimiz də az deyil.

Daha pisi odur ki, bizim cəmiyyət heç dövlətin rəsmi nigahını da vacib hesab etmir. Gənclərin çoxu “iki könül bir olunca samanlıq seyranlıqdır” deyimini əsas tutaraq sadəcə toy edib evlənirlər. Nikaha girmək isə qadının uşaq doğub doğum haqqında şəhadətnamə ala bilməməsi zaman yada düşür.

Nikah müqaviləsinin bir üstün cəhəti də var, çünki sözügedən anlaşmanın bağlandığı Avropa ölkələrində bizdən fərqli olaraq evli cütlüklər boşananda düşmən kimi yox, dost kimi ayrılırlar. Mal-mülk bölgüsündə heç bir problem yaranmır, hüquqlar tapdanmır, qanun hər iki tərəfi hüquqları pozulmadan boşayır.

Bunlar da mentalitetdir, millətin mədəniyyətinin göstəricisidir. Amma bunları bizim hər hansı bir insanımıza danışsan normal qarşılamayacaq, hətta “bu, normal deyil, ailədə belə şeylərin söhbətini aparmaq ayıbdır, mentalitetə ziddir” deyəcək. Çünki bizimkilər bu müqaviləyə mal-mülk müqaviləsi kimi baxır. Halbuki onun içində ailənin əsasnaməsi, fərdlərin davranışı, gələcək planlar da yer alır.

Boşanma ərəfəsində məhkəmədə təzminat və ya aliment davası etmək mentalitet məsələsi deyil? Maraqlıdır, məhkəmə salonlarında mal-mülk, miras üstündə saç yolanlar, bir-birinin üz-gözünü cırmaqlayanlar, yumruq davasına çıxanlar, qərarı bəyənmədiyi üçün hətta hakimə belə hücum edənlər öz hərəkətlərinə normal baxırlar?

Oxumağa davam et
Reklam
Reklam

Gündəm