• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qəzetlərin satışı niyə azalır?

Qəzetlərin satışı niyə azalır?

Həmişə cəmiyyətin maraqlandıran məsələlərdən yazmışıq. Bu dəfə isə ənənəni pozaraq özümüzdən yazmaq istəyirik. İndi dəb düşüb - hamı deyir - qəzet oxuyan yoxdur, qəzetlər satılmır və s. Bəs bunun səbəbləri nədir? Bu yazımızda bu suala cavab axtarmağa çalışmışıq.

İctimai etimadın itirilməsi təhlükəsi ilə üz-üzə

Getdikcə qəzet oxuma meylinin xeyli azalması və buna uyğun olaraq qəzetlərin satışının azalması tendensiyası daha çox müşahidə olunur. Buna müxtəlif faktorlar təsir göstərir: elektron medianın, internet saytlarının, qəzet jurnalların artması, mütamadi olaraq qəzet almaq üçün çox adamın maddi imkanının çatmaması, ölkəmizdə çıxan saysız qəzetlərin mövzu monotonluğundan oxucuların bezməsi, jurnalistikanın cəmiyyətə yox, müxtəlif qərəzli məqsədlərə xidmət etməsi və s.

Qəzetlərin dizayn və rəng monotonluğu da oxucuya psixoloji təsir göstərir. Ölkə qəzetlərini izləyəndə adama elə gəlir ki, sanki hamısı bir adamın əlindən çıxıb. Kiçik istisnalar var təbii ki, amma onlar olduqca azdır.

Deməli insanlarda əsil mətbuata ehtiyac var - sözün əsil mənasında müstəqil, qərəzsiz, obyektiv və həyatın bütün sahələrini, reallıqlarını özündə əks etdirən mətbuata. Oxucu qəzetdə özünü, yaşadığı problemləri, mövcud reallıqları, gizlənmiş həqiqətləri axtarır. Amma təəssüf ki, bunu hələlik tapa bilmir.

Qəzetlərin çoxu maddi problemlər ucbatından peşəkar jurnalistlərin yox, diletantların xidmətindən istifadəyə məcbur olur. Peşəkar jurnalistlər isə, acından ölməmək üçün perekvalikasiya prosesindən keçmək zorunda qalır. 150-200 manata ailə saxlamaq mümkün olmadığı kimi, qeyri-peşəkarların çalışdığı mətbu vasitələrin cəmiyyətdə nüfuz qazanmaları da mümkün deyil.

Dilənçi jurnalistlərin gözdən saldığı mətbuat

Azərbaycan mətbuatında ən kəskin problemlərdən biri kimi "reket mətbuat" adı verilən bölümün fəaliyyət sferasının "çiçəklənməsi" göstərilir. Məlum olduğu kimi, Azərbaycanda 4000-ə yaxın media vasitəsi qeydiyyatdan keçdiyi halda, ortalıqda normal fəaliyyət göstərən və dövrü çap olunan maksimum 50 ciddi mətbuat vasitəsi var.

Yüzlərlə qəzet var ki, qeydiyyatdan keçirilib, ildə 1 dəfə 4 səhifə həcmində bir-iki yüz tirajla çap olunur, redaksiyası, avadanlığı belə yoxdur, amma bu qəzetin "işçilərinin" sayı "Nyu-York Tayms"in əməkdaşlarından çoxdur. Jurnalistikadan, mətbuatdan və ictimai məsələlərdən xəbəri olmayan bəzi "moşenniklər" indi olublar baş redaktor və sağa-sola vəsiqə paylamaqla məşğuldurlar.

Adını yaza bilməyən gözəgəlimli qız uşaqlarının cibinə vəsiqə qoyub əyalət şəhərlərinə dilənməyə göndərən "baş redaktor"ları cəzalandırmaq lazımdır. Yoxsa, "xoruz səsi eşitməmiş" adlar qoyulan "qəzetlər" mətbuatın və jurnalistlərin adını batırmaqda davam edəcəklər.

Bəzi məlumatlara görə, Azərbaycanda 60-70 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir, jurnalistika ilə məşğul olanların sayı isə uzağı 3 min nəfər olar. İş o yerə çatıb ki, yol

polisindən canını qurtarmaq üçün əksər avtomobil sahibləri jurnalist vəsiqəsi əldə etməyə çalışırlar. Nəticədə jurnalist imici artıq tamam fərqli şəkildə formalaşır və cəmiyyətdə bu rəyi dəyişmək getdikcə daha da çətinləşir.

Mətbuatın fəaliyyətinə nəzarət edilməyəndə nə olur?

Mətbuatın problemi təkcə səviyyəsiz və qeyri-peşəkar reket qəzetlərdən ibarət deyil. Əsas problemlərdən biri də adını müstəqil qoyaraq korparativ maraqlara xidmət edən qəzetlərdir ki, bunları xalqın dərdi-səri, güzaranı qətiyyən maraqlandırmır. Bunlar böyük maarifçilərin yaratdıqları "qəzetlər yalnız həqiqəti yazır", "jurnalistlər sadə xalqın tərəfindədir" kimi düşüncəni və insanlarda formalaşmış analoji ənənəvi stereotipləri darmadağın ediblər.

İndi oxucu qəzetdə yazılanlara bir o qədər də inanmır, çünki başa düşür ki, hər qəzet öz idarə olunduğu qurumun siyasətinə uyğun olan şeyləri yazır və öz məqsədinə çatmaq üçün ağa qara demək bir çox qəzetlər üçün problem deyil. Bu səbəbdən həmsöhbətinə "filan yerdə filan şey olub" deyəndə soruşur ki hardan bilirsən? Desən ki qəzetdə yazıblar, səni kinayəli baxışla tərs-tərs süzüb deyəcək ki, qəzetlərdə doğru heç-zad yazılmır.

Bəzi mətbuat vasitələrinin manşetləri bir qayda olaraq ancaq qan, ölüm, qırğın, ittiham, təhqir və söyüş dolu başlıqlardan ibarətdir. Oxucu bu "şok" xəbərlərdən bezib. Cəmiyyət artıq bu "şokaterapiyanı" həzm edə bilmir. Bu özünü tirajlarda biruzə verir.

Print-media elektron medaiaya niyə uduzur?

Daha bir problem də, qəzetlərin internet portallarla rəqabətdə uduzmasıdır. Bu resurslarda çoxsayda foto, video və s elekltron materialların müşayiəti ilə verilir, onları sosial şəbəkələrdə paylaşmaq olur, şərh yazmaq, müzakirə etmək, irad bildirmək, kiməsə dünyanın o başına göndərmək, istənilən vaxt əldə etmək olur və s.

Print-media, elektron mediaya informasiya operativliyinde de xeyli uduzur, çünki saytlarda xəbər anında yayımlanır, qəzetlər isə bunu hələ sabah oxucuya çatdıracaqlar. Artıq hər kəs, TV, radio, internetdən bu xəbəri eşidib.

Bəs qəzetlər nə etməlidir? Düzgün olardı ki, qəzetlər həmin xəbərlərə şərh, hazırlasınlar, sosial araşdırmalar, analizlər, müsahibələr və özəl reportajlarla oxucuya ünvanlansınlar. Yəni, qezetdə, digər elektron resurslarda olmayan özəl materiallar olmaldır.

Print-media cəmiyyətdə o vaxt nüfuz qazanacaq ki, peşəkarlardan ibarət heyətə mailk ciddi qəzet-jurnallar maddi və siyasi asılılıqdan qurtaracaq, sırf oxucu auditoriyasına, bazara hesablanmış rəqabətə girişəcək. O zaman bu mətbuat vasitələrinin hansının özünü doğruldacağı məlum olacaq.

Məşhur sualı özümüzə verək - nə etməli?

Əgər cəmiyyətdə nüfuz qazanmaq, maddi gəlir əldə etmək, müasir və yüksək şəraitli iş mühitində çalışmaq istəyiriksə, o zaman ölkədə və dünyada gedən prosesləri dolğun və düzgün təqdim etməliyik.

Qeyri-konstruktiv mövqedən, təhqiramiz ifadələrdən, təzyiqlərdən, yersiz iddialardan və şantajdan əl çəkməliyik. Medianın, jurnalistlərin cəmiyyətdə nüfuzlarını qorumaq istəyiriksə, öz missiyamızı vicdanla yerinə yetirməliyik. Başqa yol yoxdur, varsa da uçuruma aparan yoldur.

Qərbdə jurnalistləri "cəmiyyətin gözətçi köpəyi" adlandırırlar. Bu vəzifə şərəflidir. Azərbaycanda jurnalistlərin bu təfəkkürə yiyələnməsi, medianın nəhayət öz funksiyasını yerinə yetirməyə başlaması qəzetlərin itrilmiş nüfuzunu bərpa etməsinə, cəmiyyətin inkişafına müsbət təsir göstərər.

Dünya şöhrətli jurnalist Pol Stenlinin medianın təyinatı haqda bir tərifi var - "Media cəmiyyətlə hadisələr arasında elə qoyulmuş güzgüdür ki, insanlar bu güzgüyə baxaraq bütün hadisələri olduğu kimi görür".

Azərbaycana məhz belə mətbuat lazımdır.

Elçin Bayramlı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR