Qəbirstanlıqda mollanın “Yasin“ cinayəti...
Bizi izləyin

Qırmızı.az

Qəbirstanlıqda mollanın “Yasin“ cinayəti...

"Həyatın içindən" tapıb çıxardığım bu dəfəki qəhrəman Molla İsmayıldır. Başında buxara papaq, əynində kostyum, Badamdar qəbirstanlığında mollalıq edir. Gündə ən azı, 5-6 nəfərin ölüsünə məzarı başında "Yasin" oxuyur. Bəs, Molla İsmayıl "Yasin"i necə oxuyur? Gəlin birlikdə Badamdar qəbirstanlığı və Molla İsmayılla tanış olaq...

Ölüm qoxuyan səssizlik

Bəziləri bir-birinə qısılıb, bəziləri uçub dağılıb, bəziləri isə dəbdəbəsi ilə göz qamaşdırır... Adamı qəribə hüzn bürüyür bu məzar daşlarının arasında... Canıma dolan ürpərtini yenməyə çalışa-çalışa məzar daşlarının arası ilə yeriyirəm. Düz qəbiristanlığın ortasında, ailəvi məzarlığın yarım metrlik hasarının üstündə əyləşirəm. Bu gün günlərdən bazar... Bir-iki qəbiristanlıq mollasından başqa heç kəs gözə dəymir... Yoldan keçən avtomobillərin səs-küyü olmasa səssizlikdən qulaq tutulur. Bizim kəndimizdəki qəbirstanlıqların səssizliyini qarğaların qarıltısı pozur və insanı əsəbiləşdirən yeknəsəklik yaradırdı. Həm də kənd qəbirstanlıqlarındakı nəhəng göyrüş ağacları da adamı vahimələndirir. Yadımdadır, mədrəsədə təhsil aldığım vaxtlarda kəndimizdə "Qurani-Kərim" oxumağı bacaran az idi. Balaca, tərtəmiz geyinmiş, xoş avazlı uşağı - yəni məni tez-tez "Qurani-Kərim" oxumaq üçün məzar üstünə aparırdılar.

Məzar üstündə "Qurani-Kərim" oxutdurmaq dəbi

Ölkənin hər yerində olduğu kimi, bizim kəndimizdə də öz ölüsünün məzarı başında "Qurani Kərim" oxutdurmaq dəbi var. İslamda belə bir qayda olmasa da, biz azərbaycanlılar bunu artıq islam dinin əsas ehkamlarından biri kimi qəbul edirik. Dünyasını dəyişmiş yaxınını yuxusunda görən orta statistik azərbaycanlının ağlına gələn ilk iş mərhumun məzarı başına molla tapıb aparmaq olur. Mollanın cibinə beşdən-üçdən qoyub, "Qurani-Kərim"dən "Yasin" surəsini oxutdurur, sonra isə mənəvi rahatlıq tapırlar. Bu adət haqqında uzun-uzadı danışmaq istəmirəm. Məqsədim dini adət-ənənələrə "calaq" elədiyimiz adətləri sadalamaq, bu adətlərin müsbət və mənfi tərəflərindən danışmaq deyil. Bu barədə yüz dəfələrlə yazılsa da, heç bir faydası, heç bir müsbət nəticəsi olmayıb. Hələ də rayonların çoxunda 40 gün yas mağarını sökməyənlər var. Bakıda restoranlarda yas məclisləri təşkil edənlər, yası az qala bayram səviyyəsinə qaldıranlardan danışmağa isə heç dəyməz. Görəsən bu faydasız adətlərin, bəhsəbəhs mağar qurmağın, məclislər verməyin dünyasını dəyişmiş mərhuma bir faydası varmı? Hələ qəbir yeri almaq çabaları, məzar daşı əndişəsi mərhumun qohumlarına çox ciddi çətinlik yaradır. Kirayə mağarlar, mağarda qulluq edənləri də hesaba qatsaq, Azərbaycanda yaxın insan itirməyin ikiqat faciə olduğunu düşünə bilərik.

Müsəlman israfçılığı

Uzun-uzadı yaşadığımız cəmiyyətin bu qüsurlarını, yarımçıq adət-ənənələrini sadalamağımın bir faydası olacağını sanmıram. Onu bilirəm ki, bu cür yarımçıq adətlərin kökü hələ çox gec kəsiləcək. Xüsusən də toyda və yasda israfçılığa alışan insanlarımıza əməllərinin mənasız və lazımsız olduğunu izah eləmək çox böyük bir işgəncədir. Oğulsansa, yaxınlarına başa sal ki, bu boyda mağar qurub ehsan süfrəsi açmaqdansa, bir ətək pul xərcləyib məzar daşı qoydurmaqdansa bir yetim sevindirmək, bir ac doyurmaq daha faydalıdır. Sizcə belə deyilmi, əziz müsəlmanlar? Səhv etmirəmsə, İslam peyğəmbərinin fikridir: "Qonşusu ac ikən özü tox yatan bizdən deyildir". Bax bu fikrə əsasən məsuliyyətlə demək olar ki, bir çox hacıların ziyarəti, bir çox namaz qılanların ibadəti qəbul deyil. İsrafçılıq isə islama görə məqbul deyil...

Mistikasız "iş günü", mollanın "müştəri"ləri...

Bu bazar səhərində durub qəbristanlığa yollanmağımda heç bir mistika axtarmağa dəyməz. Mollaların "iş prosesi"ni izləməkdə nə mistika ola bilər ki? Qəbirstanlıqda sakitlik və hüzur tapsam da, burda heç bir mistik element yoxdur. Bu gün qətiyyən ölümü düşünmək kimi bir arzum yoxdur. Sözün düzü, ölümü düşünmək, qəbirlərin arasında oturub xəyala dalmaq çox xoşuma gəlir. Amma məzarlar arasında tək-tənha oturub xəyala dalmağın elə bir özəl tərəfi yoxdur. Sadəcə bu proses əvvəllər məni bir-neçə günlük sakitləşdirirdi. Meditasiya kimi bir şeydir. İndi o qədər də rahat olmuram.

Bu dəfə, heç nə düşünmək üçün gəlməmişəm məzarlığa. İstəyim qəbiristanlıqda mollalıq edən, məzar üstündə "Qurani-Kərim" oxuyan mollaların "iş prosesi" ilə tanış olmaq idi. Məqsədimə çatmaq üçün çox da əziyyət çəkmədim. Oturduğum yerdən, qəbiristanlığın kənarındakı mişar daşlarının üstündə döşəkcə qoyub oturmuş ahıl bir kişini gözaltı eləyirdim. Əlindəki qara cildli balaca kitabdan başa düşdüm ki, bu ahıl kişi molladır.

İsti havada başına qoyduğu buxara papaq, boğazlı köynək də onun molla olduğunu ələ verirdi. Bir siqaret yandırıb mollanı müşahidə etdikcə, onun arxayın oturuşundan başa düşdüm ki, molla əminin "müştəri" problemi yoxdur. İlk müştəri yaxınlaşan kimi mollanın çiçəyi çırtladı. Sevincək "müştəri" ilə salamlaşıb, bir-iki dəqiqə söhbətləşdi və sakitcə "müştəri"nin göstərdiyi məzarın üstünə yollandı. Asta-asta onun kal səslə oxuduğu "Yasin" surəsini dinləməyə başladım. Gözümün qabağına uşaqlığım gəldi. Bir anlıq başqa bir aləmə düşdüm və sanki mollanın kal səslə, təcvidsiz oxuduğu "Yasin" surəsini deyil, Abdulbasit Abdulsəmədi dinləməyə başladım... Abdulsəmədin inasanı başqa aləmə aparan, ruhaniyyətə bürüyən avazı qulağıma gəldi. Dodağımın altında "Yasin" surəsini təkrarlamağa başladım və başa düşdüm ki, mollanın təkcə avazı pis deyil, o həm də "Qurani-Kərimi" səhv oxuyur...

"Yasin" surəsini molla yarıda kəsib "Fatihə" verdi... Qeyri-iradi olaraq dodaqaltı "Fatihə"ni vird eləməyə başladım.

İslamdan bixəbər Molla İsmayıl

"Müştəri" mollanın cibinə pul basıb uzaqlaşan kimi, özümü tələsik mollaya yetirdim.

-Salam, necəsiniz?

-Sağ ol, oğlum, yaxşıyam.

-Söhbətləşə bilərik? Dinimizlə bağlı bir-iki sual verəcəm.

-Sən kimsən ki?

-Tanış olaq, mən jurnalistəm. Adım da Cəlil.

-Mən də mollayam, adım İsmayıldır. İsmayıl əmi deyə bilərsən.

-İsmayıl əmi, bir müsəlmanın dəfn prosesi necə həyata keçirilir?

-Əvvəlcə qüsul verirlər, kəfənə bükürlər, namazını qılırlar və qəbrə qoyurlar.

- Sadəcə bunlar? Meyidə qüsulu kim verməlidi? Bunun üçün xüsusi mürdəşirə ehtiyac varmı?

-Hər bir müsəlman dünyasını dəyişmiş müsəlman qardaşına qüsul verməlidir. Bu bizim borcumuzdur və dinimizdə savabdır.

-Qüsulun xüsusi duaları var?

-Var, amma mən bilmirəm.

-Niyə, siz molla deyilsiniz?

-....

- Bəs cənazə namazı necə qılınmalıdır? Gündəlik namazlar kimi, yoxsa xüsusi qaydalar var?

-Xüsusi qaydası var. Meyidi üzü qibləyə qoyub namazını qılmaq lazımdır.

-Qaydalarını deyə bilərsiniz?

-Yox, kitabdan oxuyub öyrənə bilərsiniz.

-Kimlər qıla bilər cənazə namazını?

-Molla qabaqda dayanır, camaat da arxasında dayanıb təkbir – "Allahu-əkbər" deyir

-Belə qısa olur cənazə namazı?

-Hə...

-Dəfn zamanı məzar necə qazılır?

- 4-5 kubik uzununda(?)

-Xüsusi ölçüsü yoxdur?

-Bilmirəm...

-Dəfn zamanı hansı dualar oxunur?

-Oxuyurlar da... Hər molla bildiyi duanı oxuyur.

-İsmayıl əmi, məzar daşlarına münasibətiniz necədir? Müsəlmanın məzarı bu qəbiristanlıqdakı kimi təntənəli ola bilərmi?

-Hər yerdə bir cürdür. İslamda belə qəbirə icazə vermirlər. Bu böyüklükdə-yaxınlıqdakı təmtəraqlı məzar daşını göstərir-daş qoymaq haramdı. Amma hər xalq öz adət-ənənəsinə görə düzəltdirir qəbiri. Bizim də xalqın adət-ənənəsi budur.

-Siz insanlara bu işin yanlış tərəfini başa salırsınız?

-Deyirəm deməyinə. Amma qulaq asan var, bəyəm?

-Bu gün İslamda xüsusi əlamətdar gün olmasa da, siz burda dayanmışınız və sizə "Yasin" oxutduranlar var. Qəbirstanlıqda "Yasin" oxumaq İslam adətlərinə daxildir?

-Bilirsən, bütün mərhumların qohumu olan şəxslər öz ölüsünün ruhuna hədiyyə göndərmək istəyir. Bunun müxtəlif formaları var. Ya zəkat, ya ehsan, ya da "Yasin" surəsi. "Qurani-Kərim"in döyünən qəlbi "Yasin" surəsidir. Bunu peyğəmbərimiz deyib.

-"Qurani-Kərim" oxumaq üçün xüsusi təhsil almısınızmı? Bəziləri deyir ki, bizim mollalar çox savadsızdır...

-"Yasin" oxumaq üçün xüsusi təhsil olmasa da olar. Amma üzündən oxumağı öyrənmək lazımdır. Mən də öyrənmişəm. Şübhəsi olan oxutmasın.

-Siz harada təhsil almısınız?

-Mən atamdan öyrənmişəm. Atam molla olub.

-Gün ərzində neçə nəfər "Yasin" oxutdurur sizə?

-Nə bilim. Müraciət edən olur da... Məcbur deyil ki...

-Bu işə görə pul alırsınız?

-Hə, 1-2 manat alıram. Elə adam var ki, çox da verir.

-Sizin burdakı fəaliyyətinizə mane olan var?

-Bilirsən, mən ancaq "Yasin" oxuyuram. Heç kəsə tabe deyiləm. Kasıbçılığımı edirəm.

-İsmayıl əmi, bir söz deyim. Bayaq dinlədim, "Yasin" surəsini səhv oxuyurdunuz...

-Sən hardan bilirsən ki?

-Bu sahədə təhsilim var. Quran hafiziyəm. Mənə öyrədiblər ki, "Qurani-Kərimi" səhv oxumaq günahdır.

-...

-Elə deyil, İsmayıl əmi?

-Bacıoğu, çıx get kasıbçılığımızı eliyək də...

-Çox sağol, Molla İsmayıl. Amma mollalıq edirsinizsə, cavabını bilmədiyiniz sualları öyrənin. Günaha batırsınız...

-Get, qurban olum, get. İncitmə məni.

Bu dəfə Molla İsmayıl başını aşağı dikib, ayaqqabısının burnuyla torpağı eşirdi. Çox dayansam, nə isə problem yarana biləcəyindən ehtiyat elədim. Bir siqaret yandırıb, sakitcə Badamdar qəbirstanlığından uzaqlaşdım.

Cəlil CAVANŞİR

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm