Bölgələrdə qəzet yayımını dövlət üzərinə götürə bilərmi?
Bizi izləyin

Qırmızı.az

Bölgələrdə qəzet yayımını dövlət üzərinə götürə bilərmi?

Azərbaycanda qəzet yayımı əsasən Bakı şəhərində və iri yaşayış məntəqələrində həyata keçirilir. Bölgələrdəki vəziyyətlə bağlı isə media təmsilçiləri zaman-zaman narahatlığını ifadə edirlər. Azərbaycanın ucqar kəndləri mətbuatdan demək olar ki, məhrumdur.

Bu sahədəki problemlər nədən qaynaqlanır və həlli yolları necədir?

Publika.Az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, sovet dönəmində qəzetlər abunə ilə yayıldığı üçün problemi də yox idi: “Abunələrin sayı çox olduğundan poçt sistemi bu işin ağırlığını üzərinə götürürdü. İndiki şəraitdə həm qəzetlərə abunə olanların sayı azdır, həm də qəzetə maraq zəifdir. Poçt sistemi bəzən bu missiyanı yerinə yetirə bilir, qəzetləri iri şəhərlərə aparır. Qəzetlərin rayon mərkəzindən kəndlərə aparılmasında isə problemlər var. Xərclər çoxdur, poçt şöbələri bu məsələni həyata keçirsələr, qəzet yayımından gəlir əldə edə bilməyəcəklər, əksinə ziyana düşəcəklər”.

Əflatun Amaşov hesab edir ki, bəzi qəzetlər yayımı özləri təşkil edə bilərlər. Problemlərin olmasına baxmayaraq o, hesab edir ki, son dövrlər regionlarda qəzetə maraq artıb.

MŞ sədrinin fikrincə, məsələnin həllinə kompleks yanaşmaq lazımdır: “Bu işlə ya ayrı-ayrı qurumlar məşğul olmalı, ya da qəzetlər öz yayımını təşkil etməlidirlər. Adətən, xarici ölkələrdə yayımı qəzetlər özləri təşkil edirlər”.

MŞ sədri deyir ki, siyasi məzmun qəzetlərin yayımında maneə amili rolunu oynamır: “Monitorinqlər aparmışıq. Nə Bakı, nə də region köşklərində müxalifət qəzetlərinə satışına əngəl törədilməsi faktı ilə qarşılaşmamışıq”.

KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə hökumətin mətbuata yardım göstərdiyini deyən Əflatun Amaşov bildirib ki, Fondun nizamnaməsində yayım təşkilatlarının fəaliyyətinə yardımı nəzərdə tutan müddəa yer almayıb: “İndiki halda dövlətin qəzet yayımına yardım etmək rıçaqları yoxdur. Qanunvericilik buna imkan vermir ”.

Şura sədri qeyd edib ki, qanunvericiliyin dəyişdirilməsi üçün isə zamana ehtiyac duyulur: “Əgər problem həqiqətən çox ciddi olsa məsələni müzakirə etməyə dəyər. Bölgələrdə insanlar əvvəlki illərə nisbətən daha çox qəzet oxumağa maraqlıdırlar”.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyib ki, indiki halda dövlət heç bir mətbu orqanın işinə qarışmır, o cümlədən qəzetlərin yayım məsələsinə.

Baş redaktor hesab edir ki, problemin kökündə dayanan əsas səbəblərdən biri qəzetlərin tirajının azlığıdır: “Yayım firmaları aztirajlı qəzetləri ölkə miqyasında yaymaqda maraqlı deyillər. Tirajlar az olduğu üçün qəzetlər özləri də qazana bilmirlər. Bu işi dövlətin üzərinə atmaq düzgün deyil. Yayım işi ilə müstəqil qurumlar məşğul olmalıdırlar”.

“Azərmətbuatyayım” Açıq Səhmdar Cəmiyyətində (ASC) hesab edirlər ki, regionlarda hansısa qəzet yayımlanmırsa, bu, onlarla bağlı məsələ deyil. Qurumun dövrü mətbuatın yayımı sahəsində Naxçıvan Muxtar Respublikasından başqa bütün bölgələrində fəaliyyət göstərdiyini deyən ASC-nin sədr müavini İlham Ələsgərov bildirib ki, burada həm satış, həm də abunə nəzərdə tutulur: “Ölkədəki bütün nəşrlər yayımlarını istisnasız olaraq müqavilə əsasında təşkil edirlər. Bu sahədə hər hansı bir nəşrə, qəzetə məhdudiyyət yoxdur. İstər müxalifət, istərsə iqtidaryönlü qəzet yayım üçün bizə müraciət edirsə, onun yayımını müqavilə əsasında həyata keçiririk”.

Ömər Əmirov

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm