• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Təzə bazar”ın qara günü: Yeni il gəlir, müştəri yox - Foto

“Təzə bazar”ın qara günü: Yeni il gəlir, müştəri yox - Foto

Yeni il yaxınlaşdıqca qiymətlərdə artım müşahidə olunur.

Alışdığımız bayramqabağı bahalaşma bir ənənə halını alaraq bu il də özünü göstərməkdədir. Artıq Yeni ilə təxminən iki həftə vaxt qalıb. Satıcıların isə dərdi başqadır. Bayram yaxınlaşsa da, müştəri yaxınlaşmır.

Sadalanan məsələlərlə bağlı paytaxtın ən iri bazarlarından olan “Təzə bazar”da olduq və qiymətlərlə maraqlandıq. Bazarda qiymətlərdə artım müşahidə olunsa da, hələ ki, elə də ciddi bahalıq hiss olunmur. Satıcılar isə deyir ki, müştəri yoxdur, ona görə də artım yoxdur.

Asif adlı satıcının sözlərinə görə, az qala hər yaşayış binasının yaxınlığında açılan marketlərin ucbatından bazara üz tutmurlar: “Əvvəllər belə deyildi. İndi bazara gələn yoxdur. Çünki indi marketlər var. Qiymətlər bazar qiymətlərindən baha olsa belə, müştəri marketə üz tutur. Bazara baxan yoxdur. Bayrama 15 gün qalsa da, gördüyünüz kimi, müştəri tək-tük gözə dəyir. Buna görə də bazarda qiymətlərdə elə də ciddi artım yoxdur. Bazarın bir üstünlüyü də var: market məhsulun bir növünü satır. Ancaq bazarda isə bir məhsuldan 50 növ var. Həm də biri baha satanda, biri ucuz satır”.

Qiymətlərlə maraqlandıq. Ətin qiymətində bahalaşma yoxdur. Qəssab Vaqif kişi deyir ki, ətin qiyməti elə olduğu kimi qalıb: “Sümüksüz əti 8 manata, sümüklü əti isə 7 manat əlli qəpiyə satırıq. Bahalaşma yoxdur”.

Digər məhsullardan - xiyar 2 manat, pomidor 3, badımcan 3, bibər 3, soğan 80 qəpik, lobya 2 manat, kartof 0,90-1 manat, kələm 70 qəpik, kök 1 manat 50 qəpik, çuğundur 1 manat 20 qəpik, portağal 5 manat, kivi 4 manat, armud 3-4 manat, nar 3-4 manat, üzüm 4-6, heyva 3 manat, banan 2 manat 50 qəpik, ananas 4-5 manat, mandarin 2-3 manat, xurma 2 manat 50 qəpik, alma 1-6 manat, limon 40-90 qəpikdir. Çərəzlərdən qoz ləpəsinin kilosu 10-12 manat, fındıq 9-11 manat, badam 11 manat, kişmiş 6-8 manat, ərik qurusu 7-9 manat, gavalı 8-11, alça 8-12, şabalıd 5-8 manatdır.

Bahalaşma əsasən meyvə-tərəvəzin qiymətində və çərəz məhsullarında hiss olunur. Adının çəkilməsini istəməyən tərəvəz satıcısı deyir ki, meyvənin artımında qeyri-adi heç nə yoxdur: “Hər bayramda olduğu kimi bu il də meyvə-tərəvəzin qiymətində artım var. Artım 0,5-1 manat arası dəyişir”.

Başqa satıcılardan fərqli olaraq ixtisasca iqtisadçı olan Vaqif kişi deyir ki, bazarın “ölməyinə” səbəb yerli məhsulların Rusiya bazarına çıxarılmasıdır: “Bütün dünya Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya bazarında ancaq bizim məhsullardır. İndi bütün rayonlardan olan sahibkarlar öz mallarını “Təzə bazar”da yox, Moskva bazarında satmağa can atır. Ona görə də yerli mallar bazara az çıxarılır. Bundan sonra bazarda qiymət artımı görsəniz təəccüblənməyin”.

Yeni ilə yaxın günlərdə, əsas tələbat olan yağ, şəkər tozu, düyü, balıq, çərəzlər, yumurta və meyvə-tərəvəzin qiymətində də bahalaşma istisna olunmur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR