“İndi bunların sözü ilə uşağı bıçağın ağzına verdirim?“ – REPORTAJ
Bizi izləyin

Qırmızı.az

“İndi bunların sözü ilə uşağı bıçağın ağzına verdirim?“ – REPORTAJ

Bir uşağı xilas etmək üçün 1 ay öncə dərc etdiyimiz yazımızın təsiri özünü çox gözlətmədi - balaca Ülfətin pensiyasını kəsdilər, atasını işə (fəhləliyə) bərpa etmədilər, Ombudsman Aparatından maraqlansalar da heç bir tədbir görülmədi, xəstə uşağın durumu və ailənin maddi vəziyyəti daha da ağırlaşdı…

Sovet İttifaqı Qəhrəmanının nəvəsinə yardım edən yoxdur

Bir müddət əvvəl Tovuz şəhər sakini, 38 yaşlı Aqşin Musayev tərəfindən daxil olan müraciət əsasında yazı hazırlamışdıq. Övladının ağır xəstə olduğunu, özünün fəhlə işlədiyi zavoddan çıxarıldığını və bu səbəbdən onu müalicə etdirmək üçün heç bir imkanı olmadığını deyən ata uşağın həyatını xilas etmək üçün ona heç kim tərəfindən yardım edilmədiyini bildirmişdi.

Bu yazıdan sonra vəziyyətin nə yerə olduğunu aydınlaşdırmaq üçün əməkdaşımız Tovuz şəhərinə ezam edilib və şikayətçinin evində olub. Sən demə, məsələ mətbuata çıxandan sonra ailənin və xəstənin vəziyyəti yaxşılaşmaq əvəzinə pisləşib. Belə ki, balaca Ülfətin pensiyasını kəsiblər, atasını işə (fəhləliyə) bərpa etməyiblər, Ombudsman Aparatından maraqlansalar da, heç bir tədbir görülməyib, xəstə uşağın durumu daha da ağırlaşır.

Haşiyə: Aqşin Musayev Sovet İttifaqı Qəhrəmanı Mərdan Musayevin nəvəsidir. Mərdan Musayevin büstü 2 digər tovuzlu qəhrəmanın büstü ilə yanaşı, Tovuz şəhərindəki Sovet İttifaqı Qəhrəmanları Parkında ucalır (şəkilə bax), şəhərdə adına küçə və rayonda digər obyektlər də var.

Mərdan Musayevin böyük qardaşı Şahinalı isə Türkiyənin xalq qəhrəmanıdır. Türkiyədə Aynalı adı ilə tanınan Şahinalı kişi Qurtuluş Savaşında böyük qəhrəmanlıqlar göstərib və Çanaqqala uğrunda döyüşlərdə ad çıxarıb. Bu qəhrəmanlıqlarına görə Mustafa Kamal Atatürk tərəfindən xüsusi mükafata layiq görülüb.

"9 mayda babamın abidəsini hamı ziyarət edir, amma..."

Tovuz şəhəri İsmayıl Mürşüdov küçəsi 32 nömrəli evin həyətinə daxil olan kimi burada imkansız bir ailənin yaşadığı hiss olunur. Dar dalanla keçib döşəməsi yer bərabərində olan kiçik bir evə daxil oluruq. Kasıbyana döşənmiş, dar, qaranlıq həyətə pəncərəsi olmayan 2 darısqal otaqda 4 nəfərlik ailə yaşayır.

Çay süfrəsindən sonra anası sənədləri masanın üstünə tökür, biz də lentə alırıq. Valideynlərin dediyinə görə, ikinci övladı anadangəlmə ürək yırtığı ilə doğulub. 10 yaşlı Ülfət Musayev getdikcə daha da şiddətlənən xəstəliyin pəncəsindədir. Valideynlər övladlarının həyatının risk altında olmasından narahatdır.

Uşağın müalicəsi üçün olan-olmazını, evinin bütün dəyərli əşyalarını satdığını, xeyli borca düşdüyünü deyən Aqşin Musayev bunun bir xeyri olmadığını deyir. Uşağın sağalması üçün normal müalicəyə ehtiyac var. Lakin, balaca Ülfəti nə müalicə edən var, nə də atasını adi fəhlə işinə götürən.

"O gün 9 may Qələbə bayramında tovuzlular gəlib Qəhrəmanlar parkını ziyarət etdi, Sovet İttifaqı Qəhrəmanı olan babamın adidəsi önünə gül düzdülər. Rayon rəhbərləri də hörmətlə yad etdilər. Görəsən bilirlərmi ki, Vətən üçün canını qoyan Mərdan Musayevin nəvəsinə bu boyda respublikada kömək edən yoxdur?" - Aqşin deyir.

Ata: "Boru İzolyasiya Zavodunun direktoru Azər İsayevə müraciət etdim..."

Aqşin Musayevin sözlərinə görə, həkimlər deyib ki, müalicəni davamlı etdirməlisən:

"Buna xeyli pul lazımdır. Nə mən, nə də həyat yoldaşım işləmirik, ayda 100 manat sosial yardım alıram. Bu pul Ülfətin ən adi dərmanlarının pulunu ödəmir, nəinki ailəmizin ehtiyacını.

Ötən il siz bu məsələni mətbuatda yazdıqdan sonra, Dövlət Neft Şirkətindən maraqlandılar və məni şirkətin Boru İzolyasiya Zavoduna işə götürdülər. Aldığım maaşla uşağın müalicəsini birtəhər aparırdıq. Lakin, 1 ay qabaq işlədiyim layihə başa çatdı, yeni layihədə isə məni işə götürmədilər. Halbuki, mən ən intizamlı içşi olmuşam, planı artıqlaması ilə yerinə yetirmişəm. Kimin adamı var idisə, onu saxladılar, amma ən yaxşı işçiləri çıxardılar.

Zavodun müdiri Azər İsayevə müraciət etdim ki, bəs uşaq ağır vəziyyətdədir, xahiş edirəm mənə ən ağır fəhlə işi belə olsa verin, müalicəsini etdirim, məni heç dinləmək də istəmədi, dedi ki, gələcəkdə lazım olsan, özümüz çağıracağıq.

Sizin keçən ay dərc olunan yazıdan sonra zavoddan zəng elədilər ki, o yazını təkzib etdir, özün də gəl "raşotunu" al bir söhbət edək. Mən də də sizə dedim, siz dediniz ki, nə vaxt işə bərpa edəcəklər, onda başqa cür yazarıq. Mən də bunu onlara çatdırdım, amma məni işə bərpa etmək istəmədilər.

Ülfətə xəstəliyinə görə pensiya kəsmişdilər, sizin yazıdan sonra Sosial Təminat Fondunun Tovuz bölməsi onu da dayandırıb. İndi artıq heç bir gəlirimiz yoxdur, rütubətli otaqda uşaq saxlayıram, həkim tapşırıb ki, ona dəyərli qidalar verilməlidir, hansı pulla verim?

Ana: "Bu da bizim Ombudsman, hüquq müdafiəçimiz"

Ülfətin anası deyir ki, Ombudsman Aparatının Gəncə bölməsindən maraqlansalar da, heç bir tədbir görməyiblər:

"Sizin yazıdan sonra Ombudsman Aparatının Gəncə bölməsindən zəng elədirlər, dedilər ki, biz uşağın Ukraynada əməliyyatına kömək edə bilərik. Biz də dedik ki, həkimlər əməliyyat olmaz deyirlər, müalicə olunmalıdır. Bunun üçün dərmanlar alınmalı, həkimlər müayinə və müalicə üçün pul istəməməli, uşağa dəyərli qidalar verilməlidir. Bizim də buna maddi imkanımız çatmır.

Bunlar da sizə zəng edib şikayətləniblər ki, bəs bu adam uşağın əməliyyatını istəmir, deyir müalicə üçün pul lazımdır. Qardaş, həkimlər deyir əməliyyatlıq deyil, indi bunların sözü ilə uşağı bıçağın ağzına verdirim zorla? Uşaq müalicə olunmalıdır, kömək edirsiniz dərmanlarını verin deyirəm, başqa heç nə istəmirəm ki? Hətta, yoldaşıma fəhləlik işi versinlər heç kimdən bir kömək də istəmirəm, özüm öz qazancımızla apararıq müalicəni".

Haşiyə: Həqiqətən də, 10 gün əvvəl mənə Ombudsman Aparatından zəng edən bir xanım belə iddiada bulunmuşdu. Özünü köməkçi kimi təqdim edən xanım Aqşini fırıldaqçı adlandırıb mənə onun pul istədiyini demişdi. Halbuki, Aqşin deyib ki əməliyyat olmaz, dərmanlarını verə bilərsinizsə, bu, bəs edər. Aqşinin sözləri ilə desək, "bu da bizim Ombudsman, hüquq müdafiəçimiz".

Həmin xanım bəndənizin üstünə qışqıraraq irad tutmuşdu ki, niyə uşağın xəstəliklə bağlı sənədlərini yerləşdirməmisiniz. Buyurun xanım, fotosessiyanı seyr edin, valideyn deyir ki, bütün sənədləri verib sizin quruma, indi siz deyin görək bu 1 ayda nə etmisiniz?

Onun kiçik vücudunda döyünən böyük ürəyi dayanmağa qoymayaq...

Aprelin ortalarında yayımladığmız yazıdan sonra, İsraildən, İngiltərədən, Azərbaycandan imkanlı şəxslər mənə zəng edib kömək etmək istədiklərini bildirmişdilər. Aqşinin nömrəsini istədilər verdim. Uşağın adına açılmış bank hesabını sosial şəbəkələrdə də yerləşdirdim. Lakin onlardan da bir səs çıxmadı.

Haşiyə: Ötən il mətbuatda bu haqda yazılanda Türkiyənin ATV və Kanal D televiziyalarından mənə zəng etmişdilər ki, Atatürkün qəhrəman adı verdiyi insanın nəvəsinə biz kömək etməyə hazırıq, uşağı və atasını göndərin bura efirə çıxardaq, yardım kampaniyası başladaq.

Bu Azərbaycan dövləti və xalqı üçün o qədər böyük rüsvayçılıq olardı ki, uşağın səhhəti getdikcə pisləşdiyinə baxmayaraq, riskə gedib razı olmadım. Ki, bəlkə özümüzdən bir yardım edən tapıldı.

Lakin, bir il keçdi, bu boyda ölkədə elə bir şəxs, ya da təşkilat tapılmadı. Məcbur olub A.Musayevə təklif etdim ki, gəlin sizi göndərək Türkiyəyə, bütün xərcləri və müalicəni özləri edəcəklər.

Aqşin mənə telefonda dedi ki, Ülfət razı olmur, deyir ki mən öz vətənimi, xalqımı başqa ölkədə biabır edə bilmərəm, ölsəm bundan yaxşıdır... Bu kiçik uşağın qəlbində nə qədər böyük ürək döyünürmüş... Böyük qəhrəmanların genlərini daşıyır axı...

Nənə: "Millət biabır olacaq deyə, uşağın ölməsini gözləməliyik?"

Ülfətin nənəsi deyir ki, uşaq razı olmasa da zorla aparacaqlar:

"Dövlət, millət biabır olacaq deyə, gözümüzün qabağında ölməsinə tamaşa edəsi deyilik ki? Bu boyda ölkədə bir uşağın adi müalicəsinə imkan yoxdur məgər? Yoxdursa, onda mən məcburam, Rusiya, Türkiyə və Ukrayna səfirliklərinə müraciət edəm, bəlkə onlar kömək edələr. Bunu istəməzdim, amma məcburam, nəvəm gözümün qabağında əldən gedir..."

Qeyd edək ki, söhbət elə də böyük pullardan yox, cəmi bir neçə min manatdan, yada müalicəni davam etdirmək üçün atasının aylıq 5-6 yüz manat maaşı olan işə düzəldilməsindən gedir.

Aqşin son ümid kimi üzünü xalqa tutub:

"Hamıya qapım açıqdır, gəlsinlər özləri evimə, şəraitimə və oğlumun durumuna baxsınlar. Babalarımız bu millətin, bu vətənin uğrunda canlarını fəda edib, amma indi onun nəvələrini nə müalicə edirlər, nə də adi fəhlə işi verirlər.

Ülfət deyir, ata sağalıb böyüyəcəm və zabit olacam, Vətənim üçün döyüşəcəm. Babaları böyük qəhrəmanlar olan bu uşaq da böyüyüb bir gün Vətən üçün canını fəda edə bilər. Əgər sağalmasına yardım etsələr".

Böyük qəhrəmanın bizim ürəyimiz qədər daşlaşmış baxışları

Bütün söhbətimiz zamanı Ülfəti evə buraxmadıq ki, psixologiyasına pis təsir etməsin. Amma ayrılanda dedi - "Əmi, narahat olma, Allah necə məsləhət bilsə elə olacaq, mən böyüyüb zabit olanda sənin əziyyətindən çıxaram".

Ailəyə təsəlli verərək ordan ayrıldıq - bu ölkə, bu millət sahibsiz deyil, Ülfətə sahib çıxan əlbəttə, tapılacaq - deyə ümidləndirdik. Gerçəkdən babaları bu xalq, bu vətən uğrunda qəhrəmancasına can qoyan insanların nəvəsinə qayğı göstərməklə onların borcundan bəlkə də çıxa bilərik.

Bakıya qayıtmazdan əvvəl evin 100 metrliyində yerləşən Qəhrəmanları Parıkını ziyarət etdik. Önünə gül qoyduğumuz 2 Sövet İttifaqı Qəhrəmanın arasında büstü ucalan Mərdan Musayevin daşlaşmış sifətinə fikir verdik. Əbədi qəhrəman kimi daşlaşsa, hər halda bizim ürəyimiz qədər daşlaşmamışdı, sadəcə narazı idi, köməksiz qalmış nəvəsinə yiyə çıxmadığımız üçün...

Elçin Bayramlı

P.S. Balaca Ülfəti sağaltmaq çətin deyil, çətin olan sadəcə insanlıqdır. İnsanlıq hələ də ölməyibsə, gəlin onun kiçik vücudunda döyünən böyük ürəyi dayanmağa qoymayaq...

Müəlliflə əlaqə - elcin.bayramlı@hotmail.com

Yardım etmək istəyənlər üçün bank hesabı

"Kapital Bank" ASC-nin Tovuz Rayon Filialı

Musayev Aqşin Ülfət oğlu

VÖEN: 9900003611

Müxbir Hesab: AZ37NABZ01350100000000001944

SWİFT BİK AIIBAZ2X

Aqşin Musayevin telefon nömrəsi- 051 744 60 40

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm