• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Ölüm yatağında olan baş leytenantın anasının harayı

Ölüm yatağında olan baş leytenantın anasının harayı

"Milli ordunun ehtiyatda olan zabiti, Sumqayıt şəhər sakini baş leytenant Rasim Kazımov ölüm yatağında ölkə prezidenti, ali baş komandan İlham Əliyevdən kömək gözləyir. Xəstəliyi ağırlaşdığından Mərkəzi Klinik Xəstəxanaya köçürülən zabitə təcili ilik sümüyü köçürülməlidir".

Bu sözləri Publika.Az-a göndərdiyi müraciətdə zabitin anası Şərafət Kazımova yazıb.

O bildirib ki, 2010-cu ildən oğlu qeyri-hockin limfoması xəstəliyindən əziyyət çəkir:

"Oğlum Cəmşid Naxçıvanski adına Hərbi liseyin, Heydər Əliyev adına Ali Hərbi Məktəbin yetirməsidir. 2006-cı ilin avqust ayında Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəyə tağım komandiri vəzifəsinə təyin olundu. Erməni işğalçıları ilə üzbəüz, atəşkəs vəziyyətində olsa belə, hər an təhlükəli olan bir şəraitdə üç il postda dağ atıcı tağım komandiri vəzifəsində xidmət göstərib. Aylarla ailəsi olsa belə, evinə gələ bilməyib. Nə də post şəraitində xidmət göstərdiyindən ailəsini yanına apara bilməyib. 2010-cu ilin iyun ayında sağlamlığımda yaranan problemə görə, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına köçürülüb. Burada müayinə zamanı qasıq nahiyəsindən götürülən biopsiyanın nəticəsi ilə ona qeyri-hockin limfoması diaqnozu qoyulub. Hospitalda oğluma dedilər ki, səni burada müalicə etmək mümkün deyil. Odur ki, oğlumu müalicə etmədən ordu sıralarından tərxis edərək, müalicə üçün Milli Onkoloji Mərkəzə köçürdülər. Burada öz hesabına oğlum 4 kurs kimyəvi müalicə aldı. Amma nəticəsi olmadı. Həkim bildirdi ki, sənin xəstəliyinin müalicəsi var, bunun üçün sənə Türkiyədə ilik köçürülməlidir. Türkiyədə bu əməliyyatı keçirmək isə bizim milli pulumuzla 60 min manata başa gəlir. Beləcə oğlumun müalicəsinin başqa ölkədə aparılması üçün heç bir kömək göstərilmədiyindən və bunun üçün özümüzün maddi imkanı çatmadığından Milli Onkoloji Mərkəzində müalicə dayandırıldı. Çarəsiz qalaraq müalicə üçün İran İslam Respublikasına üz tutduq. Burada xəstəxanaların birində 6 kurs kimyəvi müalicəsini davam etdirdi. Bu günlərdə Sumqayıt şəhərində Onkoloji Dispanserdə təkrar müayinə zamanı bəlli oldu ki, xəstəlik ağırlaşıb, şaxələnərək limfalara yayılıb. Yerli mütəxəssislərin dediyinə görə, bu xəstəliyin müalicə üsullarından ən effektlisi ilik köçürmədir ki, bunun Türkiyə dövlətində müalicəsi yüksək səviyyədədir. Bu isə imkanım xaricindədir. Azərbaycanda isə oğlumu ACOP sistemi ilə müalicə ediblər. Oğlumun iki azyaşlı övladı var. Uşaqların biri 3 yaş, o biri 9 aylıqdır. Özü ikinci qrup əlil olduğundan təqaüd alır. Bu pul isə ailəsinin dolanışığı üçün güclə çatır. İndiyədək müalicələrini qohumlarımın, tanışlarımızın maddi dəstəyi ilə alıb. İndi Mərkəzi Klinik Xəstəxanada da müalicəsinin davam etdirilməsinə imkanımız çatmır. Əgər müalicə almasa, həkimlər xəstəliyin daha da şiddətlənərək bütün linfa düyünlərinə yayılacağını söyləyirlər. İndi ümid yerimiz cənab Ali Baş Komandanadır. Ağır post şəraitində, yüksəklikdə, düşmənlə üzbəüz ordu sıralarında xidmət edən, vətəninin müdafiəsi üçün sağlamlığından keçən oğlumu Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında "səni müalicə etmək bizim hospitalın imkanları xaricindədir" kəlməsi ilə ordu sıralarından müalicə edilmədən tərxis etdilər. Müdafiə Nazirliyinin Azərbaycanda müalicəsi olmayan xəstələri Gülhanə Hərbi Tibb Akademiyasına göndərməklə bağlı müqaviləsi olsa da, oğlumu müalicə üçün Türkiyəyə göndərmədilər. Bizə deyirlər ki, belə xəstələrdən orduda çoxdur, hamısını Türkiyəyə müalicəyə göndərə bilmərik. İndi Müdafiə Nazirliyi yazdığımız məktuba cavab olaraq deyir ki, ordudan tərxis edilibsə, onun müalicəsi bizlik deyil. Çox xahiş edirəm, prezidentimizdən, mənim oğlumun xəstəliyimin ilkin

Mərkəzi Klinik Xəstəxanasında, daha sonra Türkiyə respublikasında müalicəsi üçün köməklik göstərsin. İndi ümidim göydə tanrıya, yerdə prezidentimiz cənab İlham Əliyevədir. İnanıram ki, prezidentimiz ana fəryadına Müdafiə Nazirliyinin məmurları kimi laqeyd münasibət sərgiləməyəcək. Axı mən oğlumu bu vətən üçün zabit yetişdirmişəm. Oğlumun gözümün qabağında müalicəsi mümkün olduğu halda ölməsinə dözə bilmirəm".

Zabitin anası bu müraciəti eyni zamanda Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, müdafiə naziri Səfər Əbiyevə, prezidentin hərbi məsələlər üzrə müşaviri Vahid Əliyevə, səhiyyə naziri Oqtay Şirəliyevə, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova göndərib. O, yazır:

"İndi biz səbirsizliklə bu orqanlardan cavab gözləyirik. Ölkənin birinci xanımı Mehriban Əliyevaya da ümidim böyükdür. Məni daha yaxşı başa düşər. İnanıram ki, məktubu özü oxusa, bizə kömək edər. Onun tapşırığı ilə Heydər Əliyev Fondu onlarla xəstənin müalicəsini gerçəkləşdirib. İnanıram ki, Mehriban xanım bizim səsimizə də səs verəcək". Zabitin anası oğlunun xaricdə müalicəsi üçün millət vəkillərini də onlara dəstək verməyə çağırıb. Ünvan: Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev27/4, mənzil-47 Əlaqə: (055) 369-46-78

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR