• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycanlıların “tarixi abidə, muzey kompleksi“...

Azərbaycanlıların “tarixi abidə, muzey kompleksi“...

Dünyanın hər yerində insanlar səfər etdikləri ölkələrin tarixi abidələri, qədim yaşayış məskənləri ilə maraqlanırlar. Əgər bir alman, bir fransız və yaxud bir ingilis bizim ölkəyə gəlirsə, mütləq qədim abidələrimizi görməyə gedir. Qız Qalasında, Atəşgahda, İçəri Şəhərdə, Şirvanşahlar Sarayında və oxşar yerlərdə olarkən də görürük ki, ziyarətçilərin əksəriyyəti xaricilərdir. Tarixi abidələrin qorunması ilə məşğul olan insanlar da təsdiqləyirlər ki, ziyarətçilərin çox hissəsini xarici vətəndaşlar təşkil edir.

Biz isə... Maraqlıdır ki, bir çoxumuz xaricə gedəndə də burada etdiklərimizi edirik, yəni bizi maraqlandıran daha çox alış-veriş, dəniz və əyləncə mərkəzləri olur. Aramızda tək-tük insanlar tapılır ki, səfər etdiyi ölkənin tarixi abidələrini gəzir, nadir tapıntılarla, qədim yaşayış məskənləri ilə tanış olur. Maraqlıdır, niyə biz xaricə səfərə gedəndə sadəcə ticarət mərkəzlərini gəzirik?

"Unikal" qəzetinin şef-redaktoru Eldəniz Elgün deyir ki, bunun tək bir səbəbi var: "Adətən məişət qayğıları ilə yüklənən insanlarda, toplumda mənəvi zövq sadəcə olaraq, maddi problemlərini həll edəcək fürsətdən yaranır. Yəni, mənəvi tələbatın təminatı ikinci sıraya keçir. Bu kütlə psixologiyasının özəlliklərindəndir. Bu səbəbdən dediyiniz nəticə ortaya çıxır".

"Olaylar" qəzetinin redaktoru Elman Cəfərlinin sözlərinə görə isə Türkiyənin tarixi abidələrinə, muzeylərinə kütləvi ziyarətçi axını var: "Azərbaycanda da insanlar tarixi abidələri ziyarət etməyə gedir. Sadəcə hər kəsin maraq dairəsi var. Tarixi abidələri Azərbaycan tarixi ilə maraqlanan, tarixi keçmişimizlə qürur duyan insanlar ziyarət edir. Mədəni insanlar xarici ölkələrə gedəndə tarixi abidələri görməyə həvəsli olurlar. Alverçi də məlum məsələdir ki, öz işində olur, dükan-bazara qaçır".

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyir ki, müsəlman ölkələrində insanların tarixi abidələrə, muzeylərə az getmələrinin səbəbi məişətlə, adət-ənənələrlə, intellektual və mədəni səviyyənin aşağı olması ilə, savadsızlıqla, həyat şərtlərinin ağırlığı ilə bağlıdır: "Digər əsas amillərdən biri də ailə tərbiyəsi və təhsillə əlaqədardır. Muzeyə, tarixi abidələrə, kitaba, teatra, qəzetə... sevgi kiçik yaşlardan aşılanmalıdır. Əgər bir uşaq valideyni ilə, yaxud məktəbdə təşkil olunmuş tur çərçivəsində kiçik yaşlarından teatra, muzeyə getmirsə, böyüyəndə də getməyəcək. Bu məsələlər sistemli tərbiyə tələb edir. Müsəlman ölkələrinin təhsil sistemində şəxsiyyətin formalaşdırılması prosesi ən son pillədə dayanır. Xarici ölkələrə səfər zamanı alış-veriş və əyləncə yerlərinə qaçmağımızın başqa bir səbəbi isə ictimai azadlıq problemilə bağlıdır. Biz saysız-hesabsız, heç bir məna kəsb etməyən, görüntü xarakterli ədətlərin, bəsit qaydaların girovuna çevrilmişik. Buna görə də yaşadığımız cəmiyyətdə arzu və istəklərimizi həyata keçirə bilmir, sərbəst davranmaqdan çəkinirik. Buna görə də xarici səfərlər zamanı ilk növbədə komplekslərin basqı altında saxladığı azadlığımızı üzə çıxarırıq".

Yazıçılar Birliyinin üzvü, şair Namiq Hacıheydərli bildirdi ki, bir neçə dəfə xarici ölkələrdə - Ukraynada, Türkiyədə, Rusiyada olub və getdiyi yerdə onu daha çox həmin yerlərin tarixi abidələri, tutaq ki, Krımda Krım xanlarının sarayı, İsmayıl bəy Qaspıralının məzarı, Zəncirli məscid, Dərbənddə Narınqala və sair maraqlandırıb: "Eyni zamanda düşünürəm ki, İstanbula getmək istəyən azərbaycanlı daha çox məhz Ayasofiyanı, Fransaya getmək arzusunda olan insan Eyfel qülləsini, Hindistana getmək istəyən "Tac Mahal"ı görmək arzusunda olanlardı. Əlbəttə, getdiyi xarici ölkələrdə əyləncə mərkəzlərinə, çimərliklərə tələsənlər də var. Bunlar, tam əminliklə deyə bilərəm ki, elm və sənət adamları olmur. Alver niyyətilə və dincəlmək məqsədilə istirahət mərkəzlərinə gedənlərin əyləncə məkanlarına getməsi təbidir. Ancaq bunlar azlıq təşkil edir".

Yazıçı Güntay Gəncalpın sözlərinə görə isə İslam dünyasında muzey və tarixi abidələrin ziyarəti mədəniyyəti hələ formalaşmayıb: "Bunun bir çox səbəbləri ola bilər. Birincisi, İslam dünyasında demokratiyanın olmaması xalqlarda estetik münasibət və davranışın şəkillənməsini əngəlləyib. İkincisi, tarixlə və tarixi abidələrlə geniş ölçüdə düşüncə və duyğu planında əlaqə qurma təcrübəsi zəif olub. Elə şeylər var ki, onu uşaqlıqdan alışqanlıq halına gətirmək lazımdır. Bu alışqanlıqlara tarixi abidələrə və öz tarixinə maraq göstərmək, muzeyləri ziyarət etmək də daxildir. Təəssüf ki, İslam ölkələrində belə alışqanlıqlar mövcud deyil".

Lalə Mehralı

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR