• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Uşağıma birinci ərimin soyadını vermək istəmirəmsə…”

“Uşağıma birinci ərimin soyadını vermək istəmirəmsə…”

Aqil:

- Mənim 26 yaşım var, tələbə vaxtı bir qızı sevirdim, amma sonra ona xəyanət etdim, ikimizin tanıdığı başqa biri ilə görüşməyə başladım. Mən əsgər gedəndən sonra o nişanladı, qayıtdıqdan sonra da mən nişanlandım. İndi ikimiz də evliyik, övladlarımız var, amma içimdə hələ də o sevgi var. Bir gün tale bizi birləşdirəcək deyə düşünürəm və məncə, bu hisslər onda da var. Bilmək istəyirəm, bu hiss ötüb keçəcək, yoxsa bu həqiqi sevgidir?

Cavab:

- Psixoloq Elnur Bayramov: Bu “ilk məhəbbət” dediyimiz bir anlayışdır ki, onun ömrü yaşadığımız ömür qədərdir. Bu ülvi bir hisdir ki, çox insanların qəlbinin dərinliyində yaşayır. Sizin hər ikinizin ailəniz, ən əsası ən böyük Tanrı neməti olan övladlarınız var, qəlbinizdəki bu hissə hörmətlə yanaşıb zirvədə saxlamaqla öz ailənizin daha da xoşbəxt olması üçün çalışmalısınız. Bu sizin hər ikiniz üçün, ailələriniz və övladlarınız üçün ən münasib yoldur.

Zəminə:

- Nənə-baba və nəvə anlayışı demək olar ki, cəmiyyətdə görünmür. Bu problemləri hansı güclə çözməyi tövsiyə edirsiniz?

Cavab:

- Psixoloq Elnur Bayramov: Nənə və babanın nəvələrin həyatında, onların davranış və tərbiyəsində rolu böyükdür. Nənə-baba tərbiyəsi almış uşaqlar cəmiyyətə tez uyğunlaşır, fikirlərini dilə gətirməkdə cətinlik çəkmirlər.

Hörmət anlayışını daha yaxşı qavrayır, söz ehtiyatı, düşüncə qabiliyyəti valideynlə yaşayan uşaqlardan fərqlənir. Bu, problem deyil, bu bir qayğıdır. Maarifləndirməni güçləndirmək vacibdir. Gənclərimizə bu barədə elmi əsası olan bilgilər verilməlidir ki, məsələ daha da qabarıb problem səviyyəsinə çıxmasın.

Bəzən nənə və babaların uşaqları ərköyün böyütdüyünü deyirik, amma bu ərköyünlüyün mənfi tərəfi yoxdur.

Fuad:

- 25 yaşım var. Ətrafimda coxlu insan var, ailəm, dostlarım olsa da özümü zaman-zaman cox yalqız və heç kimə lazımsız hiss edirəm. Nə edim?

Cavab:

- Psixoloq Elnur Bayramov: Bu hal sizin həyatdan narazılığınıza bir işarədir. Kiminsə sizi başa düşmədiyini düşünür, tənhalığa çəkilirsiniz. Əslində bu düşüncədə olmağa çalışın ki, siz gənc və enerjilisiniz, sizin köməyinizə doğmalarınızın və dostlarınızın ehtiyacı var.

Onların sizin yanınızda olmağını gözləməkdənsə, siz onların yanında olun, bu sizə sitimul verəcək. Meyl və maraqlarınızı dəqiqləşdirin, onlarla məşğul olun. Belə vaxtlarda hobbi ən yaxşı vasitədir. Subaysınızsa evlənin, ailə qayğıları sizi ətrafınızdakılar tam lazımlı bir insan edəcək.

Gülarə:

- Mənim birinci evliliyim problemli olduğu üçün bir uşaqla boşanmalı oldum. Heç bir tələbim olmadı qarşı tərəfdən. İkinci dəfə ailə qurmuşam və ikinci övladım da oldu. Həyat yoldaşım birinci ərimdən olan oğlumu çox sevir və ona öz soyadını vermək istəyir. Bioloji atasının oğlumun üzərində heç bir əməyi yoxdur, ona əsl atalığı ikinci həyat yoldaşım edir.

Biz uşağın soyadının bizimki kimi olmamasını səhv kimi başa salmışıq ona, guya hardasa yalnışlıq olub. Bilmək istəyirik ki, onun soyadını dəyişmək üçün nə etməliyik? Bizim maddi imkanımız o qədər güclü deyil, kirayədə yaşayırıq, məhkəmələrə və vəkillər pul ödəyəcək durumda deyilik. Bu məsələni necə həll edək?

Cavab:

- Hüquqşünas Kamran Məmmədov: Bu məsələ VVAQ şöbəsində həll edilə bilər. Bir qədər problemli olsa da həlli var. Çox özəl durum olduğu üçün sizinlə hüquqşünasın hərtərəfli söhbəti olmalıdır, hər xırda detala nəzər salmaq vacibdir. Mənim əlaqə nömrəmi redaksiyadan alın və mənimlə əlaqə saxlayın, problemin tam həlli yolunu sizə izah edim. Amma mən sizə yenə də qanundan bəzi çıxarışlar təqdim edim:

Uşağın soyad daşımaq hüququ Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsində təsbit olunub. AM-in 53.1-ci maddəsinə görə, uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir.

AM-in 53.3-cü maddəsinə görə, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

AM-in 53.4-cü maddəsinə görə, valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur.

AM-in 53.3 və 53.4-cü maddəsində nəzərdə tutulmuş hüquq normaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 4-cü bəndində də öz əksini tapıb.

Suallarınızı aşağıdakı e-mail ünvanına göndərə bilərsiniz.

Layihənin rəhbəri: Lalə Mehralı

lalemehrali@hotmail.com

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR