Uşaq ədəbiyyatı: vəziyyət necədir?
Bizi izləyin

Qırmızı.az

Uşaq ədəbiyyatı: vəziyyət necədir?

Gələcək nəsillərin savadlı, mədəni, agıllı şəkildə formalaşması üçün ən əsas vasitələrdən biri mütaliədir. Onların formalaşması isə uşaq ədəbiyyatının səviyyəsindən asılıdır. Son dövrlərdə bu sahədə tənəzzül müşahidə olunur. Bunun səbəbləri nədir, uşaq ədəbiyyatının inkişafı üçün nə etməliyik?

Oxumaq, oxumaq yenə də oxumaq!

Kitab oxumaq uşaqların düşüncəsinin, xüsusiyyətlərinin formalaşmasında əsas rol oynayan mənbələrdən biridir. Elmi araşdırmalara görə, kitab oxumaq zehni açır, beyni aqressiyadan xilas edir, təbiəti, cəmiyyəti anlama və prosesləri şərh etmə qabiliyyətini təmin edir, məlumat bazamızı artırır, söz xəzinəmizi zənginləşdirir.

İnkişaf etməmiş cəmiyyətlərin qarşılaşdıqları problemlərin çoxunun mənbəyində təhsilsizlik dayanır. Faktlar göstərir ki, inkişaf etməmiş cəmiyyətlərdə insanların çoxu mütaliəyə sərf edəcəkləri vaxtı əsasən faydasız işlərə, əyləncələrə sərf edirlər.

Sovet dövründə uşaqları sosialist inqilabının ideoloqu Vladimir Leninin məşhur şüarı ilə böyüdürlər - Oxumaq, oxumaq yenə də oxumaq! Bu şüar Sovet insanları üçün həyat amalına çevrilmişdi.

Volter kitab oxumağın əhəmiyyətini belə ifadə edib: "Oxumaq, ruhu ucaldır, Günəş dünyanı işıqlandırdığı kimi, kitab da insanları işıqlandırır. Uşaqları kitabla bəsləməyən xalqların axırı yaxşı olmaz".

Höte yazırdı: "Oxumağı öyrənmək sənətlərin ən böyüyüdür". Həqiqətən də, oxuma vərdişi qazanmaq çox çətindir. Xüsusən də televiziyaların insanı xəbər, film, şou bombardmanına tutduğu, informasiya əsrinin ən böyük vaxt oğrusu internetin çox yayıldığı indiki vaxtda mütaliəyə vaxt ayırmaq çətin, amma çox vacibdir.

Valideynlər məsələyə necə baxırlar?

Sosial şəbəkələrin birində valideynlər arasında keçirdiyimiz kiçik sorğuda iştirak edənlər maraqlı fikirlər bildirdilər. Onlardan bəzilərini sizə də təqdim edirik.

Rəşad Qarayev: İnformasiyanı zənginləşdirmək lazımdır, bununla bağlı təbliğat aparılmalıdır. Sovet dövründə bu edilirdi, amma indi yoxdur. İndi uşaqlar arasında daha çox videoroliklərlə, animasyalarla təbliğat aparırlar. 200-300 səhifəlik uşaq antologiyası onlara 1 saatlıq video ilə çatdırılır. Bunun nəticəsində beyin kütləşməyə doğru gedir.

2007-ci ildə Ayzek Əzimovun əsərləri bütün Rusiya məktəblərində pulsuz paylanıldı. Bizdə də xeyli sayda uşaq yazarları var, amma bu işlə qeyri-dövlət təşkilatları, eləcə də dövlət birbaşa məşğul olmalıdır. Bu sahəyə ciddi nəzarət edilməsə, gələcəkdə problemlə qarşılacağıq.

Nataliya Maksimovna: Düzdür, Azərbaycanda uşaq ədəbiyyatı zəifdir, amma buna baxmayaraq çox şey valideyndən asılıdır. Özümüz də onların yanında kitab oxumalıyıq. Bizim uşaqların biri rus sektoruna gedir, o biri Azərbaycan.

Təsəvvür edin ki, Azərbaycan sektorunda olan üçün mağazalarda, internetdə faydalı heç nə tapa bilmirəm, amma rus dilində elə zəngin uşaq ensiklopediyaları, jurnallar, elektron vəsaitlər var ki... Məncə, Təhsil Nazirliyi bu sahəyə diqqəti artırmalıdır.

Aygün Kamalova: Anam uşaq yaşlarımdan nağıl kitablarına maraq aşılamaqla məndə mütaliəyə meyl yaradıb. İndiki uşaqları belə tərbiyə etmirlər, onlar daha çox telefon və kompüterdə oynamağı sevirlər. Küçədə, həyətdə baxırsan ki, azyaşlı uşaqlar telefonda meyxanaya qulaq asır, ya da "prikol" videolara baxırlar.

Azərbaycan dilində faydalı bir uşaq kitabı, qəzet-jurnal tapmaq çətindir. Mən öz qızıma normal kitab-jurnal tapmaq üçün nə qədər əziyyət çəkirəm, yaxşı ki, özümdə uşaqlıq dövrümdən bəzi kitab-jurnallar qalıb. Dövlət xətti ilə məktəblilər üçün jurnallar, qəzetlər buraxmaq lazımdır, özü də çox ucuz olmalıdır ki, hamı ala bilsin.

Mütəxəssislər nə düşünürlər?

Kulturoloq, yazıçı, kitabxana.net portalının rəhbəri Aydın Xan Əbilov bu məsələdə bir qədər radikal fikir yürüdür. Onun fikrincə, uşaqlara imkan daxilində planşet, noutbuk almalıyıq. Kağız kitabları, dəftərləri, qələmi və əlyazmanı yığışdırmalı, virtual yazı və oxu mədəniyyətini, vərdişini təbliğ etməliyik.

Kulturoloqun fikrincə, audio-nağıllar, animasiyalar, oyunlar və s. elektron materiallarla uşaqlara informasiya catdırmağa çalışmalıyıq: "İndi uşaqların marağı elektron materiallaradır, sadəcə onlara bu vasitə ilə daha çox bilik verərik, internetdəki zərərli materiallara alternativ olaraq bunları təbliğ edə bilərik".

Psixoloq Nail Cəlil deyir ki, uşaqları mütaliəyə həvəsləndirmək, onlara oxumaq vərdişi aşılamaq lazımdır: "Təcrübələr göstərir ki, kitab, qəzet-jurnal oxuyan uşaqların biliyi, dünyagörüşü digər uşaqlara nisbətən daha zəngin olur. Təəssüf ki, indi bizdə uşaq ədəbiyyatının səviyyəsi və miqyası çox pis durumdadır".

Psixoloq deyir ki, Sovet dovrundə, məktəblilər üçün çoxsaylı jurnallar, qəzetlər çıxırdı, hər il yüzminlərlə uşaq kitabları cap olunurdu, indi bu işi xarici dövlətlərin ümudinə buraxmışıq: "Uşaqlarımız rus, ingilis, türk və s. dillərdə multfilm izləyir, musiqi dinləyir, kitab-jurnal oxuyur, verilişə baxırlar. Bu, həddən artıq təhlükəli tendensiyadır, faktiki olaraq bizim gələcəyimizin şüur və psixologiyasını əcnəbi mərkəzlər formalaşdırır. Dövlət bunu nəzərə almalı, bu sahə ilə bağlı xüsusi siyasi xətt müəyyən etməlidir".

Elçin Bayramlı

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm