• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan mədəniyyəti Finlandiyada

Azərbaycan mədəniyyəti Finlandiyada

"YUĞ” Teatrının kollektivi Finlandiyanın İmatra şəhərində keçirilən “Ağ və Qara” Beynəlxalq Teatr Festivalına dəvət alıb. Teatrdan Publika.Az-a verilən məlumata görə, teatr kollektivi ölkəmizi bu festivalda F.Kafkanın əsərləri əsasında hazırlanan “Kafkadan salam” tamaşası ilə təmsil edəcək. “Düşünürəm ki, bu festivalda məhz “YUĞ” Teatrının iştirakı və məhz “Kafkadan salam” tamaşasının nümayişi məntiqli seçimdir. “YUĞ” Teatrıının “Kafkadan salam” tamaşası ilə küçə tamaşasından opera və baletə qədər ən müxtəlif janrda hazırlanmış tamaşaların qatılacağı Finlandiya “Ağ və Qara” Beynəlxalq Teatr Festivalında Azərbaycanı uğurla təmsil edəcəyinə zərrə qədər də olsa, şübhəm yoxdur. “YUĞ”-un dünya miqyasında analoqu olmayan poetikasını Avropa teatr məkanında geniş təbliğ etməyin, tanıtmağın vaxtı çoxdan yetişib”, - deyə teatrın mətbuat katibi Elçin Cəfərov bildirb.


Xatırladaq ki, “Ağ və Qara” Teatrı tərəfindən təşkil olunan festival Finlandiyada yaşayan həmvətənimiz, teatr və kino rejissoru Kamran Şahmərdanın təşəbbüsü ilə yaradılıb. Hər ilin may-iyun aylarında Finlandiyanın İmatra şəhərində keçirilən festival hazırda dünya miqyasında böyük nüfuz qazanıb. Festivalda Azərbaycan, Belçika, Keniya, Polşa, Böyük Britaniya, Rumıniya, İsrail, İran, Avstriya, İtaliya, Portuqaliya, Almaniya, Türkiyə, Ukrayna, Bularus, Rusiya və Estoniyadan ən müxtəlif üslubda çalışan teatr kollektivləri iştirak edir.

Qeyd edək ki, tamaşanın süjeti spritik seans üzərində qurulub: Spiritik seansda Frans Kafkanın ruhunu çağırırlar. Ruh peyda olur, amma və lakin spiritizmin qaydalarını pozaraq, spiritlərin ona verdiyi sualları özlərinə qaytarır.

Tamaşada “YUĞ” Teatrının aktyorları Əməkdar artistlər Fərhad İsrafilov (Ata), Sonaxanım Mikayılova (Ana), Məmmədsəfa Qasımov (Oğul), Gülzar Qurbanova (Qadın), Vidadi İsmayıl (Dadı), aktyorlar Yaqut Paşazadə (Bacı), Hikmət Rəhim (Animus) və Ruslan Şöhrətoğlu (Frans K.) çıxış edirlər.

Tamaşanın ideya qurğusu Kafkanın əsərlərinin paradiqması üzərində qurulub. Teatrın mövqeyinə görə, Frans Kafka öz üzərində heç bir hakimiyyəti qəbul etməyən seçilmişlərdəndir. Özü də heç kimin üzərində hakim olmaq istəməyib, yaradıcılığı ilə insanları yalnız “salam”a, sülhə, barışığa çağırır.

Familoğlu
Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR